Eldar Həsənov kimlərə mesaj verdi?

Səfir barəsində yazılanları sifariş adlandırdı 

Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Eynulla Fətullayevin “Ilham Əliyevə qəsdin üstü açıldı” yazısına cavab verib. Səfir virtualaz.org-da yayımlanan həmin yazının sifariş olduğunu bildirib. Eldar Həsənovun cavabını bəzi ixtisarlarla təqdim edirik:
“Yazır ki, ”Eldar Həsənovun günü demək olar ki, Rusiyada keçir”, “Milyarderlər Ittifaqı” layihəsinə cəlb edilən və kölgədə saxlanan ehtiyat oyunçulardan biridir”, Akif Muradverdiyev, Eldar Namazov, Söyün Sadıqovla görüşlər keçirməyim, hansısa biznes layihələrdə olmağım və sair gülünc şayiələr. Həvəskar detektivimizin nəzərinə çatdırmaq istərdim ki, son dəfə Rusiyada təxminən 3 il bundan qabaq beynəlxalq tədbirdə iştirak etmək məqsədilə olmuşam. Bu məlumatı bulanıq işlərdə püxtələşən sifarişçisi də Rusiyadakı dostları vasitəsilə sərhəd xidmətindən çox asan şəkildə yoxlaya bilər.
O ki qaldı “çoxbilmiş tədqiqatçı”mızın mətbuatda “Milyarderlər ittifaqı” kimi adı sadalanan “layihəyə cəlb olunmağımı” “ifşa etməsinə”, bu təşkilatda təmsil olunan insanlardan bir neçəsini şəxsən tanıdığım və onlardan bəzilərinə isə hörmətli münasibətimin olması sirr deyil. Tanıdığım bu şəxslərin Azərbaycan prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı hər hansı fəaliyyətdə iştiraklarına inanmaq və bunu qəbul etmək istəmirəm. Digər tərəfdən isə, məni tanıyanlar onu da yaxşı bilirlər ki, Azərbaycanın müstəqil dövlətçiliyinə, xalqımızın təhlükəsizliyinə və dövlətin konstitusion əsaslarına qarşı yönələn qəsdlərdə, cinayətlərdə iştirakı olanlara qarşı münasibətdə mənim üçün qohum-əqraba, dost-tanış amili heç vaxt olmayıb və olmayacaq. Hətta Baş prokuror işlədiyim illərdə belə verdiyim qərarlar, imzalanmış sənədlər bu cür hallara qarşı barışmaz və tərəddüdsüz mövqeyimin bariz göstəricisidir.
Azərbaycan Prezidenti və müstəqil dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi naminə öz imzamla, adımla, əməli fəaliyyətimlə açıq mübarizə aparan ağır illərdə bugünku çızmaqaraları və beynəlxalq təşkilatlara müraciətləri ilə hakimiyyətə qənim kəsilən Eynulla  Fətullayevin hansı yolun yolçusu olduğunu hamı bilir. Nədir bu qəfil transformasiya?! Sözdə vətən sevgisi, sözdə dövlət sevgisi?! Bütün bunlar, olmayan yerdən problem yaratmaq, onu süni olaraq şişirtmək və Azərbaycan prezidentinə özünü bu olmayan problemi həll etməyə qadir olan “yeganə qəhrəman” kimi qələmə verməkdən, şəxsi və qrup maraqları naminə “bizim də xidmətlərimiz var”, “biz olmasaq….” kimi fikirlərlə, nəyin bahasına olursa olsun kreslosunu qorumağa və özünü sırımağa cəhd göstərməkdən başqa bir şey deyildir…
…Cənab Ilham Əliyevin küləyin istiqamətindən asılı olaraq dəyişən “mirzə”lərin çızmaqaralarına və onlardan geri qalmayan dar düşüncəli sifarişçilərin müdafiəsinə və “ayı xidməti”nə ehtiyacı yoxdur. Nankor, biçarə nökər kimi xalqını, dövlətini müxtəlif cinayətlərdə əsassız ittiham etmək yolundan müvəqqəti çəkilib, bu cür sərsəm hədyanlar uydurmaq da dövlətçiliyə və xalqa xidmət deyildir. Xalqa, dövlətə sədaqət və xidmətlə xəyanət anlayışlarının fərqini hələ də dərk etməyib, belə çirkin yolla özünü Azərbaycan dövlətçiliyinin müdafiəçisi kimi qələmə verməklə Eynulla Fətullayev nəyə nail olmaq istəyir?! Suyun üzündə qalmaq üçün köpüyə belə əl atan zavallı insan kimi görünməkdən həzz alırsa, növbəti uydurmalarına münasibətim, cavablarım və cavabı olmayan suallarım ona yox, onun xəyalpərəst, kinli, fürsətcil və fəsadçı sifarişçisinə olacaq”. Göründüyü kimi Eldar Həsənov yazının sifariş olduğunu iddia etsə də, ad çəkməyə tələsmir. Səfir ad çəkməsə də, onun kimlərə mesaj verdiyini təxmin etmək çətin deyil. Biz iddia etmirik ki, yazı həqiqətən də sifarişdir. Sadəcə Eldar Həsənovun fikirlərindən doğan ehtimalları diqqətə çatdırmaq istəyirik.
Hələ bir müddət əvvəl Eldar Həsənovun yüksək posta gətiriləcəyi barədə məlumatlar yayılmışdı. Xüsusilə onun Prezident Administrasiyasının rəhbəri postuna təyin ediləcəyi vurğulanırdı. Eldar Həsənovun səfir kimi fəaliyyətinə xitam vermək istəyi barədə Ilham Əliyevə ünvanladığı müraciət də gözlənilən təyinatla izah edilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Ilham Əliyev Eldar Həsənovun istefasını qəbul etmədi. O, səfir kimi (Rumıniya istisna) fəaliyyətini davam etdirməli oldu. Məlumatlara görə, Ramiz Mehdiyevin əzələ nümayişi Eldar Həsənovla bağlı planın təxirə salınmasına səbəb olub. Bu şəxslərin əvvəldən münasibətləri soyuq olub. Güman etmək olar ki, Eldar Həsənov “sifarişçi” deyəndə Ramiz Mehdiyevi nəzərdə tutur. Lakin onun təkcə PA rəhbərilə deyil, hakimiyyətdə bir çoxları ilə münasibətləri yaxşı deyil. Bu sırada hazırda Konstitusiya Məhkəməsinin hakimi, baş prokurorun keçmiş birinci müavini Isa Nəcəfovun adını çəkmək olar. Eldar Həsənov bu şəxsi də nəzərdə tuta bilər…