"Hakimiyyət son mərhələsinin başlanğıcındadır, Azərbaycan xilas olacaq"
Əli Kərimli: «Keçən ilin sonunda vahid namizədin praymerizlə seçilməsini təklif etmişəm, razılaşmayıblar»
AXCP sədri Əli Kərimli “Obyektiv.tv” internet televiziyasının “Xalq seçir” verilişində sualları cavablandırıb. Müsahibə avqustun 12-də alınıb:
Əvvəli vidopəncərədən sonra
– Başqa vahid namizəd deyəndə kimlər nəzərdə tutulur? Rafiq Əliyevmi, Cəmil Həsənlimi, Mehman Əliyevmi? Başqa adlar çəkə bilərsinizmi?
– Sizin dediyiniz adamların hər biri ola bilər. Üstəlik, mən işin asanlaşması üçün deyirəm ki, siyasi liderlər də istisna olmamalıdır.
“İstənilən ziyalı və siyasətçiyə razılıq verməyə hazıram”
– Hətta Əli Kərimli İsa Qəmbərin namizədliyini dəstəkləyə bilər?
– Ola bilər. Bu barədə Ictimai Palatanın sessiyasında bəyanat da vermişəm. Əgər Isa bəy Milli Şuranın vahid namizədi olmaq istəsə, mən ona dəstək verməyə hazıram. Ancaq gərək hamının dəstəyini alsın.
– Yəni, Rəsul Quliyevin də, Lalə Şövkətin də…
– Əlbəttə.
– Hətta iki illik şərtlə də razılaşsın…
– Əlbəttə. Burada konsepsiya bundan ibarətdir. Mənim dəstəyimə gəlincə, kompromisin əldə olunmasını istəyiriksə, biz bu saat başqa istəklərimizin üzərində israr etməli deyilik. Bəlkə də kimsə kimdənsə bir qədər artıq imkanlara malikdir, yaxud əksinə. Bu saat onun üzərində diskussiya açmaq lazım deyil. Biz seçki kampaniyasına Milli Şura ideyası ilə getməliyik. Milli Şuradakı əsas siyasi partiyalar var ki, onların razılaşacağı istənilən ziyalı və siyasətçiyə razılıq verməyə hazıram. Təki vahid namizədlə seçkiyə gedək.
“Yenidən vahid namizədi şərtlə müəyyənləşdirəcəyik”
– Deyirlər ki, guya, AXCP Mehman Əliyevin namizədliyi üzərində dayanmaq istəmir, Cəmil Həsənli, yaxud Rafiq Əliyevi istəyir…
– Mən heç kimi istisna etmirəm. Əlbəttə, səsvermə olmalıdır. Bilirsiniz necə təsəvvür edirəm bunu? Məsələn, Türkiyədə prezident seçkiləri bir neçə turdan ibarət olur. Tələb olunan səsi parlamentdə toplamaq çətin olur. Səsverməni bir neçə dəfə keçirirlər. Biz də bir neçə tur olmaqla, səsvermə keçirə bilərik. Namizədlərin hamısı elan oluna bilər. Onların hamısı səsverməyə çıxarıla bilər. Aralarında daha çox səs toplayan iki namizəd səsə qoyula bilər.
– Bunların hamısı Milli Şura daxilində ola bilər…
– Əlbəttə. Ancaq ilkin seçkiyə vaxt yoxdur. Ötən ilin payızında “Azadlıq” radiosunun efirində ilkin seçki ilə bağlı təklif vermişəm. Ilkin seçkini də doğru sayırdım və ona görə bunu təklif etmişdim. Razılaşmayıblar, ancaq indi kampaniya başlanıb. Ilkin seçkiyə imkan yoxdur, o seçki Milli Şurada olmalıdır. Milli Şurada yenidən vahid namizədi müəyyənləşdirə bilərik. Ancaq şərtlə olacaq. Əgər birdən Rüstəm bəyin sənədləri avqust ayının sonuna qədər qaydasına düşsə, biz beş gün ərzində imzaları toplayıb…
“Təkbaşına 45 min imza toplaya bilərik”
– 5 günə imzaları toplaya biləcəksinizmi?
