Bəxtiyar müəllimin ruhu ilə söhbət

Bu millət içində dərdin, zillətin,

Ağrıyan yerinə əl qoya bilmir

Başının üstündə başqa millətin

Kölgəsi olmasa, yaşaya bilmir…

(B.Vahabzadə “Fəxriyyə”)

Kamil Vəli

Salam, Bəxtiyar müəllim. Bu gün sizin dünyaya gəldiyiniz gündür. Bu əziz günündə Allah bizə bir parça işıq, ümid göndərmişdir. Peyğəmbərlər və böyük insanlar Allahın yer üzünə göndərdiyi ən böyük hədiyyələrdəndir. Böyük insanların böyük də missiyası olur. Bəxtiyar müəllim, Sizin simanızda biz istiqlalın, azadlığın nə olduğunu anladıq. Sovetlərin qaranlıq çağlarında yazılmış “Gülüstan” poeması yasaqlanmış həqiqətlərin qapısını aralayan, millətin haqqının nə olduğunu gerçəkliyə qovuşduran bir haray oldu.

Bu il – Gülüstan sülh müqaviləsinin, başqa sözlə, bölünmüşlüyün, parçalanmağın 200-cü ildönümüdür. Bu bir bayram deyil, faciə tarixidir. 

Millət faciə tarixini bilməsə, onu olduğu kimi, səbəbləri və nəticələri ilə birlikdə təhlil edə bilməsə, onun gələcəyə yolu bağlanar, haqqa uzanan əli qırılıb yerə düşər. 

200 il əvvəl 1813-dən 1828-ə – Türkmənçaya uzanan 15 il, 50-60 illik mücadilənin ən ağır dövrüdür. 

Sovetlərin bayram kimi qəbul etdiyi bu faciə tarixinin üstündəki qara pərdəni milyonların gözü önündə yırtıb atan, o pərdə altındakı mənfur həqiqəti böyük ictimai fəlakət yönləriylə ortaya qoyan Siz oldunuz. Bu məsuliyyətli cümləni yazarkən Mirzə Cəlil və Əli bəy Hüseynzadənin, Sabirin və Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin və Üzeyir bəy Hacıbəylinin, Rəsul Rzanın və Elçibəyin və onun silahdaşlarının, Lətif Əsgərovun və Şamil Məmmədbəylinin, Xudu Məmmədovun və Süleyman Əliyarlının, Sabir Rüstəmxanlının və Cəmil Həsənlinin, bu adlarda simvollaşan minlərlə şəhidin, qazinin xidmətini, tarixi roluna zərrə qədər də xələl gətirmək, etinasızlıq göstərmək cəhdindən çox uzağam. Bu böyük insanların bir qismi Sizin müəllimləriniz, bir qismi də tələbələriniz olmuşdur. 

Amma məhz Sizin Şəkidə bölgə qəzetində çap olunmuş “Gülüstan”ınız uzaq və yaxın tarixi yaddaşı diriltdi, ona ictimai vüsət verdi. 

Adı bilinməyən elə qəhrəmanlar var ki, onlarsız tarix tarix ola bilməz. 

Siz dərslərinizdə şeir məntiqi ilə danışmağı, qanadlı üslubla danışmağı sevməzdiniz. Sizin dərsləriniz tarixin iç üzünü açmağa yönəlmiş ittiham idi. Şair ürəyindən süzüldüyü üçün o ittihamlar kifayət qədər idi, sərt qəzəb və həyəcan dolu idi. Şair, tarixi təhlil edərkən həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyarkən Sovetlərin qırmızı cizgilərini basıb keçməyə məcbur idiniz. “Kül olsun o millətin başına ki, faciəsinin 150 illiyini bayram kimi qeyd eləməyə məhkumdur” cümləsi universitet auditoriyasının divarlarını aşıb keçən siyasi ittihamın etirazı idi. 

Yüzlərlə tələbənin minlərlə gəncə çevrilməsi tarixi olduğu kimi alqılamaqdan başlayır. Bu qığılcım olmasa, böyük yanğın ola bilməzdi. Haqqı bilmədən mücadilə imkansızdır.

Tarixin maskalandığı, rənglənib çəhrayı rəngə boyandığı, həqiqətin yasaqlandığı zaman yuxarıda vurğuladığımız o haraya ehtiyac hava-su qədər əhəmiyyətli idi. 

Bəxtiyar müəllim, Siz mühakimə edənlə mühakimə olunanın yerini dəyişdiniz və bununla yeni başlanğıcın təməlini qoydunuz. Sizin sonrakı ədəbi həyatınız, siyasi mənliyiniz, müəllim şəxsiyyətiniz müstəqillik adlı mücadilənin ayrı-ayrı səhifələridir. Bu səhifələr tariximizin öz şərəf və ləyaqətini geri almaq uğrunda başladığı mübarizənin təməl nöqtəsidir. 

