Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 18 avqust mitinqi ilə bağlı müraciətinə cavab verib. Avqustun 16-da “Media forum” saytına danışan Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanov deyib: “Razılaşdırılmış aksiya keçirilməsi üçün bizə edilən müraciətə cavab verilib. Aksiyanın 20-ci sahədəki sürücülük məktəbinin meydançasında keçirilməsi təklif olunub”.
18 avqust mitinqi azad və ədalətli seçki şəraitinin təmin olunması tələbi ilə keçiriləcək. Paytaxt meriyasından avqustun 18-də saat 17-dən 20-dək keçiriləcək mitinq üçün dörd yerdən biri istənmişdi: “Dərnəgül” metro stansiyasının qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısındakı meydan, “Nərimanov” metro stansiyasının qarşısındakı meydan və 20-ci sahədə sürücülük məktəbinin meydançası.