İcra başçısı “kəşf” etdi

Məhkəmələr müstəqildir, onların işinə qarışa bilməz?!

Siyəzən rayon Yenikənd sakini Elmar Arif oğlu Səfərovun problemi mülikiyyətinin qanunsuz olaraq əldən çıxması və öz hüququnu bərpa edə bilməməsi ilə bağlıdır. Şikayətçi bildirir ki, 2011-ci ilin noyabrında beş motorlu taxta qayığı və iki yapon istehsalı olan motorları notarius imzası sənədlə Səfərov Iftixar Süleyman oğluna satıb. Razılaşma belə olub ki, alıcı pulunu 2012-ci ilin apreldə verəcək. Ancaq o, vədini yerinə yetirmir. Aldandığını görə E.Səfərov məhkəməyə üz tutur.

2012-ci ilin sentyabrda məhkəmə onun xeyrinə qətnamə çıxarır: “Qətnaməyə əsasən, cavabdeh 5520 manat va ya qayıq və motorlar saz vəziyyətdə təzə qaytarılmalı idi. Bu qərarla razılaşdıq. Bunu hamı bilir ki, 2 il dənizdə, şor suda işləyən taxta qayıq va motorlar əvvəlki vəziyyətdə ola bilməzdi. Icra işçiləri bizim iştirakımız olmadan guya baxış keçiriblər və bunları bizə götürməyi məcbur etmək istədilər. Motorların biri mənim deyildi, qayıq isə çürümüş halda, tam yararsız idi. Iş yenidən məhkəməyə qaytarıldı. Mahkəmədə I.Quliyev şifahi olaraq bildirdi ki, itən motorumun əvəzinə təzə, 2250 manat və qayıq tam təmir edilib yararlı vəziyyətdə mənə verilsin. Amma icra məmuru Elşən Məmmədov məhkəmə qərarına heç məhəl qoymayaraq israrla təkid etdi ki, mən materialları götürməliyəm, əks halda mənim başıma oyun açacaq”.

Şikayətçi bildirir ki, onunla bağlı məhkəmə qətnaməsinin icra olunmamasında yerli məmurlar maraqlıdılar, onlar öz mənafelərini güdürlər.

Elmar Səfərov bildirir ki, fevral ayında rayon icra başçısı Arif Qasımovla görüşüb. Başçı deyib ki, ora-bura şikayət etməyi dayandır, özüm bu işi həll edəcəyəm. Lakin bu istiqamətdə heç bir əməli addım atılmayıb. Bunu görən Səfərov 12 avqustda yenidən başçısının qəbuluna düşür. Bu dəfə isə başqa söz eşidir: “O mənə dedi ki, məhkəmələr müstəqildir, mən onun işinə qarışa bilmərəm. Başa düşmürəm, məhkəmələr son 5-6 ayda müstəqilləşdi, ya başçı onların müstəqil olmağın yenicə öyrənib?”.

S.Novruz