Zahid Oruc namizədliyində israrlıdır

“Seçki müxtəlif təfəkkürlərin yarışıdır və bunu süngü ilə qarşılamaq düzgün deyil”

AVP-çi deputat yeni partiya yaradacağı xəbərini təkzib etdi

Ana Vətən Partiyasının (AVP) sədr müavini, partiyanın Ali Məclisinin üzvü, deputat Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürməsi haqda məlumat vermişdik.
Bu namizədlik ətarfında müxtəlif diskusiyalar yarandı. Bəziləri bunu yeni partiya yaratmaq cəhdi kimi, bəziləri hansısa dairələrin sifarişi kimi qiymtləndirdi.
Deyilənlərə aydınlıq gətirmək üçün  Z.Orucun mövqeyini öyrəndik.
Zahid Oruc bildirdi ki, namizədliyini özü irəli sürüb və millət vəkili kimi bu, onun konstitusion haqqıdır :  “Vətəndaşın hədəfində olan məsələ odur ki, onun yaşantısındakı problemlər seçki vaxtında özünü göstərsin. Mən bu ideyaya sadiq qalmaq istəmişəm. Bunun üçün partiya, qurum, komitə çərçivə olmamalıdır. Müxtəlif reaksiyalar məsələni şişirtməyə yönəlib. Mən hər zaman bəlli kursa, hazırki platformaya sadiq olan insan kimi tanınmışam və mənim əqidəm müzakirə mövzusu ola bilməz. Ancaq, vətəndaşın müəyyən sosial güzaranı var, arzuladığı daha yaxşı hüquqi cəmiyyət var, məmurdan özünə qarşı diqqət gözləyir, şəffaflıq istəyir, qanunların hökmran olmasını istəyir. Bu məsələlərin diqqətə çatdırılmasının nəyi pisdir? Biz siyasəti ağ və qara rənglərin kontrastı kimi görürük və bu, yanlış fikirdi. Seçki 2 cəbhədən ibarət deyil. Seçki müxtəlif təfkkürlərin yarışıdır və buna süngü ilə yanaşmaq düzgün deyil. Mən 100-lərlə zəng alıram və insanlar mənim fikrimə hörmətlə yanaşır. Mənim namizədliyimi anlayışla qarşılamaq gərəkdir və bu bizim xalqın xeyrinə olacaq”
Pariya yaratmaq və partiyadan çıxarılma məsələsinə gəlincə, Zahid Oruc bildirdi ki, qurumun yanlış addımı yanlış fikrlərin formalaşmasına səbəb olur. “Mediada bu məsləni yanlış təqdim ediblər. Mənim partiya yaratmaq fikrim yoxdur və içimdə daşıdığım fəlsəfə Azərbaycan cəmiyyətinin birliyini, onun düşündüklərini seçki müddətində ümumi polemikada göstərməkdi. Yetər ki, seçkidən xalq qalib çıxsın. Partiya yaratmaq istiqamətində heç bir çabam yoxdur. Mənim partiyadakı sonrakı fəaliyyətimə gəlincə, yaxın günlərdə mövqeyimi ortaya qoyacam. Əsas seçkidə iştirak etməkdir”.

İlham