Hökumət ölənlərin sayının 500, müxalifət isə 2 mindən artıq olduğunu deyir
Misir hökuməti Qahirə və digər şəhərlərdə iğtişaşlarda ölənlərin sayının 464 nəfərə çatdığını açıqlayıb. Bu rəqəmi ölkənin səhiyyə naziri Məhəmməd Fətullah açıqlayıb. Həlak olanların 43 nəfəri polis nəfəri və 421 nəfəri mülki şəxsdir. “Müsəlman qardaşları”nın nümayəndələri isə iddia edir ki, toqquşmalar zamanı 2,2 min nəfər ölüb, 10 min nəfər yaralanıb.
Prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Rabia əl-Adaviya meydanı tamamilə hərbçilərin nəzarətinə keçib. Bu meydan 1,5 ay ərzində Mursinin tərəfdarının nəzarətində olub. Misirin Azadlıq və Ədalət Partiyası (“Müsəlman-qardaşları”nın siyasi qanadı) öz saytında bəyan edib ki, Rabia əl-Adaviya məscidi qarşısındakı səhnə, habelə yüzlərlə insanın cəsədi olduğu hospital polis tərəfindən yandırılıb. Dünən həmçinin Misir Daxili Işlər Nazirliyi “Müsəlman qardaşları” hərəkatının rəhbər şəxslərindən 8 nəfəri həbs edib. Həbs olunlar arasında “Azadlıq və ədalət” Partiyası sədrinin müavini Isam Əryan, həmin partiyanın Hizədəki sabiq baş katibi Məhəmməd əl-Baltaqi, islam alimi Safyat Xiqazi və “Müsəlman qardaşları”nın rəsmi nümayəndəsi Əhməd Arif var. Misir Daxili Işlər Nazirliyindən bildiriblər ki, həbs əməliyyatı zamanı “Müsəlman qardaşları” rəhbərlərinin mühafizəsi atəş açıb.ÿ
Dünən Misirin müvəqqəti vitse-prezidenti Məhəmməd əl-Baradeyi istefa verib.ÿBaradeyinin istefa qərarına səbəb ölkədəki zorakılıq dalğası olub. Keçid hökuməti ölkə ərazisində fövqəladə vəziyyət, Qahirə və 11 şəhərdə komendant saatı elan edib. ABŞ fövqəladə vəziyyətin elan edilməsinə qarşı çıxıb. Bunu jurnalistlərə ABŞ dövlət katibi Con Kerri deyib: “Biz hesab edirik ki, Misirin müvəqqəti hökumətinin elan etdiyi fövqəladə vəziyyət mümkün qədər tez bitməlidir”.
Rusiya Xarici Işlər Nazirliyi isə Misirdə tərəfləri zorakılığı dayandırmağa çağırıb. XIN-dən verilən açıqlamada Misir Ərəb Respublikasının çətin bir dövr yaşadığı bildirilib: “Dost Misir dövlətində bütün siyasi qüvvələri ayıq və səbrli olmağa çağırırıq. Ölkənin milli mənafelərinə uyğun olaraq qarşıdurmanın artmasına və yeni ölümlərin baş verməsinə imkan verilməməlidir”.
“Misirdə baş verən son hadisələr zamanı yüzlərlə insanın ölməsi, minlərlə insanın xəsarət alması heç bir demokratiyaya xidmət etmir”. Bu fikirləri Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu deyib.
O, Misirdə baş verən proseslərinin miqyasının böyüməməsi üçün beynəlxalq ictimaiyyətin birgə səy göstərməsinin vacibliyini vurğulayıb: “Qərbin bu hadisələrə münasibəti, mövqeyi bizim üçün maraqlı olacaq. Misir Türkiyə üçün dost və qardaş bir ölkədir. Biz orada baş verən hadisələrdən çox üzüldük. Baş verən hadisələrlə əlaqədar müxalifətlə görüşlərimiz olur. Əsas məqsədimiz Misiri normal ölkəyə çevirməkdir. Danışıqların və edilən tövsiyələrin bir nəticə verəcəyinə əminik”(APA).
Öz növbəsində rəsmi Qahirə Türkiyənin Misirdəki olaylarla bağlı sərt açıqlamalarına reaksiya verib. Misir hökuməti Türkiyəni onun daxili işlərinə qarışmaqda günahlandırmaqla yanaşı, rəsmi Ankaraya hədləri aşmamağı tövsiyə edib: “Bu bizim daxili işlərimizdir. Türkiyəyə bu məsələdə kənara durmağı tövsiyə edirik. Həddinizi aşmayın”. Nazirlik baş verən olaylardan üzüldüklərini, vəziyyəti tənzimləyə bilmədiklərini də vurğulayıb. Xatrıladaq Türkiyə hökuməti Misirdə baş verənləri qətliam adlandırmış, beynəlxalq təşkilatları da Misir hökumətinə təzyiq etməyə çağırmışdı.
Azərbaycan XIN mətbuat katibi Elman Abdullayev isə Misirdəki səfirliyimizin gücləndirilmiş iş rejiminə keçdiyini açıqlayıb. E.Abdullayev həmçinin qeyd edib ki, Misirdə baş verən ixtişaşlar zamanı Azərbaycan vətəndaşlarının zərər görməsi barədə səfirliyə heç bir məlumat daxil olmayıb: “Səfirlik vətəndaşlarımızla daimi təmasdadır. Vətəndaşlara vaxtında müvafiq xəbərdarlıqlar edilib. Ölkə səfirliyi gün ərzində bir neçə dəfə Azərbaycan vətəndaşları ilə əlaqə saxlayır. Ixtişaşlar başladığı vaxtdan səfirlik əməkdaşlarının ailələri Bakıya qayıdıblar. Səfirliyimiz Azərbaycan vətəndaşlarının vəziyyətini nəzarətdə saxlayır”(“Olaylar”).