Putinin səfərində Qəbələ müəmması

Bakıdakı görüşlərin davamı barədə niyə məlumat verilmədi? 

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı diqqət çəkən məqamlardan biri də onun Heydər Əliyevin məzarını ziyarət etməməsi oldu. Doğrudur, bu rəsmi səfər deyil, işgüzar səfər idi. Protokol qaydalarına görə, yalnız xarici ölkə başçılarının Azərbaycana yalnız rəsmi səfərləri zamanı Heydər Əliyevin məzarını ziyarət etməsi mütləq hesab edilir. Işgüzar səfərdə isə bu tərəflərin razılığı əsasında baş tutur.

Xüsusilə, münasibətlər sıcaqdırsa, işgüzar səfərlərdə də bu qaydaya riayət edilir. Əliyev-Putin görüşündə birinci Rusiya ilə Azərbaycan münasibətlərinin dinamik inkişafından danışırdı. Bu halda əlbəttə ki, Putin işgüzar səfərə gəlsə belə, “dost və qardaş” ölkənin “əklil qoyma mərasiminə” qatılmaması diqqət çəkməyə bilməz. Əldə etdiyimiz məlumatlara görə, Azərbaycan tərəfi Heydər Əliyevin məzarını ziyarəti protokola salmaq istəyib. Lakin son anda fikirdən daşınıblar. 

Putinin səfərində başqa bir məqam isə Qəbələdəki görüşlə bağlıdır. Bakıdakı təmaslar Qəbələdə davam etdirilməli idi. Rusiya prezidentini müşayiət edən şəxslərin bir hissəsi Qəbələyə yola düşməli idi. Lakin sanki bu baş verməyib. Yəni, Qəbələdə baş verənlər barədə heç bir məlumat verilmədi. Görünür, Bakıda gərgin keçən danışıqları Qəbələdə yumşaltmaq olmayıb.