Misir Səhiyyə Nazirliyi avqustun 14-də ölkənin müxtəlif şəhərlərində hökumət qüvvələri ilə islamçı müxalifət təmsilçiləri arasında baş verən toqquşmalarla bağlı yeni məlumat yayıb. Rəsmi açıqlamaya görə, toqquşmalarda 464 nəfər həlak olub. Onların 43-ü polis, 421-i mülki şəxsdir. 237 nəfər paytaxt Qahirədə, 227 nəfər digər bölgələrdə həyatını itirib.
Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsur dövlət başçısı səlahiyyətləri əldə edib. Onun qarşısında yeni konstitusiya qəbul etmək, parlament, prezident seçkiləri keçirmək öhdəliyi qoyulub. Bu qərarla razılaşmayan Məhəmməd Mursi tərəfdarları ötən aydan paytaxt Qahirənin iki meydanında oturaq aksiya keçirirdi. Avqustun 14-də aksiyalar güc yolu ilə dağıdılıb. Başqa bölgələrdə də qanlı toqquşmalar baş verib. Ölkədə fövqəladə vəziyyət və komendant saatı (axşam saat 7-dən səhər saat 6-dək küçəyə çıxmaq yasağı) tətbiq olunub.