90-cı illərin əvvəllərində rayonumuzda əsas söhbət mövzusu rayona ayaq basan qəribə bir yenilik haqdaydı. Kolxoz bazarına üskük oynadanlar gəlmişdi və adamları bir ucdan soyurdular. Həmin oyunçular bizə Cəlilabaddan təşrif buyurmuşdu. Ancaq özlərindən o qədər arın-arxayın idilər ki, camaatı var-yoxdan çıxarır, bazara evinə ərzaq almağa gələnləri, bazarda alver edib üç-beş manat qazananları tələyə salıb soyur, ancaq səsini çıxarana elə təpinirdilər ki, kimsə ağzını açıb bir söz deyəndə, ağzının payını verib evinə kor-peşman göndərirdilər. Adamlar, demək olar, baş kəsirdilər və buna da heç bir sorğu-sual yox idi.
Bütün bu həngaməyə baxmayaraq, yenə də hamı bu oyundan, daha doğrusu, yenidənqurmanın bu maraqlı meyvəsindən bəh-bəhlə danışır, özləri də bilmədən hamısı var-yoxdan çıxmağa tələsirdilər.
Intəhası, bu fırıldaqçı üskük oynadanların bir müsbət tərəfi vardı, elə bu tərəflə də onlar etibarlarını daha da möhkəmlədir, oyuna daha çox adam cəlb edə bilirdilər. Hesablar qoyulandan, paralar yığılandan sonra gilənin hansı üsküyün altında olduğu hər kəsə diqqətlə göstərilir, sonra üsküklər gözbağlıca ustalığı ilə hərəkətə gətirilirdi. Bu zaman üskük oynadan dayanmadan deyirdi: “Aldadıram, aldanma…” Ancaq heç kim onun bu xəbərdarlığına məhəl qoymur, yenə də çox böyük ehtirasla aldanmağa davam edirdilər.
Bu söhbəti, çərşənbə günü jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin yekunlarını şərh edən Əli Əhmədovun fikirlərini oxuyarkən xatırladım.
Icra katibi deyir: “Ölkədə keçirilən müşahidələr, sorğular nümayiş etdirir ki, Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti prezident Ilham Əliyevin namizədliyini dəstəkləyir. Yeni Azərbaycan Partiyası Ilham Əliyevə dəstəyi müxalifətdən fərqli olaraq Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə edib, ölkə vətəndaşları tərəfindən dəstəklənir. Bu dəstək Ilham Əliyevin qarşıdan gələn prezident seçkilərində uğur qazanması üçün kifayət edir. Başqa dəstək Azərbaycana lazım deyil”.
Bu sözləri oxuyarkən gözlərimin önündə sürətlə yerlərini dəyişən üsküklər gəldi gözümün qabağına və elə bildim bununla bərabər, Əli Əhmədov təkrar-təkrar deyir: “Aldadıram, aldanma…”
“Aldadıram, aldanma…” – bu ifadə bu sözlərin fonunda daha aydın şəkildə səslənir: “Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti prezident Ilham Əliyevin namizədliyini dəstəkləyir”. Və yaxud bu cümlənin: “Başqa dəstək Azərbaycana lazım deyil…”
Əhalinin mütləq əksəriyyətinin dəstəyinin səbəbi nə ola bilər əcaba?
Korrupsiya? Rüşvət? Məmur özbaşınalığı? Ölkənin amansızcasına talan edilməsi? Xalqın boğazından kəsilərək xaricə çıxarılan milyardlar? Bir qarış Qarabağ torpağının azad edilməməsi? Qeyri-döyüş şəraitində gündən-günə artan əsgər ölümləri? Alışıb-yanan bazarların, durmadan artan ərzaq qiymətlərinin fonunda cüzi maaş və təqaüdlər? Seçici səslərinin kütləvi şəkildə saxtalaşdırılması, yəni seçicinin bir heçə sayılması, seçicinin seçki aktivliyinin sıfra endirilməsi, ös səsinə inamın büsbütün qırılması, vətəndaşların mülkiyyət hüququnun allahsız formada tapdanması, mülk yiyələrinin kompensasiyalarda uşaq kimi aldadılması, ələ salınması, səhiyyənin bərbad günü, “pulsuz” adıyla əslində baş kəsilməsi və nəticədə müalicə və əməliyyatlar üçün Irana, Türkiyəyə kütləvi axın, təhsilin uzun illər boyu özünə gəlməyəcək həddə məhv edilməsi, bankların amansız faizlərlə müşahidə olunan kredit cəlladlığı və s. və i.a.
Ola bilsin, Əli əfəndi o sözləri deyərkən sadaladığım bu və bunun kimi yüzlərlə xidmətlərinə əsaslanaraq danışır. Belə çıxır ki, xalq onun “Aldadıram, aldanma…” sözlərini bu qulağından alıb, o biri qulağından buraxır. Daha nə deyə bilərik. Oyunçu aparsın.