Bakıda 1000-dən çox mənzil və obyekt yerlə-yeksan edildi

Kamal Hüseynov: «Bizi aldatdılar…»

Paytaxtın Sabunçu rayonu ərazisində Böyük Şor yaşayış massivinin yaxınlığında tikilən Olimpiya stadionuna görə 1000-ə yaxın mənzil və obyekt yerlə-yeksan edildi. Ev sahiblərinə isə bazar qiymətlərindən qat-qat aşağı kompensasiya verildi.

500-800 manat kompensasiya

Ötən gün sözügedən ünvana baş çəkdik. Ərazidə mənzil sahiblərindən daha çox fəhlələr gözə dəyirdi. Onlar “KAMaz” və “QAZel”lərə taxta-şalbanları yükləyir, daşları isə bir yerə yığırdılar. Söhbət zaman məlum oldu ki, ərazini təmizləmək üçün onlara bir həftədən də az vaxt verilib. 

Əksər fəhlələri söküntü işlərinə rəhbərlik edənlər gətiriblər. Ancaq elə mənzil sahibi var ki, evlərinin daş-kəsəklərini özlərilə aparmaq istəyirlər. Deyirlər ki, məcburiyyət qarşısında bu addımı atırlar: “Bizə o qədər az kompensasiya verildi ki, o pulla heç bir yerdə ev almaq mümkün deyil. Məcbur olub daşları, taxtaları özümüzlə aparırıq ki, torpaq alıb ev tikək.

Dövlətin ayırdığı pulu bizə vermədilər. Burada elə ailələr var idi ki, onların mənzillərinin sahəsi 20 kvadrat metr idi. Bu evdə pis də olsa, yaşayırdılar. Bu, onun üçün böyük bir saray idi. Ancaq verilən pula heç yerdə torpaq sahəsi ala bilməyəcək”.

Sakinlər deyir ki, onlarla kompensasiya söhbəti eləyənlərin kim olduğunu bilmirlər: “Nə özlərini təqdim etdilər, nə də sənəd göstərdilər. Yalnız qiyməti deyib getdilər. Əvvəlcə Nəqliyyatın işçiləri gəlmişdilər. Sonra başqaları qiymət verdilər. Ilham Əliyev dəfələrlə çıxışında deyib ki, yerindən asılı olmayaraq, hər bir mənzil sökülərsə, onun hər kvadratmetrinə 1500 manat pul verilməlidir. Bunu da bizə çox gördülər”.

Sakinlər onu da qeyd etdilər ki, onlara verilən kompensasiyalar fərqlidir. Kimisinə hər kvadrat metr üçün 500, kimisinə 800, başqa bir qrupa isə 1000 manat ödənilir.

“Əşyalarımızı daşımaq üçün bizə heç bir həftə vaxt verilmədi”

Sakinlər evlərinin sənədlərinin olmamasına da münasibət bildirdilər: “Buradakı evlərin sənədləri olmasa da, tikilən zaman icazə arayışlarımızı almışıq. Burada 1000-dən çox ev və obyektin tikilməsindən mümkündürmü ki, hökumətin xəbəri olmasın? Bu heç cür mümkün deyil. Hər kəs bilib – bələdiyyə, sahə müvəkkili, icra hakimiyyəti. Buna görə də sənəd almışıq”.

Gülnar Hüseynovanın evinin sahəsi 174 kvadrat metr olub. Evi söküləndən sonra ona cəmi 138 min manat kompensasiya verilib: “Bu pulla nə etmək olar? Burada heç kim kvadratı 1500 manatdan kompensasiya ala bilmədi. Bir neçə ailə var ki, kompensasiyanı 1020 manatdan hesablatdıra bilib. Qalan hər kəsə az pul ödənilib”.

Hikmət Abdinovun mənzilinin sahəsini 600 manatdan hesablayıblar. 218 kvadrat metr olan evə 132 min manat pul ödəyiblər. O, etiraz edərək bir neçə dəfə Prezident Administrasiyasına, Bakı Şəhər Icra Hakimiyyətinə, Nazirlər Kabinetinə müraciət edib. Ancaq heç bir nəticəsi olmayıb: “Əşyalarımızı daşımaq üçün bizə heç bir həftə vaxt verilmədi. Dedilər ki, bir günə köçməlisiniz. Məcbur olub köçürük”.

Evləri sökülən sakinlərin bəziləri kirayələrə, bəziləri isə qohumlarına pənah aparıblar. Ancaq elə ailələr də var ki, aldıqları puldan özlərinə mənzil ala biliblər.

Nizami adlı sakinin sözlərinə görə, evinin sahəsi 135 kvadrat metr idi. O, bu mənzili üçün kvadratı 650 manatdan kompensasiya alıb: “Verilən pulla təzə tikilən binalarda təmirsiz ev aldım. Üç-dörd aya təmir edib köçəcəm ora. Başqa cür edə bilməzdik. Çünki pul o qədər az idi ki, ona yalnız təmirsiz mənzil almaq olardı”.

Məsələ Avropa Məhkəməsi müstəvisinə çıxarılacaq

2 mərtəbəli evin sahibi Kamal Hüseynovun mənzilinin sahəsi 347 kvadart metr olub: “Hər iki mərtəbəsi təmirli olan, həyətdə hamam, tualet, bağ-bağçanın hamısına birlikdə 160 min manat kompensasiya verildi. Bunu necə hesabladılar, hansı sərəncama əsasən bu qədər məbləğ ödədilər, bu barədə heç kimə heç nə deyilmir. Bizə bir il öncə deyilmişdi ki, hər bir ailəyə 1500 manatdan kompensasiya veriləcək. Indi isə bizi aldatdılar”.

Yol kənarında üç obyekti olan Tahir adlı sahibkar 110 min manat kompensasiya ödənildiyini deyir. Bu məbləğin onun qane etmədiyini deyən müsahibimiz söyləyir ki, bütün işi iflic olub: “Neçə gündür müştərilər zəng edib, mal istəyirlər. Işim iflic olduğu üçün heç nə edə bilmirəm. Inşaat materiallarını dost-tanışın dükanlarına yığmışam. Hər şey bərbad olub. Bir neçə yerdə özümə dükan almaq istədim. Məlum oldu ki, mənə verilən pulla şəhərdə dükan ala bilmərəm. Məcburam ki, ”Binə” Ticarət Mərkəzində özümə dükan alım”.

Mənzil sahibləri deyir ki, onlara verilən kompensasiyanı məcburi şəkildə alıblar. Ancaq bir neçə ailə var ki, Avropa Məhkəməsinə üz tutacaq.

Ramin DEKO