AzTV dəyənək rolunu oynayacaq

Arif Əliyev: «Dövlət televiziyasının seçki kampaniyasına rəsmən qatılmaması absurddur»

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün ödənişsiz yer ayrılacaq kütləvi informasiya vasitələrinin (KIV) siyahısında dövlət televiziyasının (AzTV) yer almaması diqqəti çəkib. Telekanallardan yalnız Ictimai Televiziya prezidentliyə qeydə alınan namizədlərə ödənişsiz efir vaxtı ayıracaq.

Dövlət televiziyası rəsmən bu prosesdən kənarda qalsa da, hər seçkidə olduğu kimi bu dəfə hakimiyyət namizədinin, indiki halda dövlət başçısının təbliğatı, müxalifət namizədinin isə əks-təbliğatı ilə məşğul olur.  

Bu arada MSK KIV-ə müraciət edərək seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə, hər hansı bir namizədin lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının dərc edilməsi və yayımlanması qadağan edib. 

Dövlət televiziyası və rəsmi mətbuat seçki kampaniyası başlamadan müxalifətin potensial namizədinə qarşı kampaniyası apardığı təqdirdə digər KIV-ə hər hansı qadağa qoymaq, eyni zamanda AzTV-nin namizədlərə ödənişsiz vaxt ayırmaması nəyə nəyə xidmət edir?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədriÿArif Əliyev dövlət televiziyasının seçki kampaniyasına rəsmən qatılmamasını absurd sayır. Çünki bu dövlətin informasiya resursudur və onun seçkilər dövründə seçki materialları ilə bağlı fəaliyyəti mütləq tənzimlənməlidir. Seçki təbliğatına və əks təbliğatına imkan verən AzTV-nin kənarda qalması isə problemlər yaradacaq. 

Ekspertin sözlərinə görə, qanunvericilik təbliğat kampaniyasında iştirak edən namizədlərin və çıxışlarının yönləndirilməsi üçün müəyyən məhdudiyyətlər qoyur. Lakin bu məhdudiyyətlər yalnız seçilmiş namizədlərə aid deyil. Məhdudiyətlərin, prinsiplərin həyata keçirilməsinə nəzarət olunmur. Namizədin biri istədiyi formada öz təbliğatını aparır, efir vaxtından öz proqramının təbliğ edilməsi üçün deyil, yalnız rəqiblərinə qarşı hücumlar, digərlərinin vurulması üçün istifadə edir. Adətən bir neçə yalançı namizəd əks tərəfə qarşı hücuma keçir. Yalançı namizədlərin rolu da elə müxalifətin əsas namizədinə qarşı qara piar kampaniyası aparmaqdır. 

Ekspert namizədlərin çıxışları ilə yanaşı seçki dövründə dövlət informasiya orqanlarının seçkiyə aid materiallarının nəzarət altına alınmasını vacib hesab edir. Çünki bütün dövlət informasiya resurslarının üzərində hansısa bir namizədə qarşı qara piar kampaniyası aparmamaq, onu xüsusi hədəfə almamaq öhdəliyi var: “Ola bilsin hər hans informasiya resursuna pulsuz efir ayırmaq öhdəliyi qoyulmasın. Ancaq yenə də seçkilərə və namizədlərə münasibətdə bərabərlik prinsipini, balansı və digər tələbləri qorumaq öhdəliyi onun boynundadır. Bu mənada dövlət KIV-nin seçki dövründə fəaliyyəti çox ciddi nəzarət altında olmalıdır və ümumi prinsiplərə, tələblərə tabe etdirilməlidir”.

Fizzə