– Bəli. Mən öz partiyamızın adından deyə bilərəm ki, biz bu kampaniyaya çox ciddi hazırıq. Təkbaşına 5-7 günə bütün 45 min imzanı toplamağa hazırıq. Bütün dairələrdə seçki qərargahları yaratmışıq. 10 mindən artıq könüllü səfərbər olunub, bunların hamısı rayon təşkilatlarımızda qeydiyyatdan keçib, 60-a qədər rayonda da təşəbbüs qruplarının yaradılması planlaşdırılıb. Adamların siyahısı da tutulub, sənədləri də toplanıb, təşəbbüskarlar da müəyyən olunub. Demək istəyirəm ki, Rüstəm Ibrahimbəyov namizəd olmaq üçün Rusiya vətəndaşlığından çıxa bilsə, hətta ayın sonlarına qədər gələ bilsə, onun namizədliyilə bağlı bütün işləri 5-7 gün ərzində görə bilərik. Bu gün seçə biləcəyimiz vahid namizəd dərhal geri çəkilməlidir, daha Rüstəm bəyin qeydiyyatını gözləmədən. Bu, mənim prinsipial mövqeyimdir. Indi verilən vahid namizəd başa düşməlidir ki, o halda seçkiyə gedə biləcək ki, Rüstəm bəyin sənədləri təqdim olunmur. Əgər Rüstəm bəy vətəndaşlıqdan çıxıb gəlib sənədlərini təqdim edirsə, həmin andan bizim seçəcəyimiz namizəd sənədlərini geri götürməlidir.
– “Yeni Müsavat” qəzetinə müsahibəsində Rüstəm bəy deyib ki, “mən qayıtsam, pul məsələsini kim həll edəcək”? Həqiqətən, Milli Şuranın maliyyə məsələləri nə yerdədir? Necə tənzimlənir?
– Mənim bildiyim qədər, bu günədək Milli Şura olaraq pul xərcləməmişik. Pul xərclənməsinin şahidi və iştirakçısı deyiləm. Ona görə də mən hesab edirəm ki, gələcəyi nəzərə alaraq deyib. Bəlkə Rüstəm bəy demək istəyir ki, seçki kampaniyası dövrü olacaq və o dövrdə əlbəttə, müəyyən xərclər tələb olunacaq. Bəlkə Rüstəm bəy bu hazırlıqları nəzərdə tutur? Ancaq bu günə qədər Milli Şurada hər hansı pul xərclənməyib.
– Hər halda, özünüz bir hesabat istəmirsiniz? Məsələn, icra katibi Eldar Namazovdan…
– Biz axı üzvlük haqqı da verməmişik ki, hesabat tələb edək. Hesabat istəməmişdən əvvəl gərək hər hansı yerə pul qoyasan ki, sonra hesabat istəyəsən.
– Ancaq Milli Şura adından sizin partiyanızın üzvləri rayonlara gedir…
– Hamısı daxili hesabımızadır. Milli Şura adından indiyə qədər hər hansı ezamiyyət olmayıb. Bütün rayonlara səfərlərimiz, burada gördüyümüz işlərin hamısı öz daxili hesabımıza baş verib.
“Hakimiyyət namizəd bolluğuyla şou düzəldir”
– Indi verəcəyim sual birbaşa sizə aid deyil. Amma müəyyən qədər cavab verə bilərsiniz, üzərinizə götürdüyünüz vəzifələri yerinə yetirdiniz? Hər halda cəmiyyət qarşısında öhdəliyiniz də var ki, zamanında müəyyən işləri görmək lazım idi…
– Cəmiyyət də üzərinə məsuliyyət götürüb, daha dəqiq qiymətlər verməyə risk eləməlidir. Hamıya eyni qiymət necə verilə bilər? Məsələn, cəmiyyətin bir nümayəndəsi olaraq, sizə deyirəm ki, keçən ilin sonunda vahid namizədin praymerizlə seçilməsini təklif etmişəm, razılaşmayıblar.
– Kim razı olmayıb?
– Bu sizin işinizdir, araşdırın.
– Iqbal Ağazadə deyir ki, Əli Kərimli qoymadı biz birləşək…
– Siz mənim “Azadlıq” radiosunda çıxışıma baxın. Görün ki, praymerizlə bağlı təklifi mən irəli sürmüşəm. Praymeriz məsələsi göz önündədir. Artıq sənədləşib, bunu heç kim dana bilməz. Müxalifətin geniş birliyinə gəlincə, yadınızdadırmı ki, qəzetlərdə “Ictimai Palatda böhran yaranacaq”, “Ictimai Palata dağılacaq” kimi kampaniya vardı. Nə idi o? Seçkiyə yanaşmada fərqli fikirlər. Şəxsən mənim təkidimlə Ictimai Palatının seçki ilə bağlı xüsusi kommunikesi qəbul olunub. Kommunikenin o hissəsini təkid etmişəm ki, Ictimai Palatanın seçki ilə bağlı əsas strategiyası müxalifətin böyük birliyinə nail olmaq olsun. Keçən ilin dekabrında buna nail olmuşam və hamını inandırmışam. Ondan sonra da ardıcıl olaraq bu istiqamətdə hərəkət etmişəm. Indi niyə bu işdə mənə qarşı çıxıb, bu işlərin görülməsini ləngidən, müqavimət göstərən adamla bərabər eyni məsuliyyəti daşımalıyam?
