Milli Şuradan Əli Əhmədova sərt cavab

Eldəniz Quliyev: «Rüstəm bəyi ittiham edənlər dönüb, öz prezidentlərinin keçmişinə baxsalar daha düzgün olar»

Hakimiyyət yenə öz ənənəsinə sadiq qalaraq siyasi rəqiblərinə qarşı siyasi etikadan kənar münasibət sərgiləməkdədir. YAP sədrinin müavini, icra katibi Əli Əhmədovun açıqlaması da bu qəbildəndir. Ə.Əhmədov «Trend»ə açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz: “Onun nə yaşı, nə siyasi təcrübəsi, nə ümumiyyətlə məsuliyyətsizliyi ciddi seçki kampaniyasında iştirak etməyə imkan vermir. Bu qədər hüquqi cəhətdən problemləri olan bir insanın seçki kampaniyasına qoşulmaq haqqında fikirləri ortaya qoyması elə onun məsuliyyətsizliyndən xəbər verir”. YAP rəsmisi iddia edib ki, İbrahimbəyov şəriştəsizdir və prezidentlik keyfiyyətləri olmadığı halda seçkiyə qatılmaqla insanları aldadır.
Ə.Əhmədovun açıqlamasına Milli Şuranın üzvü, «Ziyalılar» Birliyinin sədri Eldəniz Quliyevin cavabı sərt oldu. Əslində hakimiyyətin yürütdüyü siyasətlə xalqı aldatdığını deyən E.Quliyev bildirdi ki, hakimiyyət öz mahiyyətini, xislətini demokratik qüvvələri təmsil edənlərin adına yazmağa çalışır: «YAP funksionerləri bir çox hallarda güzgüdəki əkslərinə baxaraq, öz adlarını başqalarına qoymağa cəhd edirlər. Rüstəm İbrahimbəyovun həm təcrübəsi, həm vətənə, xalqa münasibəti kifayət qədər pozetiv və qəbul olunandır. Rüstəm İbrahimbəyov Azərbaycana rəhbərlik etməyə layiq adamdır və bunu əməli ilə sübut edib. Əksinə, Rüstəm bəyə bu sözü deyən şəxslər dönüb, öz prezidentlərinin keçmişinə baxsalar daha düzgün olar».

Xəyal