Yapçıların açıqlaması səfərin uğursuz olduğunu göstərir
YAP icra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin onun seçkilərdə Ilham Əliyevə dəstək verməsi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. O, bununla bağlı müxalif mətbuatın yazdıqlarının uydurma olduğunu deyir: “Ilham Əliyevə yalnız Azərbaycan xalqı dəstək verir. Onun başqa dəstəyə ehtiyacı yoxdur”.
Əli Əhmədovun bu açıqlamsını oxumasaydım, Putinlə Əliyevin isti münasibətlərinin yarandığına şübhə etməzdim. Ancaq Əli müəllim etiraf etmiş oldu ki, Putin hakimiyyətə “şirin kökə”ni verməyib. Sadəcə olaraq, həmin “kökə”nin olduğunu bildirib.
Yoxsa, yaptokratlar indi iki ölkə arasında isti münasibətlərin “pojar” həddinə çatdığını iddia edərdilər.
Təcrübədən bilirik ki, hakimiyyət sözçüləri hər zaman prezidentə beynəlxalq etimaddan, dünyanın əksər ölkələrinin Ilham Əliyevi dəstəkləməsindən ağız dolusu danışıblar. Bəs, Putinin səfərindən sonra “bizim xarici dəstəyə ehtiyacımız yoxdur” demək nəyin göstəricisidir?
Putinin Azərbaycana gəlişini hər gün telekanallarda reklam etmək, bunu hakimiyyətə dəstək kimi qiymətləndirmək nədir, xarici dəstəyə ehtiyac duymamaq nədir?
Görünür, Putinin gəlişinə olan ümid, gedişi zamanı iflasa uğrayıb. Moskva şefi, Azərbaycan “pirat”larına yeni “gəmi”nin xəritəsini verməyib.
Diqqət edin, Əli Əhmədov deyir ki, “Ilham Əliyevə yalnız Azərbaycan xalqının dəstəyi lazımdır”.
Əgər xalq bunların yadına düşübsə, deməli, “soyuqdəymə” cana işləyib və təbii müalicəyə ehtiyac duyurlar. Bəli, yeganə məlhəmin xalq olduğunu başa düşüblər.
Putin gəldi, 5-6 sənəd imzaladı, qeyri-rəsmi görüşdə əlahəzrəti məmnun etmədən geri döndü.
Çox maraqlıdır, Putinin səfəri 24 saatdan da tez sona çatdı.
Ancaq “nəmər” almaq üçün bu müddət də az deyil. Görünür, Putin konfeti yeyib, kağızını bizimkilərə verib. Ona görə də Əli Əhmədov rəsmi Kremlin dəstəyindən bədgümandır. Açığı, xalqın dəstəyindən də bədgümandılar.
Çünki özləri də 20 ildir xalqa konfetin özünü yox, kağızın təqdim edirlər.
Görəsən, yenidən “Milli Şura Rusiyanın proyektidir” şüarı səslənəcəkmi?
İlham Hüseyn