Bakıda partiya qərərgahı söküləcək

BAP sədri xaricdən sığınacaq istəyəcək

Böyük Azərbaycan Partiyasının qərargahı söküləcək. Bu barədə partiyanın sədri Elşad Musayev “Azadlıq”a xəbər verib. O bildirib ki, Böyükşor qəsəbəsində yerləşən qərərgahın söküləcəyi ilə bağlı ona xəbərdarlıq edilib. Amma partiya sədri qərargahın sökülməsinə icazə verməyəcəyini deyir. “Hər kvadrat metrə 700-1020 manat arasında kompensasiya təklif edirlər.

Amma mən bu pulla razılaşmıram. Mənimlə heç kim danışığa gəlmir. Qazı, işığı, telefon xəttini də kəsiblər. Bu vasitələrlə bizi yerimizdən çıxarmaq istəyirlər. Amma bununla bizi qorxuda bilməyəcəklər”. 

E.Musayev deyir ki, partiyanın qərargahı ilə yanaşı onun ətrafında olan obyektləri də söküləcək. Söküntü “dövlət ehtiyacı” adı ilə aparılır. Partiya sədri deyir ki, qərərgahın və obyektlərinin söküntüsü ilə bağlı məhkəmə qərarı yoxdur. “Bu qanunsuzluqla bağlı dövlət başçısı Ilham Əliyevə müraciət etmişəm. Müraciətim Bakı Şəhər Icra Hakimiyyətinə göndərilib. Amma söküntü işlərini icra hakimiyyəti aparmır. Maliyyə Nazirliyində şöbə müdiri Cavanşir Yusifovun sədrliyi ilə komissiya yaradılıb. Onlar evləri qiymətləndirirlər, ”Azəryolservis” də həmin əraziləri sökür”. 

Partiya sədri onun razılığı olmadan qərərgahı sökəcəkləri halda ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edib xarici ölkələrdən sığınacaq istəyəcəyini bildirir. 

Məsələ ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə danışmaq istəsək də o, telefon zənglərimizə cavab vermədi.

Sevinc Vaqifqızı