Gülər Əhmədovaya “Sevinc Babayeva hədəsi”

Sabiq deputatın danışa biləcəyindən ehtiyat edən hakimiyyət ona necə təzyiq edir?

Xəbər verildiyi kimi sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın ölümü ilə bağlı aparılan istintaqda ilginc faktlar üzə çıxıb. Bunlardan biri Sevinc Babayeva Istanbulda olarkən Gülər Əhmədovanın onunla skayp vasitəsilə danışıqlarıdır. Bu danışıqlarda Gülər Əhmədova rəfiqəsinə məsləhətlər verib.
Bundan başqa istintaqın əlində S.Babayeva Istanbulda olduğu müddətdə ora gedən və onunla görüşən G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun da görüntüləri var. Bu görüntülər Fikrət Əhmədovun bir neçə gün boyunca qaldığı “Beynova” otelində çəkilib. Həmin otelin lobbisində Sevinc Babayevanın da görüntüləri qeydə alınıb. Hazırda istintaq məhz bu sübutlar üzərində işləyir.
Avqustun 7-də Gülər Əhmədova barəsində həbs-qətimkan tədbirinin müddəti növbəti dəfə artırılıb. Bundan əvvəl məlumatlar yayılmışdı ki, sabiq deputata avqust ayına qədər səbr etmək tövsiyyə edilib. Gülər Əhmədovanın vəkillərinə avqust ayına qədər danışmaq qadağan etməsi də bununla izah edilirdi. Lakin məlumatlar özünü doğrultmadı. Gülər Əhmədova həbsdə qaldı. Məlumatlara görə, hakimiyyət seçki ərəfəsində sabiq deputatın azadlığa buraxılmasını məqsədəuyğun saymayıb. Gülər Əhmədovaya son vəd verilib: Seçkidən sonra.
Lakin bu məlumatlar belə deməyə əsas verir ki, Gülər Əhmədova seçkidən sonranı gözləmək istəmir. Bu baxımdan da sabiq deputata təzyiq etmək üçün Sevinc Babayevanın ölümü ilə bağlı aparılan istintaqda “yeni detallar” üzə çıxıb. Yəni, hakimiyyət bu məsələyə görə nəinki Gülər Əhmədovanı, hətta onun ərini məsuliyyətə cəlb edə biləcəyini sabiq deputatın diqqətinə çatdırır.