Sökülmək növbəsi bu yaşayış massivinə çatdı
Əhali yenə də kompensasiyadan narazılıq edir
Sabunçu rayonun, Böyükşor yaşayış massivinin yaxınlığında tikilən Olimpiya stadionuna görə 600-dən çox ev sökülür. Sözügedən ərazidə yaşayan vətəndaşlara bununla bağlı xəbərdarlıq da edilib.
Sakinlər isə buna etiraz edirlər. Deyirlər ki, köçürülmə ilə bağlı evlərə gələn şəxslər onlara heç bir sənəd göstərmirlər.
Sakinlər deyirlər ki, onlarla danışıq aparan şəxslər maklerlərdir: “Nə özlərini təqdim edirlər, nə də sənəd göstərirlər. Əminik ki, bu şəxslər bu söküntü işlərindən istifadə edib pul qazanırlar. Ölkə başçısı dəfələrlə çıxışında deyib ki, yerindən asılı olmayaraq hər bir mənzil sökülərsə, onun hər kvadratmetrinə 1500 manat pul verilməlidir. Bunu isə vermək istəmirlər”.
Buradakı evlərin sənədləri olmasa da, tikilən zaman vətəndaşlar icazə arayışları alıblar. Onların sözlərinə görə, icra hakimiyyətindən tutmuş bələdiyyəyə qədər hər kəsin burada ev tikilməsindən xəbəri olub.
Sakinlərin daha bir narazılığı mənzillərinin sahəsi ölçülən zaman kiçildilməsidir. Hər mənzildən ən azı 10-15 kvadratmetr azaldırlar. Nəticədə ev sahiblərinə 15-20 min manat az kompensasiya veriləcək.
Hesablama aparılarkən həyətyanı sahənin nəzərə alınmadığını deyən sakinlər bildirirlər ki, əslində qeydə alınmalıdır: “Kompensasiya verilən zaman başqa tikililər də qiymətləndirilməlidir. Bunların hesablamalarını nəzərə alsaq, hər kvadratmetrə təxminən 700-800 manat kompensasiya düşür”.
Qeyd edək ki, əsası 2011-ci ildə qoyulan olimpiya stadionu 2015-ci ildə hazır olacaq. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (IBC), UEFA və FIFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır.
Bir müddət əvvəl Böyük Şor gölünün bir hissəsi qurudulub. “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən həyata keçirlən layihə nəticəsində fekal suların kənarlaşdırılması prosesi başa çatıb. Tikinti sahəsinə yaxın evlərdə yaşayan ailələr köçürülüb.
Ramin