Hazırda həbsdə olan vəkil Qurban Məmmədov “Azadlıq”a məqalə göndərib. Vəkilin məqaləsini olduğu kimi təqdim edirik:
“Zahid Oruc (Ana Vətən Partiyası-AVP): ”Mənim anlmımda iqtidar cinahında bütün partiyalar şərti olaraq Ilham Əliyevin siyasi komandasının sadəcə bir üzvləridir. Hamımız üçün bir lider var-o da Ilham Əliyevdir” (“Yeni Müsavat” qəzeti. 07.08.2013, səh:6. “Fəzail Ağamalını təbrik etməmişəm” adlı müsahibədən).
Qanunvericilik nə deyir?
Seçki Məcəlləsinin 24.3-cü maddəsinə əsasən, MSK-nın 6 üzvü-deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları MM-də azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputaları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd MM-də çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları MM-də azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
Seçki Məcəlləsinin 24.3-cü maddəsinə əsasən, MSK üzvləri MM tərəfindən seçilir. Deməli, MSK seçkili orqandır və 24.3-cü maddənin məzmunundan göründüyü kimi, MSK üzvləri onların namizədliklərini verən “çoxluq, azlıq” partiyalarını və “müstəqil”ləri təmsil edir.
“Təmsil edir” anlayışı ilə Seçki Məcəlləsinin 25.1-ci maddəsinin mahiyyəti isə daban-dabana ziddir. MSK-nın üzvlərinin namizədliklərini verənləri təmsil etmək üçün yox, bu maddənin məzmunundan göründüyü kimi, “prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir”. Başqa sözlə, MSK-nın artıq seçilmiş, formalaşmış MM-ə və onun üzvlərinə xidmət etmək üçün deyil, yeni seçkiləri təşkil etmək üçündür. Həm də təkcə MM-ə yox, prezident, referendum və bələdiyyə seçkilərini təşkil etmək üçündür.
Onda soruşulur: Keçmiş MM-in tərkibinə görə formalaşdırılmış MSK-da yeni seçkilərin iştirakçısı olaraq yeni partiyaların, müstəqil şəxslərin MSK-da təmsilçilik hüquqları təmin edilirmi? Yox. Məqsəd – hakimiyyəti bir dəfə qanunsuz zəbt edənlərin onu əldə saxlamasıının asanlaşdırılmalıdır.
Əliyevşina, bu irticaçı rejim, qanunsuz yönətim özlərinin müəyyən etdikləri bu xəstə prinsipə də arxayın deyillər. Xalqa qarşı etdikləri qanunsuzluqlardan özləri də vahiməyə düşüb onları təmsil edən “çoxluğun namizədlərinə” tam güvənmirlər.
Əliyevşina reallığı
Rejim MSK-da elə bir qüvvələr nisbəti yaratmağa çalışır ki, seçkinin nəticlərini saxtalaşdırmaqda heç bir problem yaşanmasın, bir nəfər də olsun nəzarətsiz üzv olmamalıdır.
Indi gəlin sayaq görək MSK-da YAP-ın, Ilham Əliyevin neçə adamı var.
6 üzv (çoxluğun namizədləri)+1(müstəqillərin çoxluqla razılaşdırılmış 6 üzvdən biri)=7.
Artıq rejimin təhlükəsizliyi üçün lazım olan zəruri say var. Ancaq bu tam təminat vermir. Bu sayı mütləq 8-ə çatdırmaq lazımdır ki, millət aşağılarda kimə səs verir-versin, MSK Ilham Əliyevə lazım olan protokolu elan edə bilsin.
Axı Seçki Məcəlləsinin 282-ci maddəsinə əsasən, “MSK-nın qərarları açıq səsvermə yolu ilə MSK-nın iclsında komissiya üzvlərinin 12-si iştirak edərsə (arzuolunmaz şəxslərin iştirakına mane olmaq milyardlar üstündə oturanlara problem deyil – Q.Məmmədov) – azı 8 üzvnün; 13-ü iştirak edərsə – azı 9 üzvün, 14 və ya 15-i iştirak edərsə – azı 10 üzvün, 16-sı iştirak edərsə – azı 11 üzvün, 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir”.
Beləliklə, 7 səs artıq qanunla təmin edilib. Indi qalır “azlıqda qalan partiyalar” adı ilə yandaş partiyalardan bu “azlıqda qalanlar”ı düzəltmək. Onu da düzəldib 6 (səs) yer də oradan təşkil ediblər.
