Arif Hacılı: «Putin bu regionda söz sahibinin məhz Rusiya olduğunu göstərməyə çalışır»
Seymur Həzi: «Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq daha da artdı»
Rusiya prezidenti Putinin Azərbaycan səfəri başa çatsa da, imzalanan razılaşmalar və keçirilən danışıqlar geniş müzakirə mövzusuna çevrilib. Səfər ərəfəsində Azərbaycan hakimiyyəti təmsilçiləri ölkədə Rusiyameylli qüvvələr axtarır, onların əməllərinin hakimiyyətə təhlükə yaradacağını iddia edirdi. Lakin danışıqlardan sonra dövlət başçısı Ilham Əliyev yalnız qarşılıqlı əlaqələr və əməkdaşlıqdan söz açdı.
Bəs Rusiya prezidentinin səfərini siyasilər necə şərh edir?
Müsavat partiyası Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı səfər ərəfəsində hakimiyyətin müxalifət daxilində Rusiyameylli qüvvələr axtardığını, əslində Rusiyameylli əsas siyasi qüvvənin məhz bu iqtidarın özünün olduğunu qeyd etdi. Hər dəfə seçki ərəfəsində Rusiyanın yüksək dövlət vəzifəli şəxslərinin Azərbaycana dəvət olunması, onların belə yüksək səviyyədə qəbulu da bunu təsdiq edir. Putinin də səfərinin seçki ərəfəsində baş tutması heç də təsadüfi deyil.
A.Hacılının fikrincə, Putin bir tərəfdən Azərbaycan cəmiyyətinə, hakimiyyətinə, eyni zamanda dünya birliyinə bu regionda söz sahibinin məhz Rusiya olduğunu göstərməyə çalışır. Eyni zamanda Rusiya hərbi gəmilərinin Bakı buxtasına daxil olmasının da simvolik bir mənası var: “Uzun illər Stepan Razin qayıqlarla gələrək Bakını işğal etmiş və burda talanlar, qarətlər həyata keçirmişdi. Rusiya bununla Azərbaycana tarixi xatırladır. Eyni zamanda həm Azərbaycana, həm dünya birliyinə, xüsusilə Qərbə Xəzər dənizində Rusiyanın söz sahibi olduğunu nümayiş etdirir”.
Bununla belə A.Hacılı, səfərin Azərbaycan üçün müsbət nəticələrinin də ola biləcəyini istisna etmir: “Bu, ilk növbədə Qərb dünyasına bir mesajdır ki, regiondakı siyasətlərində əsaslı dönüş yaratmasalar, regionda öz iştiraklarını artırmasalar, demokratiyanın inkişafına lazımınca dəstək verməsələr, regionun Rusiyanın nəzarəti altına keçməsi və daha çox ondan asılı olması ehtimalları artacaq. Ümid edirəm ki, bu mərkəzlərdə olan siyasətçilər, dövlət adamları bu həqiqətləri dərk edərək Azərbaycanla bağlı siyasətlərində dönüş edəcəklər. Bu da nəticə etibarı ilə Azərbaycan dövlətinin, xalqının, cəmiyyətinin mənafelərinə xidmət edəcək”.
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi Putinin səfəri ərəfəsində hər iki ölkənin mətbuatında səfərlə bağlı bir çox məsələlərin əksini tapdığını deyir. Bu, xüsusilə Azərbaycan hökumətinin Rusiya qarşısında götürəcəyi öhdəliklə bağlı idi. Eyni zamanda Iranın izolyasiyadan çıxarılması, Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının həllini tapması məsələləri var idi. Amma bağlanan sazişlər, rəsmi sövdələşmələr onu deməyə əsas verir ki, bunların heç biri öz həllini tapmadı: “Azərbaycan nə Avrasiya Birliyinə, nə Gömrük Ittifaqına qoşulmağa razılıq verdi. Iranın izolyasiyadan çıxması ilə bağlı məsələ, ümumiyyətlə, gündəmə gəlmədi. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq daha da artdı”.
S.Həzinin sözlərinə görə, Putinin səfəri ilə bağlı uzun müddət Azərbaycan hakimiyyəti kampaniya və iş aparırdı ki, səfər baş tutsun və Rusiya ilə münasibətlər istiləşsin. Xüsusilə Qərblə Azərbaycan hökumətinin münasibətlərinin belə gərgin və soyuq olduğu müddətdə Rusiya ilə münasibətlərin yaxşılaşması çox önəmli idi. Bu, seçkiqabağı vəziyyəti yaxşılaşdırmağa hesablanırdı. Amma nəticə göstərdi ki, səfər hakimiyyət üçün pozitiv nəticələnmədi: “Azərbaycan hökuməti sadəcə olaraq bir neçə deklarativ sənədlər imzalamağa məcbur oldu. Ilham Əliyevin hərbi əməkdaşlıqla bağlı səsləndirdiyi rəqəm də onu deməyə əsas verir ki, Azərbaycan hökuməti heç olmasa Rusiyanı əsəbiləşdirməmək üçün sanki ona rüşvət təklif edib”.
Fizzə