– Bizim sonuncu verilişimzdə Iqbal Ağazadə açıq şəkildə dedi ki, bizə bu işdə Əli Kərimli mane oldu. Hətta qeyd etdi ki, mən öz namizədliyimi də geri götürürdüm, təki Isa Qəmbərlə Əli Kərimli ortaq məxrəcə gəlsin…
– Mən onun bu açıqlamasını eşitməmişəm. Əgər belə deyibsə, ona belə məsləhət olub ki, bu cür deyib.
– Yəqin izləyirsiniz, MSK tərəfindən sənədləri qəbul olunan artıq 7 namizəd var. Bu qədər namizədin sənədlərini almaqla, hətta qeydiyyata almaqla ölkədə hansı situasiyanı yaratmaq istəyirlər?
– Əvvəllər olduğu kimi, namizəd bolluğu. Guya, rəqabət, çoxsaylı müxalifətçilərin seçkidə iştirakı. Seçkidə şou düzəltmək istəyirlər. Indiyə qədər seçki adına heç bir fəallığa imkan verilməyib. Seçki gününə iki aydan da az vaxt qalıb, amma 8 ildir ki, sərbəst toplaşmaq azadlığına imkan verilmir, televiziyalarda müxalifətə efir verilməsi qadağan olunub, oturmağa ofis yox, rayonlara səfərlərə qadağa qoyulub, evimizdə müşavirə keçirməyə imkan vermirlər. Bu şəraitdə o adamları qınayıram ki, bəzən özünü ictimaiyyət nümayəndəsi kimi təqdim edir, amma 40 ildir ölkədə hakimiyyətin bir ailənin əlində olmasına səsini çıxarmağa qorxur. 8 ildir müxalifət evinə sıxışdırılıb, kabinetlərdə, hətta evlərdə belə, müşavirə keçirməyə imkan verilmir, amma susur. Ölkə 70 nəfər siyasi məhbusla seçkiyə gedir, yenə susur. Sərbəst toplaşmaq azadlığı, mediada azadlıq yoxdur, ancaq tələb edir ki, siz nəyə görə qəhrəmanlıq edib qeyri-bərabər vəziyyətdə təkbaşına gedib Ilham Əliyevdən, bu rejimdən demokratiyanı girovdan xilas edə bilmirsiniz? Qardaşım, qəhrəmanlıqlar nağıllarda olur. Indi XXI əsrdir, xalq, hamımız birlikdə əlimizi daşın altına qoymalıyıq. Hər kəs öz üzərinə düşənləri eləməlidir. Indi bizə qarşı olan o kampaniya asandır, məsuliyyət tələb etmir. Nə var ki, bu gün Azərbaycanda müxalifət liderlərinə qarşı kampaniya aparmağa? O kampaniyanı Ilham Əliyevə qarşı yönəltmək lazım idi ki, niyə üçüncü dəfə namizəd olur? Artıq heç Afrikada da üçüncü dəfə prezidentlik üçün namizəd olmurlar.
“Azərbaycan xalqı çox dözməyəcək”
– Sizlər vaxtında hər hansı taktika ilə bunu kampaniyaya çevirə bilməzdinizmi?
– Bu mövzuda neçə çıxışımı sizə təqdim edim?
– Siz eləmisiniz…
– Mən hamıya cavabdeh deyiləm.
– Nağıl olacaqmı? Yəni, bu dəfə müxalifət çəkici ortaq hədəfə vura biləcəkmi?
– Nağıl yox, gerçəklik olacaq. Gerçəklik nədən ibarətdir? Bizim bəzi maneələrimiz var, o maneələri aşsaq, Azərbaycanda demokratik dəyişikliklər çox yaxınlaşacaq, sürətlənəcək. Ancaq o maneələri aşa bilməsək də, mən sizə tam əminliklə deyirəm ki, hakimiyyət son mərhələsinin başlanğıcındadır. Yəni, Azərbaycan xalqı çox dözməyəcək.
