Böyük Quruluş BAXCasının katibləri

Eşitdiyimə görə, ötən seçkilərin birində ATƏT-in nümayəndələri adını çəkmək istəmədiyim bir Dairə Seçki Komissiyasının “müxalifət”dən olan xanım katibindən hansı  partiyanı təmsil etdiyini soruşublar. Xanım sualdan karıxanda usta komissiyaçılardan biri sağ qulağına “Böyük Quruluş” pıçıldayıb, digəri isə sol qulağına “BAXC”a deyib. Xanım iki qulağına söylənənləri birləşdirib “Böyük quruluş bağçası”nı – deyə cavab verib.

Bir xanım üçün acınacaqlı olmasa da, bir az gülünc vəziyyətdir. Şəxsin xanım olması vacib deyil, əsas ki, belə işlərə cəlb edilən hər hansı türkəsaya adamın başına oxşar əhvalatlar gəlir. Yəni xanımı sadəcə olaraq sitat kimi xatırladıq. Bir qədər məzəli görünən bu məsələ hələ o zamandan yadımda kədərli əhvalat kimi qalmışdı. Ən azı dünyanın inkişaf zirvəsindəki hakim zümrənin xalqı qəsdən nə qədər geriyə atdığının göstəricisi olduğuna görə. 

Hərçənd mövcud rejimin istifadə etdiyi həmin novruzəlilər, fatmanisələr internet əsrinin geniş imkanlarından kifayət qədər yararlanmış müasir vətəndaşlardır. Amma nə yazıqlar ki, sivil hallarında belə onlar Mirzə Cəlinin, Sabirin və digər sevimli ölməzlərin cahil və mağmın qəhrəmanlarından yalnız elə texnoloji cəhətdən fərqlənirlər. “Şüurda inqilab!” uğrunda çarpışan ötən əsrin vətənpərvər ziyalıları xalqın mənəvi oyanışını görmədən getdilər. Bədbinlik kimi çıxmasın, deyəsən, hələ də ölkəmizdə bunun işartıları ya yox kimidir, ya da mənim gözlərim zəifləyib. Mövzuya qayıtmağa məcbur olmasaydım bu barədə ürəyimi o ki var boşaldardım, amma məlum, söhbət seçkilərdən gedir. Gözlədiyimiz və kökləndiyimiz prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda bu kimi söhbətlərin gündəmə gətirilməsi yersiz sayılmaz yəqin. Bizi ondan nə qədər uzaq tutmağa çalışsalar belə, yaxın günlərdə bu taleyüklü hadisə ilə üz-üzə qalasıyıq.

Hər hansı hadisənin ən düzgün və obyektiv analizi müqayisədə üzə çıxır. Bu mənada indiyə qədər keçirdiyimiz seçkiləri digər ölkələrlə müqayisə etsək, bədnəzərə gələrik. Onda ötən seçkilərimizdən danışaqmı? Öz milli demokratiyamızın parlaq nəticələrindən dərs almaq bizcə pis olmazdı…      

Çoxillik seçki təcrübəmə əsaslanıb deyə bilərəm ki, Azərbaycanda bütün seçkilər necə başlayırsa, eləcə də bitir – sonlanır. Bütün bu hallarda “demokratiya boğuldu, qanunusuzluq baş alıb-getdi” deyənlərə adamın bir az yazığı gəlir, bir az da onlardan acığı gəlir. Ürəkdən deyirlərsə, ən çox da bu sadəlövhlüyə mat qalırsan. Sonra da istəyirsən hər kəsdən bir-bir soruşasan:

– Ay canım-gözüm xalqım və onun klassik müxalifəti, bəs siz nə gözləyirdiniz? Iqtidar namizədi Əliyevin və zaman-zaman seçkidən öncə seçilmiş deputatların seçki hüquqlarının pozulması barədə aktların, bəyanatların, teleqramların dolu kimi MSK-ya, ATƏT-ə, Avropa Şurasına yağmasınımı? Büdcə seçicilərinin adi qaydada pərdənin arxasına keçib həmin qaydada istədiyi adama yalnız bircə dəfə səs verməsinimi? Beynəlxalq müşahidəçilərin Tövlə kəndində Amerika kəşf eləməyinimi? Və daha xeyli bu kimi əfsanələrmi? Bəlkə seçkidə iştirak edən müxalif namizədlər xalqın səsini almalıydılar? Necə, hansı şəraitdə? Bunu məntəqələrin giriş qapılarında bütöv seçki günü “təsadüfən” rastlaşıb söhbət edən, siqarət çəkən, avtomibilinin yanında qurdalanan məmurların sərt nəzarəti altında qutuya yönlənən mağmın əhalidənmi gözləyirdiniz? 

Bilirsinizmi, o qutuların başında dayanan məntəqə komissiyalarının üzvləri kimlərdir? Bilirsiz, yaxud bilmirsiz, nə fərq edər ki? Bəs həmin adamlar həmin komissiyalara necə və haradan düşüblər? Vallah-billah, bunu heç özləri də bilmirlər və YAPdan savayı təmsil etdikləri partiyaları tanımırlar da. Tanışlığa ehtiyac da yoxdur, çünki bütöv Azərbaycanda hamı bir-birini tanıyır. Üstəlik, onbaşıların, yüzbaşıların, nə bilim daha nə başıların seçkiyə adam gətirmək öhdəliyindən, ailə-seçki komissiyalarının fəaliyyətindən hər kəsin xəbəri yox idimi, yoxdurmu? Həm də təkcə bunlar deyil, hakim zümrənin keçirdiyi görüşlər, yığıncaqlar, xalqa verilən şirin mesajların içindəki üstüörtülü “yumşaq” təhdidlər, “çal oynasın, vur çatlasın” göbək turneləri, “şansınızı bir daha sınayın” xeyriyyə reklamları və sairə seçki tragikomediyaları hər dəfə gözlərimizin önündə baş vermirmi? Indiyə qədər dəyişən bir şey oldumu? Dəyişiklik yoxdusa, təkrar soruşmaqdan özümü saxlaya bilmirəm. Bəs biz nəyə umuduq? Alça ağacında armud yetişməyinəmi? 

***

Bütün bunlara və öz əsəbi düşüncələrimə rəğmən bu dəfə hər şeyin xalqın ürəyincə olacağına çox inanıram, çünki buna inanmaq zorundayıq…