Hakimiyyət Kremlə qarşı əvvəlki təbliğatından niyə imtina edib?

Fuad Qəhrəmanlı: «Iqtidarın Rusiyaya qarşı əvvəlki ritorikasından imtina etməsi müəyyən razılaşmanın olmasından xəbər verir»

 Hələ bir müddət əvvəl hakimiyyət yetkililəri Rusiyanın Azərbaycana ciddi təhdid yaratdığı ilə bağlı geniş təbliğat kampaniyası aparırdılar. Hətta ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti Azərbaycanın Şimal və Cənubdan üzləşdiyi təzyiqlər üzündən əzilən sendviçə bənzətmişdi.

Digər hakimiyyət nümayəndələri isə Rusiyanın imperialist maraqlardan çıxış edərək Azərbaycanın müstəqilliyinə ciddi təhdid yaratdığını vurğulamışdı. Amma nədənsə bu hədə dolu bəyanatlar Putinin Azərbaycana səfərindən dərhal sonra unuduldu və hakimiyyət yetkililəri iki ölkə arasındakı münasibətlərin önəmliliyini vurğulamağa başladılar. Nə dəyişib ki, hakimiyyət təmsilçiləri siyasi ritorikalarına yenidən baxış keçirərək, mövqelərində kəskin dəyişiklik ediblər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Rusiya Azərbaycan münasibətlərində artan gərginlik rəsmi Bakını ciddi narahat edirdi. F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan hakimiyyətini xüsusilə qarşıdan gələn prezident seçkilərinin taleyi düşündürürdü. Hesab olunurdu ki, Rusiya Azərbaycandakı siyasi proseslərə təsir imkanlarından yararlanaraq seçkilərə təsir edə bilər: “Bundan əvvəl istər enerji nəqli, istərsə də təhlükəsizlik məsələlərində Azərbaycanın Qərblə əməkdaşlığı Rusiyanı ciddi narahat edirdi. Eyni zamanda Azərbaycan hakimiyyətinin də ciddi narahatlığı var idi ki, Kreml prezident seçkilərində Bakıdan olan narazılığının əvəzini çıxa bilər. Ona görə hakimiyyət Rusiya əleyhinə bəyanatlar verməklə ona nail olmağa çalışırdı ki, əgər Kreml ilə münasibətləri düzəltmək mümkün olmayacaqsa, o zaman heç olmasa Qərbin dəstəyini almağa nail olunsun”.

Xeyli vaxtdır Azərbaycan hakimiyyəti ilə Rusiya arasında intensiv dialoqun getdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Putinin səfərindən sonra hakimiyyətin ritorikasının dəyişməsinin səbəbi, görünür, müəyyən güzəştlər hesabına Rusiyanın Azərbaycana münasibətdə neytrallığına nail olmaqdır. “Güzəştlərin nədən ibarət olduğu, hansı məqamların razılaşdırıldığı isə cəmiyyətə məlum deyil. Sadəcə olaraq iqtidarın Rusiyaya qarşı əvvəlki ritorikasından imtina etməsi hansısa razılaşmanın olmasından xəbər verir”,- deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal