Partiyalar və gənclər təşkilatları əhalini fəal olmağa çağırır
Milli Şura rəhbərliyi avqustun 18-nə təyin edilən ümumrespublika mitinqi ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət göndərib. Bu barədə Modern.az-a Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinqlə bağlı müraciət artıq Bakı merinə təqdim edilib.
G.Aslanlı həmçinin bildirib ki, Milli Şura mitinq üçün H.Abutalıbova 4 yer təklif edib. Bu məkanlar “Nərimanov” metrosunun qarşısı, “Dərnəgül” metrosunun qarşısındakı meydan və “Təbriz” kinoteatrının qarşısıdır. MŞ üzvü eyni zamanda icazəsiz mitinq keçirməyəcəklərini açıqlayıb. “Indiki halda Milli Şura yalnız razılaşdırılmış mitinq keçirməyi qərara alıb. ”20-ci sahə”ni təklif etsələr çox güman ki, orada mitinq keçirəcəyik”.
Bakı şəhər Icra Hakimiyyəti (BŞIH) Milli Şuranın mitinq müraciətinə münasibət bildirib. Icra Hakimiyyətinin Ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-aÿçıqlamasında Milli Şuranın meriyaya müraciət etdiyini təsdiqləyib. Bildirib ki, müraciətə baxılaraq lazımi cavab veriləcək. “18 avqust mitinqi ilə bağlı müraciət bu gün daxil olub. Təbii ki, müraciətə baxıb, cavab verəcəyik”- deyə Z.Ramazanov bildirib.
Onu da qeyd edək ki, Milli Şura mitinqlə bağlı qərar verən kimi artıq Milli Şura fəalları sosial şəbəkələrdə aksiyaya dəvətlə bağlı çağrışlar yaymaqdadırlar. Bundan başqa, Milli Şuraya daxil olan təşkilatlar da hazırlıq işlərinə başlayıblar.
Demokratik düşərgəni təmsil edən müxtəlif təbəqələrin nümayəndələri də xalqı mitinqdə fəal iştiraka çağırır.
Asəf Quliyev: “Vətəndaşlarımız onları narahat edən problemlərdən qurtarmaq istəyirlərsə, avqustun 18-də mitinqə qatılsınlar”

Milli Şuranın üzvü, AXCP sədrinin müavini Asəf Quliyev bildirdi ki, Milli Şura mitinq qərarı verdikdən dərhal sonra həmin gün Mitinq Komitəsi iclasını keçirib. Iclasda texniki və təbliğati məsələlər müzakirə olunub və müvafiq addımlar barədə qərarlar qəbul olunub: “Artıq mitinqlə bağlı təbliğat işlərinə start verilib. Bu istiqamətdə sosial şəbəkələrdə və KIV-lərdə təbliğat aparmaq niyyətindəyik. Milli Şuranın sessiyası bitdikdən sonra AXCP-də rayon şöbə sədrləri ilə rəhbərliyin görüşü keçirildi. Avqustun 15-nə isə Milli Şuraya daxil olan bütün partiyaların mitinq komitələri ilə rayon şöbə sədrlərinin birgə yığıncağı planlaşdırılır. Mitinq ərəfəsində isə görülən işlər barədə mətbuat konfransı da keçirilməsi nəzərdə tutulub”.
Avqustun 18-də keçiriləcək aksiyanın sıradan bir mitinq olmayacağını deyən A.Quliyev vurğuladı ki, mitinqin izdihamlı alınması üçün Milli Şuraya daxil olan siyasi partiyalar, təşkilatlar əllərindən gələni edəcəklər. Amma sıravi vətəndaşların da mitinqə qatılmaları üçün güclü təbliğat aparılacaq: “Hazırda hakimiyyətin yürütdüyü siyasətlə bağlı cəmiyyətdə böyük narahatlıq var. Vətəndaşlarımız onları narahat edən problemlərdən qurtarmaq, demokratik cəmiyyətdə yaşamaq uğrunda mübarizəyə qoşulmaq istəyirlərsə, avqustun 18-də mitinqə qatılsınlar”.
Mustafa Hacıbəyli: “Azərbaycanda ədalətli cəmiyyətin qurulması, hakimiyyətin dəyişdirilməsinin bir addımlığındayıq”

Milli Şuranın üzvü, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də bildirdi ki, Milli Şuranın qərarı məlum olduqdan sonra Müsavat Partiyası da hazırlıqlarına başlayıb. Artıq partiyanın rayon təşkilatlarının bütün sədrlərinə mitinqlə bağlı tapşırıqların verildiyini deyən M.Hacıbəyli vurğuladı ki, mitinqlə bağlı aktiv təbliğat işləri də başlanıb: “Bu bizim üçün çox önəmli mitinqdir. Uzun müddətdir ki, aksiyalara fasilə verilmişdi. Seçkilərə də az müddət qalıb. Bu mərhələdə Milli Şura məsuliyyəti üzərinə götürərək, mitinqi elan etdi. Bu, Milli Şuranın ilk aksiyası olacaq. Önəmlidir ki, bu aksiya izdihamlılığı ilə yadda qalsın. Mən zaman-zaman bizdən fəal olmağı tələb edən insanlara müraciət etmək istəyirəm. Bütün müxalifət partiyalarını, QHT-ləri, ziyalıları, gəncləri özündə birləşdirən Milli Şura hazırda önə çıxaraq mitinq qərarı verib. Biz Azərbaycanda ədalətli cəmiyyətin qurulması, hakimiyyətin dəyişdirilməsinin bir addımlığındayıq. Hakimiyyət bütün nüfuzunu itirib. Bircə izdihamlı aksiyanın keçirilməsi kifayətdir ki, ölkədə siyasi ab-hava dəyişsin. Ilk aksiyanın izdihamlı olması üçün hər bir vətəndaş fəal olmalıdır”.
Eldəniz Quliyev: “Nəhayət ki, biz öz taleyimizin tamaşaçısından iştirakçısına çevrilirik”
Milli Şuranın üzvü, “Ziyalılar Birliyi”nin sədri Eldəniz Quliyev də cəmiyyətə çağırış edərək Azərbaycanın hazırda çox önəmli bir mərhələyə qədəm qoyduğunu bildirdi: “Nəhayət ki, biz öz taleyimizin tamaşaçısından iştirakçısına çevrilirik. Azərbaycan cəmiyyətinin böyük bir kəsimi ölkədə demokratik dəyişikliklərin reallaşmasında maraqlıdır. Azərbaycan vətəndaşı ləyaqətli həyat yaşamaq istəyir. Ona görə ləyaqətli cəmiyyət, ləyaqətli yaşayış uğrunda mübarizə aparmaq üçün də vətəndaşlarımız avqustun 18-də aksiya hüququndan istifadə etmək niyyətindədir”.
Ülvi Həsənli: “Gəncləri demokratiya uğrunda mübarizə aparan Milli Şuranın ilk mitinqində iştirak etməyə çağırıram”

Milli Şuranın üzvü, “Azad Gənclik” Təşkilatının Idarə Heyətinin üzvü Ülvi Həsənli gənclərə çağırış edərək onları avqustun 18-dəki mitinqdə fəal olmağa səslədi: “Hazırda Azərbaycanı narahat edən problemlər çözülməmiş qalmaqdadır. Bu problemlərin əksəriyyəti gənc nəslə toxunur. Ona görə mən gəncləri demokratiya uğrunda mübarizə aparan Milli Şuranın ilk mitinqində iştirak etməyə çağırıram. Azərbaycanın problemlərinin həlli demokratik cəmiyyətin qurulmasından keçir”.
Xəyal