– Apatiya yaşanmayacaq?
– Xeyr. Proseslər ona doğru gedir ki, hətta biz maneələri bir neçə ayın içərisində aşa bilməsək də, strateji baxımdan Azərbaycan xilas olacaq. Azərbaycan normal demokratik ölkə olacaq.
– Bu təskinlik deyilmi?
– Xeyr! Bu mənim inamımdır.
“Hakimiyyət İbrahimbəyovun namizədliyindən narahat oldu”
– Seçkiyə iki aydan da az vaxt qalıb. Bir neçə nəfərin namizədliyi artıq qəbul olunub. Milli Şura isə yalnız iclaslarını keçirir. Belə olan şəraitdə, partiya sədri, Milli Şuranın təsisçilərindən biri kimi özünüzü siyasi baxımdan diskomfort hesab etmirsiniz?
– Əlbəttə ki, problemlər var. Seçki kampaniyası başlasa da, seçki mühiti, demokratik mühit yoxdur. Bu, bizim üçün heç də gözlənilməz deyil. Neçə illərdir ki, Azərbaycanda rəqabət mühiti yoxdur, seçkilər saxtalaşdırılır. Ona görə də biz ötən ilin sonlarından müxalifətin böyük birliyi konsepsiyasını təqdim etdik. Nəhayət, bu ilin birinci yarısında Milli Şurada demokratik qüvvələrin böyük birliyinə nail olduq. Elə məqsəd də bu idi, bir halda ki, seçki mühiti yoxdur, seçki qanunvericiliyi çox mürtəcedir, müxalifətə heç bir haqq tanınmır, biz də çalışaq, onu müxalifətin birliyini yaratmaqla kompensasiya edək. Ona görə də Milli Şuranı yaratdıq, onun vahid namizədini irəli sürdük. Baxmayaraq ki, biz uzun illər məhdudiyyətlər içində, bütün imkanlardan məhrum edilmiş vəziyyətdə idik, ancaq bu addımlarımızdan sonra hökumət narahat oldu. Azərbaycan iqtidarı Milli Şuranın formalaşmasından, Rüstəm Ibrahimbəyovun vahid namizəd irəli sürülməsindən narahat oldu. Bütün mexanizmlər işə salındı.
“Hakimiyyət Milli Şuranı dağıtmağa çalışırdı”
– Hansı mexanizmlər? Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılmamasını nəzərdə tutursunuz?
– Bunu da nəzərdə tuturam. Eyni zamanda, ölkə daxilində Milli Şuraya – həm Rüstəm bəyə, həm də müxalifət liderlərinə qarşı başlanmış kampaniyaları da nəzərdə tuturam. Hökumət Milli Şura yaranmamışdan əvvəl çalışırdı ki, bu qurum yaranmasın. Yaranandan sonra da istəyirdi ki, dağıtsın.
Bu gün – seçki kampaniyasının startında hər şey ürəyimizcə deyil, ancaq bu, gözlənilməz və qeyri-adi hal da deyil. Bir halda ki, ölkədə avtoritar, 20 il ərzində bütün seçkiləri saxtalaşdırmış bir rejim var, gərək heç kim təəccüblənməsin.
“Rüstəm bəyin sənədlərində problem var deyə, nisbətən özlərinə gəliblər”
– Əli bəy, deyirsiniz ki, rəqabət mühiti yoxdur. Rəqabəti siz yaratmalısınız. Seçki bitən gün növbəti seçkiyə hazırlaşmaq lazımdır. Milli Şura seçkiyə az qalmış yaradıldı, bu, vaxt itkisi deyilmi? Bir il əvvəl olmazdımı bunları yaratmaq?
– Bir tərəfdən haqlısınız, tamamilə doğrudur. Mən bir il əvvəldən müxalifətin birliyilə bağlı təbliğat aparıb insanları inandırmaq istəyirdim. Ancaq o zaman insanlar vahid namizəd məsələsinə alışmamışdı, ictimaiyyət hazır deyildi deyə, bir qrup adam bu ideyanın hökumətdən gəldiyini deyirdi. Ancaq zaman keçdi və vahid namizəd məsələsi hökuməti silkələməyə başladı. Hökumət narahat oldu.
