Hakim Əvəz Zeynallıdan vaxt istədi
Əvəz Zeynallı: «Mən Mətbuat Şurasına bundan sonra 30 il vaxt vermişəm»
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya ötən gün Nərimanov Rayon Məhkəməsində baxılıb.
Hakim Məzahir Sadıqovun sədrliyilə başlayan məhkəmə prosesi bu dəfə də problemsiz ötüşməyib. Məhkəmə iclasının açıq keçirilməsinə baxmayaraq, 30 nəfərə yaxın insanın qatılmaq istədiyi məhkəmə zalı yalnız 10 nəfərin iştirak edə biləcəyi kiçik zala təyin olunub. Media nümayəndələrinin və eləcə də Ə.Zeynallının özünün və yaxınlarının etirazına baxmayaraq, zal dəyişdirilməyib. Bütün etirazlara sərt şəkildə təpki göstərən hakim M.Sadıqov Ə.Zeynallıya: “Biz Sizi hələ bura gətirmişik, sizsə etiraz edirsiniz…” deməsinə cavab olaraq, baş redaktor M.Sadıqova Ali Məhkəmənin verdiyi qərarı xatırladıb: “Ötən dəfə mənim iştirakımı təmin etməməyiniz səbəbindən Ali Məhkəmə sizin qərarlarınızı ləğv etdi. Sizə qalsa, bu dəfə də təmin etməyəcəkdiniz, ancaq nə etməli, qanunlara tabesiniz”,- söylədi.
Proses zamanı məlum oldu ki, Mətbuat Şurasının adından məhkəməyə səlahiyyətli nümayəndə kimi göndərilən, MŞ-nin Idarə Heyətinin üzvü Müşfiq Ələsgərli hüquqşünas olmadığından iddianın hüquqi tərəflərini izah edə bilməyəcək. O səbəbdən də, Ə.Zeynallının razılığı ilə, hakim Mətbuat Şurasına iddia ərizəsi və digər sənədlərlə tanış olmaq üçün vaxt istədi. Ə.Zeynallı, “Mən Mətbuat Şurasına bundan sonra 30 il vaxt vermişəm. O vaxtdan istifadə etsinlər…”- dedi. M.Ələsgərli dəfələrlə, “Biz Əvəz Zeynallının həbs olunmasını istəmirdik və Mətbuat Şurası jurnalistlərin həbsdə olmasına etiraz edərək 5 dəfə bəyanat verib…” dedi. Ə.Zeynallı bildirdi ki, həmin bəyanatlarla tanış deyil və bu bəyanatların onunla heç bir əlaqəsi yoxdur: “Yaxşı yadımdadır ki, siz o bəyanat dediyiniz açıqlamaları Quba jurnalistləri həbsdə olarkən vermişdiniz. Təbii ki, jurnalistin yeri həbsxana deyil. Amma bir dəfə də olsun mənim adımla bağlı bəyanat verməmisiniz… Çünki Mətbuat Şurası da mənim həbsimdə rolu olan qurumlardan biridir. Yoxsa jurnalistlərin hüquqlarını müdafiə etməli olan bir qurum, sifarişlə deyil, vicdanı ilə qərar verməlidir”.
Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov Rayon Məhkəməsi ədalətli qərar çıxarmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar.
Məhkəmə avqustun 29-u saat 11:00-dək təxirə salındı.
Ramin