Millətin tarixi biristiqamətli və biranlamlı deyil. Yaşanan böhranların və sıxıntıların səbəbləri də çoxdur. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yaşadığı ağır dövr demokratiyanın və hüququn oturuşabilməsi, yerləşməsi ağrı və sancılarıdır. 

Siz üfüqdə Günəşi arayırdınız və o Günəşi də tapdınız. Qara buludların yaşatdığı ağrıların, acıların önünü almaq, demokratiya və hüququn yaşamaya məhkum edildiyi kataklizmlərin önünü kəsmək artıq başqa bir missiyadır. Bu missiyada Sizin şair mənliyinizin, ağsaqqal mövqeyinizin rolunu inkar etmək olmaz. 

Ancaq bu ağır proses istiqlal savaşının özü qədər ağır və mürəkkəbdir. 

Sizin son şeirləriniz bu keşməkeşli durumun çözümü yolunda əndişələrinizi, arayış və düşüncələrinizi ehtiva etməkdədir. Bu günlərdə yaşadığımız problemlər sərvət dünyası ilə demokratiyanın, Sovetlərin Avrasya adlı bərpa proqramının ziddiyyətlərinin yaşandığı ağır bir dövrdür.    

Ustad, bu ağır sınaqdan çıxacağıqmı, çıxmayacağıqmı bilmirəm. Bir tərəfdə zalım, qəddar, öz xalqından başqa heç nəyə, heç kimə qalib gəlməyən iqtidar. O biri tərəfdə biçarə, zavallı xalq, Vətən yarası, haqq-hüquq və keçim yarasına qarışmış ağrılı, üzgün xalq. 

Bir tərəfdə mənfəətini hər şeydən üstün tutan demokratiya dəllalları, o biri tərəfdə “köhnə hamam, köhnə tas” məntiqiylə düşünən Yeni Avrasyaçılar, yəni SSRI-pərdazlar, başqa bir tərəfdə müqəddəs inancımızı boşa çıxaran, qardaşlarımızın dilini yasaqlayan din dəllaları…

Dairə daraldıqca Azərbaycan boğulur. Etnik çəkişmələrə zəmin hazırlanır, rüşvət-korrupsiya sınır-sərhəd tanımır. 

Qasım bəy Zakir demişkən “Fisqü ficir həddən aşıb Şişədə…”

Bəs çarə yoxdurmu, Bəxtiyar müəllim? 

Müstəqilliyimizin başında oynanan bu oyunların çıxış yolu yoxdurmu, ustad?! 

“Vətəni sevmək imandandır” buyurub Peyğəmbərimiz. Ancaq Vətəni Vətən eyləyən haqdır, ədalətdir, düzlük, doğruluqdur, seçib-seçilmək azadlığıdır, Vətənin sərvətini insafla, dinlə, vicdanla paylaşmaqdır. 

200-300 manatla yaşamağa məcbur olan həkim, professor, dosent, əməkliyə çıxmış ziyalı necə yaşasın, Bəxtiyar müəllim?!

Torpağın bütövlüyünü də, tarixin şərəfini də qoruyan millətdir. Bu milləti Stalin metodları ilə budamaq, hissə-hissə öldürmək, qisim-qisim qaçırmaq, parça-parça əxlaqsızlaşdırmaq Sizin söylədiyiniz Milllətin, uğrunda minlərlə şəhidin həlak olduğu şəhidin, qazinin yenidən ölümü, yox olması demək deyilmi?

Sizin böyük ruhunuz çox gözəl bilir ki, hər şeyin bir sonu var. Sizin ruhunuz da, Məhəmməd Əminin, Elçibəyin ruhları da bu sonun qan və göz yaşları içində olmasını istəməz. Müstəqilliyimizin büllur qab kimi yerə düşüb parça-parça olması yalnız düşməni və düşmənin dəyirmanına su tökənləri sevindirər.

Beynəlxalq hüquq, insanlıq, ədalət quru sözə çevrilə bilirsə, siyasi oyunlar, şoular yalan adlı mənfurluğa xidmət edirsə, Gülüstanın, Türkmənçayın dərslərini unudanlar bu 40-45 milyonluq xalqın taleyi ilə, tarixi müqəddəratı ilə niyə oynayırlar?

Bu suallarla Sizin ruhunuzu incitmək istəmirəm, ustad. Mən çox gözəl bilirəm ki, bu dünyadan narahat gedən ruh o dünyada da rahatsızdır. 

