Onlar ölkə gəncliyini aktiv olmağa səsləyir
Avqustun 12-də Milli Şuranın növbəti sessiyası keçirildi və bu sessiyada bir çox məsələlər müzakirə olundu. Müzakirə olunan məsələlərdən biri də Milli Şuranın ilk mitinqinin keçirilməsi idi. Sessiyanın yekununda Milli Şura avqustun 18-də kütləvi mitinq keçirməyə qərar verdi.
Mitinqə qərar verilən gündən müxalifət düşərgəsində mitinqlə bağlı hazırlıqlara start verildi.
Ölkənin ictimai fəal gəncliyi də bu mitinqdə iştirakı vacib sayır və hər kəsi bu mitinqdə iştiraka səsləyirlər.
Bu mitinq sonun başlanğıcı olacaq
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildrdi ki, partiyanın digər strukturları kimi gənclər komitəsi də mitinqlə bağlı hazırlıqlar görür və bu istiqamətdə gənclər komitəsinin geniş iclası da keçirilib: “Biz hesab edirik ki, bu mitinqdə iştirak etmək hər bir gəncin borcudur və ölkədə köklü dəyişikliklərə nail olmaq üçün kütləvi tədbirlərdə iştirak vacibdir. Buna görə də biz təkcə partiya üzvü olan gənclərə deyil, ölkənin müxtəlif bölgələrində yaşayan, fəaliyyət göstərən vətəndaşlarımıza müraciət ünvanlayırıq. Azərbaycanda ədalətli, demokratik, azad bir cəmiyyətin qurulmasında maraqlı olan hər bir vətəndaş ölkədə baş verən taleyüklü proseslərə biganə qalmamalıdır. Gənclər Komitəsi müxtəlif formalarda mitinqin təbliğatın aparır, sosial şəbəkələrdə, fərdi qaydada, qrup halında üzərimizə düşən missiyanı yerinə yetiririk. Inanırıq ki, bu mitinq Azərbaycanda sonun başlanğıcı olacaq”.
Bu prosesin lokomotivi gənclər olmalıdır
Müsavat gənclər Komitəsinin sədr müavini Əhəd Məmmədli də partiya gənclərinin mitinqə yüksək ovqatda hazırlaşdığını və gənclərin mitinq qərarından məmnun olduqlarını bildirdi: “Biz mitinqlə bağlı hazırlıqlara start vermişik. Müxtəlif bayraqlar, plakatlar, şüarlar hazırlamışıq. Bölgələrdən də bizə gələn məlumatlardan görünür ki, gənclər bu mitinqə böyük ruh yüksəkliyi ilə hazırlaşır və bu mitinqin perspektivinə inanır. Tarix boyu gənclər bütün dəyişikliklərdə lokomotiv rolunu oynayıb. Rəsulzadə, Elçibəy və digərləri gənc yaşlarından azadlıq uğrunda mübarizəyə başlayıblar. Biz də ölkə gəncliyini bu prosesdə aktiv iştirak etməyə, sabahımıza sahib çıxmağa çağırırıq”.
Bu mitinq qeyri-müəyyənliyə son qoyacaq
“NIDA” Idarə Heyətinin üzvü Turqut Qəmbər hesab edir ki, mitinq qərarı vaxtında atılmış addımdı və hər bir vətəndaş bu mitinqdə iştirak etməlidir: “Bizim təşkilat da mitinqə yüksək səviyyədə hazırlaşır, bu mitinqin zəruriliyini dərk edir və ölkə gəncliyinin həlledici qüvvə olduğuna inanır. Azərbaycan cəmiyyətində bir az qeyri-müəyyənlik yaranıb, seçki öncəsi passivlik hiss olunur. Ona görə də dinamikanı qaldırmaq, cəmiyyəti ayaqda tutmaq üçün mitinq qərarı müsbət addımdır. Ölkə gəncliyini də bu prosesdə aktiv iştiraka çağırırıq. Böyük ehtimalla bu mitinq razılaşdırılmış şəkildə olacaq və hər kəsin təhlükəsizliyi təmin olunacaq, həbslər, zorakılıqlar olmayacaq”.
Gənclər bu mitinqdən çox şey gözləyir
VHP Gənclər komitəsinin sədri Pünhan Imanlı bildirdi ki, Demokratik qüvvələrin bir araya gəldiyi koalisiya olan Milli Şuranin avqustun 18-nə təyin etdiyi mitinqdən gənclər çox şey gözləyir. “Təbliğatdan asılı olaraq həmin mitinqdə on minlərlə insanın iştirakı gözlənilir. Bütün partiyalar, partiyaların gənclər təşkilatları və müxalif fikirli müstəqil gənclər təşkilatları bu mitinqin uğurlu olması üçün var gücü ilə çalışır. Artıq mitinq komitəsi yaradılıb, komitə hər gün toplantı keçirir və görüləcək işlər müzakirə olunur. Biz də bu mitinqdə iştirakı özümüzə borc bilirik və vətəndaşları bu mitinqdə fəal iştiraka çağırırıq. Bu ölkə bizimdir və biz bu ölkə uğrunda savaşmalıyıq”.
Ilham Hüseyn