Fəzail Ağamalı: «Onun bizim partiyamıza daha heç bir aidiyyəti yoxdur»
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc partiyadan qovulub. Qərar partiya rəhbərliyi tərəfindən bu gün verilib. Bunu virtualaz.org-a açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, Zahid Oruc son açıqlamalarından sonra partiyadan kənarlaşdırılıb: “Xahiş edirəm ki, bundan belə Zahid Orucla bağlı bizim partiyamıza müraciət etməyin.
Onun bizim partiyamıza daha heç bir aidiyyəti yoxdur”.
Zahid Orucun məsələyə reaksiyası gecikməyib. O, bu barədə “Qafqazinfo”ya bildirib: “Partiya sıralarından azad olmağımı sual şəklində qoymaq olar və bir az obrazlı dillə desək, nida şəklində də qarşılamaq olar”.
Zahid Oruc deyib ki, bu ona daha azad, müstəqil şəkildə seçki kampaniyası aparmağa imkan verəcək: “Buna hörmətlə yanaşıram. Təmkinim, dözümüm daha da artacaq. Hər qoyulmuş nöqtdən sonra yeni cümlə başlayır. AVP-ni qurultayın qərarlarını sistemli şəkildə həyata keçirməyə çağırıram. Milli Məclisin üzvü kimi qaldırdığım problemləri seçki kampaniyası dövründə də qaldıracağam”.