AXCP sədrinin izlənilməsi bu vaxta qədər də hakimiyyət üçün bir nömrəli işlər kateqoriyasına aid olub
AXCP sədri Əli Kərimlinin evinə “çağırılmamış qonaqların” gəlməsi və bu hadisə ilə bağlı “onu dinləmək üçün belə edirlər” kimi şərhlər, yazsaq ki, çoxlarını təəccübləndirmədi, yalan olmaz. Əlbəttə, bu yaramaz əməlin arxasında hakimiyyətin durduğuna şübhə edənlər az oldu. Eyni zamanda, siyasi rəqibə qarşı bu cür nadürüst hərəkət növbəti dəfə hakimiyyətə qarşı ikrah dalğasını kükrətdi.
Əli Kərimli ilə bağlı bu hadisənin motivləri kifayət qədər aydın olsa da, şərh olunası, qaranlıq qalan xeyli məqamlar var. Əvvəla, Əli Kərimlinin danışıqlarının dinlənilməsi, fəaliyyətinin izlənilməsi bu vaxta qədər də hökumət üçün bir nömrəli işlər kateqoriyasına aid olub.
Hələ 2005-ci ildə Əli Kərimlinin “Xaqani 33″dəki kabinetində dinləmə qurğusu aşkarlanmışdı və o qurğunun ucları gedib qonşuluqdakı hökumət binasına çıxırdı.
Bu fakt o qədər bariz idi ki, hakimiyyət, hətta imitasiya üçün də istintaq hərəkətləri aparıb Əli Kərimlini kimin dinlədiyi, bu qurğunu binaya kimin yerləşdirdiyi suallarını cavablandırmadı.
Ikincisi, Əli Kərimlinin yaşadığı evin də indiyə qədər diqqətdən kənarda qaldığını düşünmək sadəlövhlük olardı. Bütün texniki və canlı vasitələrlə hakimiyyət Əli Kərimlini nəzarət altına almaq istəyib. Onun yaşadığı binanın önündə daim “keşikçilər” dayanıb və gəlib-gedənlərin dəqiq hesabatı aparılıb. Hakimiyyət bu sahədə o qədər abırsızcasına cəsarətlidir ki, hətta xarici, nüfuzlu qonaqları AXCP sədri qəbul edərkən güdmədə “pəhriz saxlaya” bilməyib.
“Eurovision” yarışması ərəfəsində bu güdməni BBC əməkdaşları da lentə də almağı bacarmışdılar.
BBC-nin “Ponarama” proqramı üçün hazırlanan süjetdə müxbirlər Əli Kərimlinin mənzili önündə hakimiyyətin təşkil etdiyi “quyruqların” olmasını təsadüfi saymamışdılar və bu barədə AXCP sədrinin özünə də sual vermişdilər. Əli Kərimlinin ağır şərtlərə baxmayaraq, hakimiyyətə ciddi və prinsipial opponentlik etdiyini vurğulayan müəlliflərin bir sualı da beləydi:
– Evdən çıxanda izlənilirsiz?
Əli Kərimli:
– Hər dəfə onlar məni müşayiət edirlər. Onlar sanki mənə mesaj göndərirlər ki, “biz sənin həyatını paylaşırıq”. Mən uzun illərdir belə yaşıyıram.
Eyni halı 2012-ci ilin aprelində Azərbaycanda olan Almaniyanın məşhur “Şpigel” jurnalının əməkdaşları da qeydə almışdılar. Əli Kərimli ilə hazırlanan müsahibədə onun çox ciddi təqib altında olduğu göstərilirdi.
Diqqətli oxucular AXCP sədrinin mənzilinə gələn internet xəttində də tez-tez “texniki problemlər” yaşanmasından xəbərdardılar. Hökumət bir neçə dəfə onun bloqunun, yazışmalarının ələ keçirilməsi üçün səylər göstərib.
Beləliklə, bir məqam üzə çıxır: bu vaxta qədər hökumətin bütün dinləmələri səmərəsiz qalıb. Ya Əli Kərimli peşəkar davranaraq öncətədbirlərlə məkrli planları puç edib, ya da qarşı tərəfə şadyanalıq yaşadan heç bir əsas, bəhanə verməyib. Ikinci versiya daha inandırıcıdır. Çünki “Kompramatlara qarşı ən təsirli tədbir kompramatsız yaşamaqdır” fikrinin müəllifi məhz Əli Kərimlidir.
Bundan başqa, “WikiLeaks” amerikalı diplomatların öz ölkələrinə göndərdikləri teleqramları yayanda ondan uduşla çıxan nadir siyasətçilərdən biri məhz Əli Kərimli oldu. Bəlli oldu ki, ən məxfi danışıqlarda da Əli Kərimli ictimailəşdirdiyi, apardığı siyasətin ziddinə heç bir fikir yürütmür, onun siyasəti sözün əsl mənasında şəffafdır.
Bəs elə isə bu evəgirmənin mənası nədir?
Şübhəsiz, burada xoş məramdan söz açmaq gülməli olar. Bu hadisənin arxasında ən namərd niyyətlərin durduğunu ehtimal etmək mümkündür. Bura biz gizli müşahidədən tutmuş, fiziki terrora qədər hər şeyi əlavə edə bilərik. AXCP sədrinin ağzı bağlı cibindən tank əleyhinə qumbara “çıxaran” və bu bəhanə ilə onu 7 ildir pasportsuz qoyan zehniyyət o evdə növbəti axtarış aparıb tank da tapa bilər, “Taliban”çılar, “Hizbullah”çılar üçün döyüş təlimatı da.
Hakimiyyət hələ ki, bu cinayət önündə də susur. Susmaq isə razılıq əlamətdir, deyirlər. Nə qədər ki, biz Əli Kərimlinin mənzilinə olunan müdaxilə ilə bağlı ağlabatan rəsmi izah eşitməmişik, bu bəd əməl hakimiyyətin növbəti təhnə hərəkəti kimi tarixə qovuşacaq.
Natiq Güləhmədoğlu