aliyev-putin

Əliyev Putinlə anlaşa bilmədi

Azərbaycan rəhbəri geopolitikasında «kəskin dönüş» edə bilmədi və Kremli narazı saldı

Putinin Bakıya gözlənilən səfəri baş tutdu. Ötən gün bütün işləyən başlar demək olar ki, bu barədə düşündülər. Hər kəsə maraqlı olan məqamlar əvvəlcədən səsləndirilən suallar və şərtlərlə bağlı idi. Azərbaycan Rusiya və Qazaxıstanın   yeni yaratdığı Gömrük Ittifaqına qoşulacaqmı? Israillə münasibətlərə yenidən baxacaqmı? Iranın blokadadan çıxması üçün təşəbbüsləri dəstəkləyəcəkmi?

Bütün bu suallar və şərtlər Putinin səfərində cavablanmalı idi. Amma bu səfər elə də ciddi nəticələrlə yadda qalmadı. Ilham Əliyevin bəyanatları nikbin görünsə də, Putinin reaksiyası kifayət qədər soyuq idi və “görəcəyik” təəssüratı yaradırdı. Ilham Əliyev nə qədər bu səfərdən dividend əldə etmək istəsə də, görünən odur ki, istədiyi mesajı ala bilmirdi.

Əliyev pozitiv başladı

Ilham Əliyevin Putinlə görüşdə ilk açıqlaması vəziyyəti pozitivə istiqamətləndirmək cəhdi idi: “Münasibətlərimiz çox dinamik, pozitiv və uğurla inkişaf edir. Bu münasibətlər çox sahələri əhatə edir və bu gün ikitərəfli münasibətləri, həmçinin regional məsələləri müzakirə etmək imkanımız olacaq”.

Amma bu açıqlamanın ardından onun “Kremillə bütün əsas məsələlərdə həmfikirik” deməsi vəziyyəti qəlizləşdirdi. Belə çıxdı ki, Azərbaycan rəhbəri ya Qarabağın işğal olunmasını əsas məsələlər sırasında görmür, ya da bu işğalla razıdır. Rusiyanın Ermənistandakı bazalarını da nəzərə alsaq, fikrimiz tam aydın olar.

Putin “baxaq, görək” dedi

Rusiya prezidenti isə məsələyə çox da ümidverici baxmadığına işarə vurdu. Eyhamından bəlli idi ki, vəziyyətə elə də isti yanaşmır. Daha doğrusu, o, bu görüşün isti münasibətlərin tablosu kimi dəyərləndirilməsini istəmirdi. Buna görə də az gülümsəyir və iynəli açıqlamalar verirdi: “Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz bu gün o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, bugünkü görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlığın əsas sahələri üzrə nazirlər gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq”.

Rusiya rəhbəri açıq deyir ki, bu görüşü siz istəmisiz, sizin təşəbbüsünüz olub. Indi danışaq görək, dediklərinizə əməl edəcəksinizmi? Öhdəliklərə necə yanaşacaqsınız? Bütün bunların müqabilində hər şey bəlli olacaq. Görüş sərfəli olacaq. Yəni, gərək sərf eləsin ki, müsbət danışaq.

Imzalanan sazişlər isə maraqlı oldu. Fövqəladə hallar nazirləri əməkdaşlıq sazişi imzaladılar. Həmçinin “Rosneft”lə ARDNŞ arasında saziş imzalandı. Aydın məsələdir ki, iki neft ölkəsi arasında neft müqaviləsi nə yenilikdir, nə də maraqlı. Bu sadəcə, “aldım qoz, satdım qoz” misalındakı vəziyyətdir.

