“P.S.Nota” qəzetinin xuliqanlıq ittihamı ilə saxlanılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən baş redaktoru Sərdar Əlibəyli mətbuat üçün məlumat yayıb. Məlumatı Könül Sərdarlı adlı istifadəçi özünün facebook səhifəsində paylaşıb. Müraciəti olduğu kimi dərc edirik:
Azərbaycan öz tarixinin qara ləkəsi olan analoqsuz inkişaf dövrünü yaşadıqca, daha qorxunc, daha vahim cinayətlərə imza atan rejimin həyasızlığı heç bir sərhəd tanımır. Bu mənada dünya hüquq sisteminin və bəlli tarixdə yaşanan yurisprodensiyanın rast gəlmədiyi növbəti cinayəti də mövcud hakimiyyət bəndənizin, heç bir əxlaqa və qanuna sığmayan həbsi ilə həyata keçirdi. Həbsimin motivləri barəsində fikrim birmənalı belədir ki, hər şeyə son illərdə birbaşa İlham Əliyevin özünün və hakim ailənin digər üzvlərinin tənqidinə həsr edilmiş yazılarım səbəbiyət yaradıb. Mənə verilən maddə və ittiham isə ümumiyyətlə mənə dəxli olmadan, xəbərim belə olmadığı ”fakt və sübutlar”dan ibarətdir. Eyni zamanda həbsimin həyata keçirilməsi də daxil olan-olmayan bütün hüquqlarımın pozulması, bütün bəşəri, təbii, ictimai-siyasi və vətəndaş hüquqlarımın tapdalanması hesabına həyata keçirilib. Bunun özü də bir daha onu sübut edir ki, bəndənizin həbsinin sifarişi ən üstün səviyyədə, daha doğrusu şəxsən İlham Əliyevin özü tərəfindən keçirilib. Əks təqdirdə, bu qədərinə nə kimsə cəsarət edə bilərdi, nə də ki, açığı bu boyda qanunsuzluqlara rəvac vermək bir belə şər-şəbədəni əvvəl ssenariləşdirib, sonra da tamaşaya qoymaq kimsəyə lazım olardı. Belə götürəndə, mövcud Azərbaycan reallıqları da belə təşəbbüskarlığı inkarsız edir.
Bu arada mənə hələlik mənbəyini bilmədiyim biri təkliflər göndərib ki, bunun özü də mənim həbsimin təsadüf olmadığını açıq şəkildə gözlər önünə sərir.
Gələn təkliflərin təxmini məzmunu velədir.
1.Elşad Abdullayevin məlum videoskandalları cəmiyyətə tədim olunandan sonra yazdığım yazılarda və müsahibələrimdə Ramiz Mediyevi kimlərin sifarişi ilə və nəyin müqabilində müdafiə etmişəm?!
2.Rail Rzayevin (mərhum general) ölümünnən sonra Ramil Usubovla görüşümüzdə əsasən nədən söhbət gedib və o vaxtdan bəri DİN tərəfindən mənə verilən maddi və mənəvi dəstəyin təfərrüatları haqqda mətbuatda açıqlama verim.
3.Qəzetimin və şəxsi fəaliyyətimin formalaşmasında Kəmaləddin Heydərovun nə kimi rolu olub?
Məsələ burasındadır ki, hər üç sualla bağlı mətbuatda verəcəyim açıqlamaların müqabilində naməlum ”xoşməramlılar” mənə məhkəmədən azadlıq və bəzi başqa dvidentlər vəd eliyirlər.
Bir daha bəyan edirəm ki, bütün mətbu yaradıcılığım boyunca nə kimsənin oynunda oynadım, nə də hər hansı şəkildə hakimiyyəti, eləcə də digər siyasi qüvvələri təmsil edən, o cümlədən də, adıçəkilən şəxslərlə bağlılığım olmayıb və bundan sonra da inşallah olası deyil. Görünür hakimiyyətin içində yer alan bəzi qruplaşmalar yaranmış situasiyadan növbəti dəfə yararlanmağa və bu mənada mənim durumumdan sui-istifadə etməyə cəhd edirlər. Zaman-zaman mənim yazılarımın istər fərd, istərsə də qrup olaraq kimlərinsə siyasi və digər maraqları ilə üst-üstə düşsün. Ama mənim bütün yazılarım özümə məxsusdur və hesab edirəm ki,ölkədə mövcud durumun analiz və təhlilinə hesablanıb. Son olaraq bildirirəm ki, həm də seçki ərəfəsi siyasi durumun gətirdiyi küləklərdə sovrulan mənim və mənim kimi sifarişli məhbusların düşürüldükləri durum bəzilərinin siyasi maraqları üçün sui-istifadə vasitəsinə çevrilib. Bu da özlüyündə bircə məsələnin göstəricisidi ki, ölkədə baş verənlər nə hüquqa nə də ümumi əndazələrə sığır. Bu da İlham Əliyevin analoqsuz idarəçiliyinin boyutlarından biridir.
Ara yerdə bizim özümüzün və yaxınlarımızın, qorunmasına İlham Əliyevin Qurana əl basıb, and icdiyi hüquqlarımıza tüpürmək istəyən belə yoxdur.
Sərdar Əlibəylinin və onun yaxınlarının da hazırda məhbəslərdə saxlanan dərddaşlarının hüquqları da cəhənnəm olsun, bəs əl basıb and içilən Quran nə olsun?! İlham Əliyev, sən bu haqda heç düşünmüsənmi?!!