Avqust yorğunluğu

Deməli, dünən bizim bəzi saytlar yazdılar ki, bəs, Amerikada meymunlar sosial şəbəkədən istifadə edəcəklər, guya bunda məqsəd meymunlarla insanların nə qədər oxşar olduğunu bir daha sübut etməkdir.

Amerikalılar, əlbəttə, çox gecikiblər. Bizdə xeyli meymun lap çoxdan sosial şəbəkələrdən istifadə edirlər. Onlar statusdan statusa, profildən profilə hoppanaraq adamların əsəbləri ilə oynayır, başqalarını da özlərinin mental bataqlığına çəkmək istəyir, mütərəqqi bir icaddan öz kiflənmiş, qıcqırmış geriçi düşüncələrini hər kəsə sırımaq üçün istifadə edirlər. Ölkə soyulur – veclərinə olmur, müğənni soyunur, facebook-u alırlar başına. Bu saat bizdə sosial şəbəkələr maşınını iki təkər üstə qaldıran qaqaş şəkilləri, toyxana mahnıları, üstünə “allah” yazılmış meyvə-tərəvəz fotoları, bütün nəhəng kəşfləri avropalıların müsəlmanlardan çırpışdırdığına dair qara-qışqırıqla doludur. 

Az qala bir ildir ölkə mətbuatının əsas mövzularından biri Gülərgeyt işidir. Mətbuatı qoyduq bir qırağa. Inanmırsan, maraqlanmırsan, oxumursan. Xub. Yaxşı, axı az qala bütün sosial şəbəkələrdə boy verən biri necə o boyda Gülər Əhmədova məsələsindən, mandat alveri həngaməsindən xəbərsiz ola bilər? Hə, bu günlərdə facebook dostlarımızdan birinin səhifəsində bir istifadəçi Gülərlə bağlı paylaşılan xəbərdəki fotonu görüb elə belə də yazmışdı: “Mən bu arvadı tanıyıram. Deyəsən, deputat idi. Bəs niyə tutublar onu?”. Dəhşətə gəlməmək mümkündürmü? Amerikalılar isə deyir ki, meymunlara sosial şəbəkədən istifadə etməyi öyrədəcəklər. Gecikmisiniz. Biz də artıq onlar çoxdan sosial şəbəkələrdədirlər. Bu saat facebookda təkamül prosesini keçməyənlərlə doludur, adamın insanla meymun arasındakı yaxınlığa heç bir şübhə yeri-zadı qalmır. 

Adam bəzən lap məəttəl qalır. Bunlardakı nəyin qafasıdır? Nə yeyib-içirlər? Keçənlərdə biri götürüb yazır ki, “yenə seçki? Iki ildən bir seçki olar? 2010-cu ildə seçki olmuşdu da, bəs indi nə seçkidir?”. Bunu görən bir ağıllı dostumuz ona az qala bir saata yaxın parlament və prezident seçkilərinin fərqini izah etmək məcburiyyətində qalmışdı. Mənim bu dostumuza elə yazığım gəldi ki… Onu başa düşürəm. Hesab edir ki, hər kəsi anlada-anlada, öyrədə-öyrədə, maarifləndirə-maarifləndirə qazanmalıyıq. Prosesə cəlb etməliyik, ümumi işə qoşmalıyıq. Amma ta bu qədər də yox də! Axı bizim həyatımız niyə bu qədər zəhər olmalıdır? Enerjimiz, gücümüz niyə belə mənəvi vampirlərə, təkamül prosesindən nəsibini almamışlara xərclənməlidir?

Başa düşürəm, özüm də yazılarımda tez-tez təkrarlayıram, bizim kimi ölkələrdə görüləcək işlər normal, sivil bir ölkədə görülməli işlərdən qat-qat çoxdur. Hədəflərə, məqsədlərə çatmaq üçün daha çox işləmək, daha çox əziyyət çəkmək tələb olunur. Az qala hər kəsə ayrı-ayrılıqda nəyisə izah etməli, anlatmalısan. Az qala hər kəsi ayrı-ayrılıqda ayıltmalı, aydınlandırmalı, azad etməlisən. Hətta ən yaxınlarını, ən doğmalarını belə! Bəzən heç hardan başlayacağını da bilmirsən. Hara addım atsan, dərddir, irindir. Sistem bir dərddir, toy bir dərd, yas bir dərd, din bir dərd, dil bir dərd, kitabsızlıq bir dərd, təhsil bir dərd. Anar bir dərd, Zəlimxan başqa dərd, Nadir Qafarzadə bambaşqa dərd. 

Amma bəzən də hər şeyə tüpürüb demək istəyirsən: bir halda ki, çoxluq bu bataqlığın, bu üfunətin içində xoşbəxtdir, halından məmnundur, çabalamır, qurtulmaq istəmir, sən nə edə bilərsən? Heç nə. Bir kənara çəkilib gözləməlisən ki, boğulan nə vaxt xilas olmaq istəyəcək, düşdüyü bataqlığı nə vaxt azad, ləyaqətli bir həyata dəyişmək istəyəcək və onu oradan çıxara bilməyin üçün əlini sənə uzadacaq…

Pessimizm deyil bu. Yox, əsla pessimizm deyil bu. Sadəcə, isti bir yay günündə yorğunluq dənizinin sahilə atdığı adi bir həqiqətdir.

Bu yazını da o adi həqiqətin kölgəsində dincəlmək kimi qəbul edin.