Milli Şuranın mitinqi Bayılda olacaq

Demokratik Qüvvələrin Milli Şurasının mitinqi avqustun 18-i, saat 17:00-da Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin stadionunda keçiriləcək. Aksiyanın əsas şüarı azad və ədalətli seçki şəraitinin yaradılmasıdır.
Dünən Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 18 avqust mitinqi ilə bağlı müraciətinə cavab verib. BŞIH-in şöbə müdiri Zaur Ramazanov deyib ki, meriya aksiyanın keçirilməsi üçün 20-ci sahədəki sürücülük məktəbinin meydançasını təklif edib.
Onu da qeyd edək ki, Milli Şura paytaxt meriyasından mitinq üçün dörd yerdən birini istəmişdi: “Dərnəgül” metro stansiyasının qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısındakı meydan, “Nərimanov” metro stansiyasının qarşısındakı meydan və 20-ci sahədə sürücülük məktəbinin meydançası.
“Avqustun 18-də keçiriləcək mitinq üçün ayrılan yerlə bağlı ciddi narazılıq yoxdur”. Bu açıqlamanı Milli Şuranın mitinq komitəsinin üzvü, AXCP sədrinin müavini Asəf Quliyev verib. A.Quliyev bildirib ki, Milli Şuranın mitinq komitəsinin son iclasında aksiyanın texniki tərəfləri müzakirə olunub və təbliğat işinin gücləndirilməsinə dair tapşırıqlar verilib.
A.Quliyev Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən ayrılan yerlə bağlı da müzakirə apardıqlarını deyib: “Bakı Şəhər Icra Hakimiyyətinə ünvanladığımız məktubda Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin stadionu da təkliflər sırasında olduğundan həmin yerin ayrılmasına etiraz etmədik”. A.Quliyev mitinq üçün məhz həmin yerin ayrılacağını əvvəlcədən düşündüklərini də söyləyib.
Müsavat Divanının üzvü Ikram Israfil isə bildirib ki, aksiyaya hazırlıq barədə son məlumatlar bu gün saat 12-də ACP-nin qərargahında keçiriləcək iclasda açıqlanacaq.

İnformasiya şöbəsi