Müzəffər Baxış: “Görünür, səlahiyyətinə xitam verilən bu 3-4 hakim ya sifarişləri yerinə yetirmir, ya da məhkəmə sədri ilə aralarında insident baş verib”
Məhkəmə-Hüquq Şurasının keçirdiyi son iclasda yol verdikləri ciddi nöqsan və çatışmazlıqlara görə 3 məhkəmə sədrinin vəzifədən azad olunması, habelə 5 hakimin səlahiyyətlərinə xitam verilməsi qərara alınıb. Rəsmi məlumata görə, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən hakimlər qanunvericiliyin tələblərini pozub və korrupsiyaya şərait yaradan hallara yol verib.
Azərbaycanda ən çox tənqid edilən sahələrdən olan məhkəmə sistemində mövcud problemlər bir neçə hakimin cəzalandırılması ilə aradan qaldırıla bilərmi?
Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, Azərbaycan məhkəmə sistemi elə bir vəziyyətdədir ki, bütün hakimləri bir günün içində yol verdikləri qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edib hakimlik fəaliyyətinə xitam vermək olar. Bu, Azərbaycandakı hakimlərin hamısına aiddir. Çünki bütün hakimlər onlara verilən sifariş əsasında, yaxud da maddi tələbatını ödəmək məqsədi ilə qanunsuz qərarlar qəbul edirlər. Bu, birmənalı belədir: “Dediklərimi inkar etmək istəyən istənilən hakimlə istənilən səviyyədə mübahisə etməyə hazıram. Azərbaycanda ən tanınmış hüquqşünas-alimlərdən ibarət komissiya yaratmaqla qəbul etdikləri qərarları, hökmləri, qətnamələri, qərardadları ortaya qoyub bu qərarların qanuna uyğun olub-olmaması barədə mübahisə edə bilərəm. Sadəcə, görünür, səlahiyyətinə xitam verilən bu 3-4 hakim ya siyasi hakimiyyətin sifarişlərini yerinə yetirmir, ya da məhkəmə sədri ilə həmin hakim arasında hər hansı insident baş verib. Yaxud da Məhkəmə Hüquq Şurasında, ya Ədliyyə Nazirliyindən konkret vəzifəli şəxsin o hakimdən xoşu gəlmir. Bu səbəbdən də onun səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurası qərar qəbul edir. Bu, birmənalı belədir. Bu bir aksiomadır. Həmin o Məhkəmə-Hüquq Şurasının məlumatında göstərilib ki, guya hakimlərin seçki prosedurları Avropa Şurası, Avropa Ittifaqı tərəfindən bəyənilib və Azərbaycanda olan prosedur qaydaları digər ölkələr üçün tətbiq edilir. Daş düşsün o Avropa Ittifaqı ilə Avropa Şurasının başına ki, o, Azərbaycanda olan hakimlərin seçki prosedurlarını bəyənir və digər dövlətlərə onu tətbiq edir”.
M.Baxış hakimlərin seçki prosedurunda ən yüksək bal toplayan hakimliyə namizədlərin kənarda qaldığını, aşağı bal toplayan, siyasi hakimiyyətə yaxın olan, yaxud siyasi hakimiyyətə yaxın olan qohumları yüksək vəzifədə təmsil olunanların hakim vəzifəsinə təyin olunduqlarını deyir. Belə hakimlərlə isə müstəqil məhkəmə hakimiyyəti qurmaq qeyri-mümkündür: “Hakim tanıyıram ki, ümumiyyətlə, qanundan, hüquqdan anlayışı yoxdur. Köməkçiləri vasitəsilə vəziyyətdən çıxır, köməkçiləri onun üçün qərar, qətnamə, hökm qəbul edirlər. Bu şəkildə fəaliyyət göstərir. Bu çox biabırçı bir haldır”.
Hüquqşunasın sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda olan hakimlərin, məhkəmə hakimiyyətinin üzərinə xətt çəkmək lazımdır. Çünki Azərbaycanda məhkəmə hakimiyyəti mövcud deyil və yaxın müddətdə də mövcud olacağı gözlənilmir.
Fizzə