Şərhlər isə daha sərtdir

Keçmiş dövlət müşaviri Vəfa Quluzadənin şərhi isə daha maraqlıdır. O hesab edir ki, Azərbaycan hakimiyyəti seçkiqabağı vəziyyətdə xeyli sıxışdırılıb və bu cür addımlara getməyə məcbur olub. Onun  şərhindən belə duyulur ki, rəsmi Bakı Kremllə razılaşıb: “Azərbaycana Rusiyanın marağı həmişə böyük olub. Indi Azərbaycana nəzarəti bərpa etmək üçün ən əlverişli vəziyyətdir. Rusiya da bu şəraitdən gözəl istifadə edir. Hesab edirəm ki, indiki şəraitdə Azərbaycan Rusiyanın bütün istəklərini həyata keçirmək arzusunda ola bilər. Ona görə ki, hazırda Azərbaycanın Rusiyanın dəstəyinə böyük ehtiyacı var. Mən seçkiqabağı vəziyyəti nəzərdə tuturam. Sözsüz ki, Qərbin soyuq münasibəti göz qabağındadır. Bir müddət Rusiya da soyuq münasibət nümayiş etdirdi. Anlaşılandır ki, Rusiya bunu ona görə etdi ki, Azərbaycan ən son ümidsiz vəziyyətə çatdırılsın. Bu ağır vəziyyətdə Rusiya öz tələblərini irəli sürdü, Azərbaycan da qəbul elədi”.

Azərbaycan Rusiyanın şərtlərini qəbul etdisə, o zaman ölkəni daha nələr gözləyir? Vəfa Quluzadə açıq demək istəyir ki, rəsmi Bakı bu səfərə məngənə arasından çıxmaq kimi baxır. Və hazırda özünə yeni istinad nöqtəsi tapıb. Amma Putin də məsələyə kifayət qədər sərt yanaşıb. Yəni, Azərbaycan hakimiyyətinin Qərblə də pis münasibətlərdə olduğunu bildiyi üçün onu tam ümidsiz vəziyyətə salıb və acizliyindən yararlanıb.

Mahmud Məmmədquliyevin Avropa Ittifaqı bəyanatı

Putin Bakıda olduğu gün Azərbaycan xarici işlər nazirinin müavini və Əliyevlərə şəxsən yaxın olan Mahmud Məmmədquliyev Avropa Ittifaqı ilə viza rejiminin yumşaldılması və aradan qaldırılması məsələsinin müzakirə ediləcəyi bəyanatını təzələdi. Niyə? Bu təkrara nə ehtiyac var idi? Görünür, rəsmi Bakı hiss edir ki, Rusiya ilə yaxınlaşmada xeyli dərinə gedib və bu dərinləşmə Qərblə münasibətlərin dərin kanallarını zədələyə bilər. Buna görə də Məmmədquliyevin dili ilə Avropa Ittifaqına eşitdirilir ki, Rusiya ilə elə də ciddi yaxınlaşma olmayacaq. Bu, əslində, “Avrasiya Ittifaqına girməyəcəyik” deməkdir.

Bu bəyanat Putinə çatdırılmamış deyil. Həmçinin bu cür ikili diplomatiya artıq heç kimi razı salmır. Xüsusilə, Qərbə yeni alternativ iqtisadi siyasi mərkəz yaratmaq istəyən Rusiyanı.  Putin kəskin mövqe dəyişikliyi tələb edir, Qərb isə bu dəyişikliyin əleyhinədir. Yəni, hər iki addım vəziyyəti yumşaltmır.

Əliyev dəstək də almadı

Maraqlı məqam odur ki, Ilham Əliyevə gözlənilən, hətta iddia edilən siyasi dəstək verilmədi. Onun hakimiyyəti təqdir olunmadı. Hətta Putin indiyə qədər yaşanan xoş münasibətlərdən fraqmentləri də xatırlamadı. Onun üzündəki soyuq ifadə əslində, Ilham Əliyevi gülümsəməyə məcbur edirdi. Bununla belə, xoş bir təəssürat yaratmaq mümkün olmadı.

Bir sözlə, onsuz da yaxşı olmayan münasibətlər bir daha korlandı və Bakı Şimaldan gələn soyuğu bu yay günlərində dəf edə bilmədi. Nəticə olaraq, biz onu da deyə bilərik ki, Putinin Azərbaycana səfərindən iki gün öncə Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a təcili səfər etmişdi. Heç şübhəsiz ki, Putinin Bakı səfəri də orada müzakirə olunub. Diqqəti ona da çəkək ki, Obama Putinlə sentyabrda gözlənilən görüşdən imtina edib.

Mövzunu davam etdirəcəyik.

Seymur Həzi