“Demokratik Qüvvələrin Milli Şurasının avqustun 18-də keçirəcəyi aksiyaya hazırlıq işləri sürətlə gedir”. Bunu “Media forum” saytına Müsavat Divanının üzvü İkram İsrafil deyib. Mitinq komitəsinin avqustun 16-da iclas keçirdiyini bildirən İkram İsrafil qeyd edib ki, aksiyaya hazırlıq barədə son məlumatlar mətbuat konfransında veriləcək: “Mətbuat konfransı avqustun 17-i saat 12-də Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək”.
Milli Şuranın Bakıda, 20-ci yaşayış sahəsində keçirəcəyi aksiyada azad və ədalətli seçki şəraiti tələb olunacaq.
***
Milli Şuranın mitinq komitəsi toplanıb
Avqustun 15-də Milli Şuranın Mitinq Komitəsinin genişləndirilmiş toplantısı keçirilib. Toplantı Milli Şuraya daxil olan siyasi qüvvələrin – AXCP, ACP, “EL” Hərəkatının, ALP, KXCP və Müsavat Partiyasının Bakı şəhəri və Abşeron rayonu uzrə yerli təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilib. Demokratik qüvvələrin 100-dən artıq fəalının qatıldığı iclasda təşkilatın 18 avqust mitinqinə hazırlıq səviyyəsi müzakirə olunub. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev təşkilatın mitinqlə bağlı qərarlarının mahiyyəti və mitinqə hazırlığın gedişiylə bağlı çıxış edərək, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.