Siyasilər hakimiyyəti növbəti dəfə yalan danışmaqda ittiham etdi
YAP-in icra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, Ilham Əliyev 2003 və 2008-ci illərdəki seçki platformasında xalqa verdiyi bütün vədləri yerinə yetirib. “Seçki proqramında nəzərdə tutulan elə bir müddəa olmayıb ki, sonrakı beşilliklər ərzində yerinə yetirilməsin. Məsələn, 2003-cü ildə beş il ərzində 600 min yeni iş yerinin yaradılmasından ibarət olan vəzifə tam yerinə yetirilib və on il ərzində 1 milyon 200 min yeni iş yeri açılıb.
YAP icra katibi Ə.Əhmədov daha sonra qeyd edib ki, Ilham Əliyev Azərbaycanın daha da inkişaf etdirilərək müasirləşməsini, yeniləşməsini və insanların həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan proqram müəyyənləşdirib. “Hər bir Azərbaycan vətəndaşı da çox yaxşı bilir ki, prezident Ilham Əliyevin proqramı sadəcə vəd hesab oluna bilməz. Bu, həyata keçirilməsi ciddi şəkildə ölçülüb-biçilmiş, ciddi siyasi iradəyə və təcrübəyə əsaslanan konkret fəaliyyət proqramıdır”.
Aydın görünür ki, Əli Əhmədov Ilham Əliyevin hakimiyyəti dövründə yaşadığımız məşəqqətli 10 ili bizə xoşbəxtlik kimi sıramaqla yanaşı, növbəti 5 ildə görəcəyi işlərə inandırmağa da cəhd göstərir.
Axı bu 10 ildə Azərbaycan vətəndaşının həyatında nə dəyişib?
Intiharlar, əsgər ölümləri, ləyaqətli insanların həbsə atılması, korrupsiyanın pik həddə çatması, cüzi əmək haqqı və düşmən tapdağında qalmaqda davam edən Qarabağ torpağından başqa bu hakimiyyət bizə nə verdi?
YAP hakimiyyəti bu xalqa hansı xidməti göstərdi ki, indi növbəti dəfə xalqın etimadını qazanmaq istəyir?
Kağız üzərində olan iş yerləri, hakimiyyət nümayəndələrinin həyatında hiss olunan inkişaf xalqa aid deyil.
Hələ də milyonlarla azərbaycanlı ölkə xaricində hamballıq edir, ölkə daxilində olanlar isə, gələcəyə ümidini itirib.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, Əli Əhmədov özü də gözəl bilir ki, Ilham Əliyev 2003-2008-ci illərdə hansı yollarla seçilib və saxtakarlıq hansı səviyyədə olub: “Əli Əhmədovun danışdıqları lətifədən başqa bir şey deyil. Hansı iş yerlərindən, hansı inkişafdan danışırlar ki, xalq bundan xəbərsizdi. Ilham Əliyev yeganə prezidentdir ki, onun hakimiyyəti dövründə nəinki kişilərin, qadınların da qul bazarı meydana gəldi. Ilham Əliyev öz komandasına verdiyi vədi yerinə yetirib. Ölkədən 48 milyard pul çıxarılıb, ölkə sərvətləri talan edilib, əhali yoxsul duruma düşüb və saxta seçkilərə start verilib. Ona görə də bu hakimiyyətin platformadan, inkişafdan danışmağa mənəvi haqqı yoxdur. Ümumiyyətlə, bu hakimiyyətin Azərbaycan xalqına aidiyyəti yoxdur. Xalq bu idarəçilikdən bezib və bu saxta vədlərə inanmır”.
Milli Şura üzvü Vidadi Mirkamal hesab edir ki, binaların üz qabığını dəyişmək, park salmaq, yol çəkmək xalqın rifahının yaxşı olmasına dəlalət etmir: “Siyasi liderin verdiyi vədlər özünü cəmiyyətin həyatında göstərməlidir. Təbii ki, lider xalqa müsbət vədlər verir. Ancaq bu vədlərə əməl edilmir. Əgər bütün vədlər yerinə yetirilibsə, niyə əhalinin 85 faizi hakimiyyətdən narazıdır, niyə milyonlarla ölkə vətəndaşı Azərbaycandan getmək məcburiyyətində qalıb, milyonlarla iş yeri açılıbsa, niyə işsizlik hökm sürür, niyə ölkədə dilənçilərin sayı rekord həddədir? Bütün bunlar onu göstərir ki, Əli Əhmədovun fikirləri reallığı əks etdirmir”.
ALP sədri Əvəz Temirxan bildirdi ki, Əli Əhmədovun dedikləri sadəcə söz oyunudur və bu statistik göstəricilərə heç kim inanmır: “Bunlar iddia edirlər ki, 1 milyon iş yeri açıblar. Ancaq rəsmi statistikaya görə, 2003-cü ildə 55000 işsiz var idi. Deməli, hakimiyyət dəyişəndə ölkədə 55000 işsiz olub, indi isə 1 milyon iş yeri açılıb. Bu fakta heç kim inana bilməz. Ya bu hakimiyyətin zamanında işsizlik rekord həddə çatıb, ya da əvvəlki statistika ilə xalqı aldadırmışlar. Özünə hörmət edən lider və hakimiyyət bu cür saxtalığa imza atmaz. Mən Əli Əhmədova sual etmək istəyirəm ki, niyə neft, qaz ölkəsinin vətəndaşları Rusiya, Ukrayna bazarlarında nökərlik edirlər? Saxta sənədlərə heç kim inanmır. Xalq soyuducusundakı reallığa inanır, evindəki ərzağa inanır. Əli Əhmədovun dedikləri ənənəvi iqtidar saxtakarlığının növbəti təzahürüdür”.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, Əli Əhmədovun dedikləri yalandı və xalqı aldatmağa yönəlib: “Birinci vəd Qarabağla bağlıdır ki, bu məsələdə heç bir uğur yoxdur. Ilham Əliyev deyirdi ki, mən Qarabağ məsələsinin həllinə sıfırdan başlayacam. Ancaq 10 ildir ki, sıfırda da qalıb. Ikincisi rayonların iqtisadi inkişafıdır ki, reallıq onu göstərir ki, rayonlarda, kəndlərdə insanlar kütləvi surətdə azalır, əhali iş dalınca Bakıya gəlməli olur. Kənd təsərrüfatı inkişaf etmir, iş yerləri yox səviyyəsindədir. Azərbaycan səhiyyəsi və təhsili bərbad vəziyyətdədir. Bütün vəzifəli şəxslərin övladları xaricdə təhsil alır, öz sağlamlıqlarını xarici mütəxəssislərə etibar edir. Göründüyü kimi, zəruri məsələlərin heç biri həllini tapmayıb. Sadəcə olaraq növbəti dəfə xalqı aldatmaq yolunu tutublar. Ancaq xalq artıq kimin kim olduğun gözəl başa düşür”.
Ilham Hüseyn