Putin niyə azərbaycanlı kapitanla gəlmişdi?

“Moskovski Komsomolets”: “Dağıstan”ın kapitanı Vüsal Miriyev özünü təqdim edəndə Əliyevin nə fikirləşdiyi məlum deyil”

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri qeyri-formal şəraitdə də davam edib. Rəsmi görüşlərdən sonra Azərbaycan prezidenti Putini evinə qonaq aparıb və onlar çay süfrəsi arxasında, qeyri-formal şəraitdə söhbəti davam etdriblər.

Prezidentlərin görüşünün bir qeyri-rəsmi hissəsi isə Bakı limanında lövbər salan “Dağıstan” hərbi gəmisinə baxmaq olub. Xatırladaq ki,  “Dağıstan”  hərbi gəmisi Rusiyanın Xəzər donanmasının gəmilərinin müşayiəti ilə Putindən bir gün əvvəl Bakıya gəlib. Gəminin komandiri prezidentlərə “Dağıstan”ın hərb-texniki göstəriciləri barədə məlumat verib, onlara suvenir bağışlayıb.

Elə həmin kapitanla bağlı maraqlı məlumat əldə etmişik. Sən demə, gəminin kapitanı milliyətcə azərbaycanlıdır. Bu şəxs əslən Goranboy rayonunun Səfikürd kəndindən olan 1978-ci il təvəllüdlü Miriyev Vüsal Müzəffər oğludur.
O, 1996-cı ildən Rusiya hərbi donanmasında xidmət edir. 3-cü dərəcəli gəmi kapitanıdır. Uşakov adına Ali Dənizçilik məktəbini bitirib. Bundan sonra təyinatla Xəzər donanmasında xidmətə başlayıb. Əvvəlcə raket daşıyan katerin kapitan köməkçisi, sonra isə kapitanı olub. 2010-cu ildən “Tatarıstan” gəmisinin kapitanıdır. Maraqlıdır ki, Putinin səfərindən vur-tut iki gün qabaq Bakıya gələn “Dağıstan” gəmisinə kapitan təyin olunub.
Ailəlidir, üç uşaq atasıdır.

Bakıya lövbər salan gəminin kapitanını azərbaycanlı olması Rusiya KİV-in nəzərindən qaçmayıb. Rusiyanın “Rossiya-24” telekanalı bu haqda verdiyi reportajda belə bir məqama toxunub. «Gəmi kapitanı özünü təqdim edəndə Putin və Əliyev bir qədər çaşdı. Putin özünü elə göstərdi ki, sanki onun azərbaycanlı olduğunu bilmirmiş. Amma yenə ondan bu barədə soruşdu və təsdiq cavabını aldı”.

“Moskovski Komsomolets” isə yazır: “Dağıstan” hərbi gəmisi ən müasir texnologiyalarla təmin olunub.  Dənizdə və quruda uzaq mənzilli hədəfləri dəqiqliyi ilə vurmaq qabiliyyətinə malikdir. Azərbaycan tərəfinə məxsus “Qusar” gəmisi isə “Dağıstan”dan düz 20 metr balacadır. Heç bir hərbi gəmi “Dağıstan”la üz-üzə gəlməsin. Çünki çox təhlükəlidir”.
Qəzet daha sonra gəmi kapitanının azərbaycanlı olmasına diqqət çəkir: “Hər iki prezident gəminin göyərtəsinə qalxdılar. Gəmi kapitanı Vüsal Miriyevin məhz azərbaycanlı olduğunu bildilər. Vüsal Miriyev özünü təqdim edəndə Putin bunu iki xalq arasında dostluq münasibətinin təzahürü kimi xarakterizə etdi. Həmin vaxt Əliyevin nə fikirləşdiyi məlum deyil”.

İnformasiya şöbəsi