Ümidimiz göydə Allah, yerdə Millətdir. 

Bu qaçınılmaz gerçəyi bizə Məhəmməd Əmin bəy, Elçibəy, Siz və sizin qələm qardaşlarınız, fikir dostlarınız öyrətdi. 

Bizim bir təbrizli dostumuz “Şəhriyar-Bəxtiyar” adlı CD hazırlayıb. Bu CD-ni dinləyəndə 200-250 illik mücadiləni bir daha yaşadım, dilimizin, türklüyümüzün dərinliklərinə vardım. Və ən qəribəsi bu oldu ki, Sizin üzünüzün doğmalığı, ikinizin də üzünüzdəki mənəvi və zahiri ekizlik dərin ümidsizlik içində məni silkələyib oyatdı. Mücadilənin bu gün də, sabah da olacağına, haqqın üzülməsinə, ancaq qırılmayacağına inandım, Bəxtiyar müəllim.

Tarix boyunca Azərbaycan mücadiləsinin başında duranlar əli qələmli, aydın insanlar olublar. 

Ustad, mən aydınlığın aydın adamda təcəlli etdiyinə inananlardanam. 

Bu inam və iman yolunda ruhunuz qarşısında baş əyirəm, ustad. 

P.S. Son günlərdə baş verənlər məni bu yazıya kiçik bir əlavə etməyə məcbur etdi. 

Yüksək təzyiqi olan adamların zaman-zaman yaşadığı bir vəziyyət, hal var. Sanki bir dibsiz, qeyri-müəyyən bir boşluğa düşürsən və bu ağrısı-filanı olmayan girdabın qeyri-müəyyən rəngindən, havasından çıxa bilməyəcəyini duya-duya içərindən qopa-qopa yerdən göyə sorulursan. Mən həyatımın üç gecəsində bu hissi, əlbəttə, başqa ölçülər içində yaşamışam. Qanlı 20 Yanvar gecəsində, Cəbrayılın alındığı 23 avqust gecəsində və Elçibəyin Bakıdan Kələkiyə getdiyi 17 iyun gecəsində. Bu gecələrdən birini də yaşamaq qismətdə var imiş: avqustun 13-dən 14-nə keçən gecə. 

Avqustun 13-də Putin Bakıya gəldi. Avqustun 13-dən 14-nə keçən gecə milli vicdanı, tarix və siyasət duyğusu olan hər kəs postmodern işğalı və hakimiyyət təslimçiliyini açıq-aşkar şəkildə duyub dərk etdi. O gecə Məhəmməd Əminin fəryadını eşitdim, Elçibəyin naləsini duydum. O gecə I Pyotrun, Stalinin bayram gecəsi idi. O gecə Türkiyə ürəyindən zərbə yedi. Demokratik dünya mənfəət, fayda üstündə qurduğu siyasətin faciəsini yaşadı. 

Ustad, bu qaranlıq gecədə səni xatırladım, sənin göz yaşlarını silməyə gücüm, taqətim çatmadı. Demək ki, hamısı bu imiş, ustad. Suda boğulan xalqın Putinə sarılmasının faciəsinin iç üzünü yaxın zamanda hər kəs açıq-aydın görəcək. Bu gecə bir mücadilə yolunun son gecəsi idi. Bu gecə Gülüstan anlaşmasının 200 illiyinə ən böyük ərmağan oldu. 

Sözün bitdiyi yerdə daha nə deyim, daha nə deyə bilərəm, ustad…

Allahdan başqa daha heç kəsə, heç nəyə ümid qalmadı. Əgər Allah da bizdən əl üzübsə… Duadan, sənadan başqa əlimizdən nə gəlir ki… 

Yenə də Allah böyükdür. Allahın bildiyi haqdır. Haqqa sığınaq, əziz müəllimim. 

Bu acılar içində bir həqiqəti də söyləməyə bilmirəm. Əgər boğulan əlacsız millət ilana sarılıbsa, bunun suçlusu, səbəbkarı yalnız öz xalqına qalib gəlmiş həris, dargöz iqtidar deyil. Biz hamımız suçluyuq, ustad. Biz, yəni mən, dostlarım, düşmənlərim, yaxınlarım, uzaqlarım. 

Demokratik dünyaya başsağlığı diləkləriylə pəncərəmdən Xəzərdə tək tənha dayanan zirehli rus hərbi gəmisinin önündəki Bakı, mənə məşum 20 Yanvar gecəsini xatırladır.  Postmodern 20 Yanvarın namərd və sinsi havası ağrısız xərçəng bəlası kimi içimə, zavallı Vətənimə çökür, ustad.