– Mübariz Qurbanlı, Siyavuş Novruzovun timsalında YAP funksionerləri deyirlər ki, narahat deyilik…
– Indi Rüstəm bəyin sənədlərində müəyyən problemlər var. Sənədləri təqdim etməmək ehtimalı var. Ona görə özlərinə gəliblər, xeyli dərəcədə şokdan çıxıblar.
– Hakimiyyət şokdan çıxıb?
– Xeyli dərəcədə çıxıb. Iki məsələ onları şokdan çıxarıb. Bir Rüstəm bəyin sənədlərinə yaradılmış problemlərdir, digər tərəfdən də təqribən Milli Şuradan əvvəlki vəziyyətə qayıdışla bağlı bəzi çağırışlar səsləndirilir, yəni, hamı seçkilərə özbaşına, ayrıca qatılsın.
“Milli Şuranının təsis olunması xeyli ləngidi”
– O zaman demək olarmı ki, müxalifət şoka düşüb?
– Xeyr. Biz uzun müddət bu situasiyada çalışmışıq, məhdudiyyətlər, qadağalar, təhqirlər, təzyiqlər şəraitində işləyirik. Ona görə də belə şeylərdən şok olmuruq. Bu gün bizə yaradılan maneələr bizim uğurlarımızla bağlı idi. Məhz o məhdud şəraitlərlə, bir az gec olsa da, maneələri aşaraq, Milli Şuranın yaradılmasında və uğurlu vahid namizədin olmasında uğur qazandığımıza görə indiki maneələr işə düşdü. Hökumət ən müxtəlif vasitələrlə Milli Şuranı hədəfə çevirdi.
– O maneələri həm də siz özünüz yaratmadınız ki? Milli Şuranın rəhbərliyində iki keçmiş dövlət katibi var – siz və Lalə Şövkət…
– Öncə onu dəqiqləşdirək ki, mən Milli Şuranın rəhbərliyində yoxam. Rəhbərlikdə bir Rüstəm Ibrahimbəyovdur, bir də Eldar Namazov. Biz orada bir partiya sədri, bu işin qurucuları, ölkənin siyasi həyatında rolu olan adamlar kimi iştirak edirik.
– Siz, Rəsul Quliyev, Isa Qəmbər, Lalə Şövkət neçə illərdir proseslərin içindəsiniz. Rüstəm Ibrahimbəyovun namizədliyini təsdiqləyəndə bilmirdiniz ki, onun Rusiya vətəndaşlığı var? Niyə üç gün sonra bildiniz?
– Həmişə belədir. Uğursuzluq olanda özündənrazı, ağıllı adamlar çox tapılır, hamıya dərs verməyə başlayırlar. Bu ilin mart ayında – Milli Şuranın yaranmasından iki ay öncə danışıqlar aparırdıq. O zaman bizim daxili müzakirələrimizdə bu söhbət olub. Bir hüquqşünas qrupu olmalıdır, bu qrup həm vətəndaşlıq, həm də başqa ölkə qarşısında öhdəliyin olmamasıyla əlaqəli sənədləri hazırlayıb, təqdim etməlidir. Mart ayında bu barədə daxili qərarımız olub. Deyildi ki, hüquqşünaslar bu işlə məşğuldur və problem olmayacaq. Ancaq onu da etiraf edək ki, Milli Şuranının təsis olunması xeyli ləngidi. Iyul ayının 2-də Rüstəm bəyin namizədliyini rəsmən irəli sürə bildik. Bundan sonra yalnız müraciət edə bildi. Ardınca da bürokratik maneələr işə düşdü. Rusiya qanunvericiliyi bu işə baxılması üçün müəyyən müddət ayırıb. Ancaq kim deyir ki, bu müddətin məhz sonuncu günü baxılmalıdır bu işə. Bu, bir imza ilə həll olunan məsələdir.
“Bu, Rüstəm bəyin, Milli Şuranın suçu yox, kənar müdaxilə kimi qiymətləndirilməlidir”
– Iclasların birində Ənnağı Hacıbəyli dedi ki, Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığının olub-olmamasına aydınlıq gətirin…
– Birincisi, Rüstəm bəyin Rusiya vətəndaşlığı olması barədə cəmiyyətə açıqlamanı kim verməli idi? Mən deməli idim, yoxsa Rüstəm bəy? Rüstəm bəy də bu məlumatı verib. Nə vaxt verib, bu başqa söhbətin mövzusudur. Imkanınız olanda bunu araşdırarsınız. Ikincisi, biz mart ayından bu barədə danışmışıq ki, Rüstəm bəyin vəkilləri bu işlə məşğul olsunlar. Deyiblər ki, problem olmayacaq. Iyulun 2-də vahid namizəd müəyyənləşəndən dərhal sonra Rüstəm bəyin sənədləri müvafiq idarəyə təqdim olunub. Sənədlər hazır olsa da, məsələ siyasi iradəyə dirənib. Bir imza ilə Rüstəm bəyin sənədləri beş dəqiqə ərzində həll oluna bilər. Sənəd problemi bu gün həll olunmursa, bu, Rüstəm bəyin, Milli Şuranın suçu kimi yox, kənar müdaxilə kimi qiymətləndirilməlidir.