Ana Vətən Partiyasının sədri F.Ağamalının və həmin partiyadan olan və MM-də “azlıqda qalanlar” adı ilə faktiki olaraq I.Əliyevə lakeylik edənlərin mövqeyi göz qabağındadır. Sübut arxasınca uzağa getmək lazım deyil. Bu yazının əvvəlində verdiyim sitata baxmaq kifayətdir. Zahid Oruc açıqca bəyan edir ki, onların hamısının bir lideri var -Ilham Əliyev. Bu da sənin “azlıqda qalan” partiyaların. 6 səs də burdan gəlir: 7+6=13.
Müstəqillər də 5 səs qalıb. Onun da biri “azlıqda qalanlarla razılaşdırılmaqla” onların belində gedir, I.Əliyevə: 13+1=14.
MSK-da qaldı 4, mövqeyi guya ki, qeyri müəyyən olan üzv.
Onlar necə, həqiqətənmi “müstəqil”dirlər və mövqeləri qeyri-müəyyəndir? Əlbəttdə, buna yalnız axmaqlar, giclər və dəlilərlə ölülər inanar.
Bu günə qədər həmin “müstəqil”lərdən kimsə I.Əliyeviin siyasətini, ölkədə bərqərar olan total rüşvətxorluq və korrupsiya sistemini tənqid edən görmüsünüzmü? Yox!
Əkisinə, həmin “müstəqil”lər böyük həvəslə müxalifətin əleyhinə, xüsusilə də, son vaxtlar R.Ibrahimbəyovun əleyhinə aparılan qarayaxma kampaniyasında fəal iştirak edirlər.
Bununla da onların “müstəqil”liyinin qlaf, sirma, örtük, pərdə olduğunu sübut olunub. 4 səs də buradan gəldi, I.Əliyevə: 14+4=18
Siyasətdə meyar qanun və əxlaq deyil
MSK-nın isə cəmi 18 üzvü var. Bunlar indiki seçkilərdə I.Əliyevin maraqlarını təmsil edirlər. Bəs qalan namizədləri MSK, DSK və Məntəqə SK-da kimlər təmsil edir? Heç kim!
Bu aydındır!
Bir qapıya oynanılan oyundur!
Bu, qanunsuz, qaydalar I.Əliyev tərəfindən müəyyən edilən oyundur.
Indiki rejim 1993-cü ildə H.Əliyevin başçılığı altında, yaranmış vəziyyətdən istifadə edərək, qanunsuz yollarla hakimiyyəti ələ keçirib və uzun müddət saxlamaq üçün də belə qanunsuz bir MSK yaradıb. Faktiki olaraq millətin seçim haqqı qəsb edilib, iradəsi zorlanıb.
Avstriya yazıçısı S.Tsfeyqin bir sözü var: “Siyasətdə meyar qanun və əxlaq deyil, qələbədir. Qalibsənsə güclüsən! Güclünün haqqı, gücsüzün haqqının tapdalanmasında ifadə olunur”.
I.Əliyev Stefan Tsfeyqin (Sveyq) bu təlimini yaxşı mənimsəyib.
Ancaq I.Əliyev unudub ki, böyük sənətkar bu fikirləri orta əsrlərin siyasi əxlaqı haqqında deyib. Indi isə XXI əsrdir.
Seçki Komissiyalarının Parlamentdə formalaşması tam qanunsuzdur. Çünki MSK və sair komissiyalar məhz parlament seçkilərinin (yəni olmayan paralmentin) təşkil edilməsi üçündür.
Deməli, MSK-nın təşkilinin Parlamentdən kənar yolu tapılmalıdır.
MSK seçkilərdə iştirak edən şəxslərin-namizədlərin hamısına eyni münasibətdə-neytral olamalıdır.
Bunu isə indiki Azərbaycanda təmin etmək mümkün deyil
Qalır bir yol. Bütün namizədlər paritet əsaslarla, bərabər sayda öz namizədlərini irəli sürür və bu tərkib ya tərəflərin (namizədlərin) birgə protokolu, ya fəaliyyətdə olan prezident, ya Daxili Işlər Nazirliyi, ya da istənilən razılaşdırılmış orqanın qərarı ilə təsdiq olunur.
Yoxsa, indiki halda 18-0 fora ilə oyuna başlamaq, dəvə və pambıq məsələsi kimi bir şeydir.
I.Əliyevin əməllərini bütün dünya görür. Millətimiz isə öz baxışını çoxdan ortaya qoyub: 1998-ci ildə H.Əliyevə yox deyəndə.
Apelyasiya Məhkəməsinin gözləmə kamerası.
Dizüstü yazı. 7 avqust 2013-cü il