– Kənar müdaxilə kim və ya nə ola bilər?
– Bu gün Rüstəm bəyin sənədləri hazırlanıb ona təqdim olunmursa, deməli, ən azı, burada bürokratik əngəl yaradılıb. Aylar ərazində əziyyət çəkib hökumətin təlimatıyla Milli Şuranı Rusiyaya bağlayan adamlar bu durumdan heç olmasa, bir az peşmançılıq, utanc hissi keçirirlərmi? Milli Şura necə Rusiyanın projesi idi ki, onun sənədinə vacib olan bir imza atılmır? Buna görə Rüstəm bəyin seçkilərdən kənarda qalması ehtimalı var. Bu da bizim iradəmizdən kənar məsələdir.
“Biz yenə o fikirdə qalırıq ki…”
– Adətən Siz, eləcə də AXCP üzvləri sosial şəbəkələrdə, mətbuatda Rüstəm Ibrahimbəyovun üzərində dayanırsınız ki, namizəd ancaq o olmalıdır. Sabah Rüstəm bəy ölkəyə gəlməsə – artıq bir neçə dəfə deyib, amma gəlməyib – cəmiyyətin qarşısına çıxış edib deyəcəksinizmi ki, bu səhv idi?
– Bilmirəm özünüz də səhv salmısınız, yoxsa maraqlı olması üçün sualı belə qoyursunuz. Tamam fərqli situasiyadır. Deməli, Rüstəm bəy vahid namizəd olandan sonra artıq hökumət mediası kampaniya başladı ki, onsuz da qeydə alınmayacaq. O zaman ikili vətəndaşlıq söhbəti heç getmirdi. Əsas məsələ bu idi ki, istənilən bəhanə ilə Rüstəm Ibrahimbəyovun namizədliyi qeydə alınmasın. O zaman bilmirdilər ki, Rusiyada Rüstəm bəyin sənədlərinin verilməsi bu qədər ləngiyə bilər. Deməli, o vaxtdan qeydə almamağa hazır idilər. Bu zaman daxildən belə fikirlər səsləndirilirdi ki, Rüstəm bəyin sənədləri qaydasında olsa belə, onun namizədliyini qeydə almazlar, başqa namizədlər olsun. Biz buna qarşı idik, indi də qarşıyıq. Çünki o halda sən hökumətə təklif edirsən ki, Rüstəm bəy bizim vahid namizəddir, qeydə alsan yaxşı olar, ancaq qeydə almasan da, biz yenə seçkiyə gedəcəyik. Beləliklə, faktiki hökumətin sənədləri qaydasında olan Rüstəm Ibrahimbəyovun namizədliyini qeydiyyata almamasına zəmin yaratmış olacaqdın. Seçkinin alternativli olmasına şərait yaradacaqdın. O zaman situasiya fərqli idi. Ancaq indi Rüstəm bəyin vətəndaşlıqdan çıxması ləngiyir. Özü məktub yazıb deyir ki, Milli Şuradan başqa namizəd irəli sürün. Biz yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisində bu məsələni müzakirə etdik. Indi də hesab etmirik ki, Milli Şurada kim istəyirsə, gedib namizəd olmalıdır. Milli Şura konsepsiyası o ideya üzrəində qurulub ki, ölkənin bütün demokratik qüvvələri birləşməlidir. Xalq görməlidir ki, ciddi, üzərinə məsuliyyət götürə bilən, kompromis tapa, qarşılıqlı güzəştə gedə bilən müxalifət var və onun ardınca getsin. ona görə biz indi də o fikrimizdə qalırıq. Bir halda Rüstəm bəy deyirsə ki, sənədlərimi almaya bilərəm, sənədlərim qaydasına düşməyə bilər, onda biz başqa bir şəxsi seçək, yenə də vahid namizəd verək.
ardı var