Dostum Yadigar Türkellə Kürdəxanı türməsinə dustaq dostumuzu görməyə getmişdik.
Kürdəxanı istintaq təcridxanası – bura belə adlanır. Necə adlandırılmağından asılı olmayaraq biz türməyə gəlmişik. Əliyevlər Azərbaycanındakı türmə qanunlarının bütün gücü ilə işlədiyi bir yerə gəlmişik biz. Budur, saat 10-dur. Balaca budkanın (görüşə yazılma yeri) qarşısına çoxlu sayda qadın-kişi yığışıb. Kimsə əlində dəftər tutub sıraya düzülənləri çeşidləyir: “Görüşə gəlmisən, yoxsa yemək gətirmisən?”. Biz xamlığımıza salıb ikisini də deyirik. Adam duruxa-duruxa bir də soruşur, biz dediyimizi bir də deyirik. Adam nəyə görəsə bizi dəftərinə yazmaq istəmir. Mən onun davranışından quşqulanıdığımdan Yadigar bəyi qabağa verib, başqalarını öyrənməyə çalışıram. Demək olar, hamı özünü dəftərə yemək gətirən kimi yazdırır. Bu faktın özü məndə bir ayrı quşqu doğurur. Kimdənsə, nəsə öyrənmək istəyirəm, alınmır. Budkanın böyrünə keçirəm. Azacıq kölgəlik olduğundan bura çoxlu qadın yığışıb, çoxu da yaşlı analar. Onlardan yemək verməklə görüş almağın nə demək olduğunu soruşuram.
Demək, belə: sən özünü yemək gətirən sırasına yazdırırsansa, budkaya girib, adını yazdırıb, 1-2 manat “blank pulu” verməlisən. Yox, görüş istəyənlər sırasına yazılmaq istəyirsənsə, onda “blank pulu” 5 manat olur. Tez gedib topladığım olduqca dəyərli bilgini Yadigar bəyə çatdırıram. Yadigar bəy öz işində, mənsə yeni bilgilər toplamaq üçün yenidən qadın yığıncağına qayıdıram. Gün adamı yandırır, nə oturmağa bir yer var, nə kölgələnməyə. Aralıda beş-altı adam oturmağa dayanacaq kimi bir yer var. ancaq ora hələik bizlik deyil. Gərək adını budkadakı anketə yazdırasan, sonra ora gedə bilərsən.
Qadın yığıncağında qızğın danışıq gedir. Onları dinləyə-dinləyə nəsə soruşur, gərəkən bilgiləri toplayıram. Qadınlar arasında aylardan, illərdən bəri istər başqa türmələrə, istərsə də Kürdəxanı türməsinə ayaq döyən “professionallar” var. Əliyevlər dönəminin polis-müstəntiq-prokurur-hakim-məhkəmə, türmə işlərini-işləklərini onlardan öyrənə bilərsən, özü də necə! Ilkin olaraq məni qarşıda bizi nə gözlədiyi düşündürür. Biz evdən dostumuzla göriş istəyinə yüklənərək çıxmışıq. “Gərək görüşək”, demişik. Görüş üçün bəri başdan bir sıra çalışmalar da olub. Ancaq indi biz gəlib bütünlüklə başqa bir gerçəklik içinə düşmüşük. Bu, rüşvətin, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi, PULun bütün qanunlardan, bütün dəyərlərdən yüksəkdə dayandığı əliyevçi gerçəklikdir.
Sözarası, qadınlardan bizi qarşıda nə gözlədiyini soruşuram. Bildirirlər: yemək aparmaq üçün yazılmısızsa, sizi qarşıdakı qapıya çağıracaqlar, sonra da yeməkləri götürüb sizdən 5 manat alacaqlar. Görüş üçün yazılmısızsa, sizi yenə qarşıdakı qapıya çağıracaqlar. Ancaq… dustaqla görüşməyə 100-150 manat pul istəyirlər (istər 1 adam olsun, istər 3 adam) verdin – görüşəcəksən, vermədin – yox. Bu bilgini də tezcənə Yadigar bəyə çatdırıram. Dostum qabaqca ağarıb-bozarır, sonra qaralır. Sonra da soruşur: “Doğrudan elədi? Bəlkə…” – “Doğrudan”, deyirəm. Öz-özünə danışırmış kimi soruşur: “Bizim bir elə pulumuz hardandı: mən alim, sən də rüşvət almayan jurnalist”. Yadigar bəy bir də biz suyu süzülə-süzülə geri qayıdanda deyəcəkdi: “Görürsən də dostum, bu ölkədə alimin də, rüşvət almayan jurnalistin də dəyəri budur – dostumuzla görüşə bilmədik”.
Mən yenidən qadın yığıncağına qayıdıram. Dediyinə görə, oğlu “nahaqdan” tutulmuş bir ana 130 manatlıq pensiyasını hər ay Kürdəxanıda qoyub qayıtdığından danışır. Başqa bir ana sifarişlə tutulmuş oğlunun, oğlundan da çox onların başına müstəntiq-prokuror-hakim üçlüyünün açdığı oyunlardan gileylənir. Qulaq asanlar da bir ağızdan: “Bu ölkədə qanun, qanunçuluq yoxdur”, deyirlər. Beləcə, bir-birindən dinləməli, bir-birindən ağrılı-acılı hekayələrə, romanlara qulaq asıram. Danışanları dinlədikcə tutulanların çoxunun nəyə görəsə şərlənib ilişdirildiyini görürsən. Qıraqda durub hamıya dinməzcə qulaq asan bir gəlinə üz tuturam: “Sizin kiminiz tutulub?” – “Yoldaşım”. “Nə üstündə?” – “Narkotik üstündə?” – “Şərlənib?”. Gəlin bir az susqunluqdan sonra dillənir: “Yox”. Lənkərandan olan bu gəlin Iran Islam Respublikasının narkotik axınıyla onların zonasını bəlaya saldığını bildirir. Mənimlə yanaşı oturmuş ana “türmədə başını saxlamaqdan ötrü” oğluna hər ay 50 manat pul verdiyini bildirir. Türmə işçilərinin kobud davranışları, dustaqlara gətirilən yeməkləri kefləri istəyən kimi qatıb qarışdırmaları faktı da ayrıca söz qonusuna çevrilir.
Sıramız çatıb, bizi çağırırlar. Gətirdiklərimizi götürüb qapıya tələsirik. Içəri keçib gətirdiklərimizi göstərilən stolun üstünə qoyuruq. “5 manat verəcəksiz!”- bunu mənə gətirdiklərimizi alan oğlan deyir. Bunun “niyəsini” soruşunca utanmaz-utanmaz səsini qaldırır: “5 manata acıqlandın, hıy? Istəyirsən bunları (gətirdiklərimizi göstərir) geri qaytarım?”. Bu yerdə Yadigar bəy özünü yetirib 5 manatı ona uzadır. Gənc türmə işçisi pulu alınca bizə qapını göstərir: “Gedin orda cavabı gözləyin!”.
Çox gözləyəndən sonra dostumuzdan cavab gəldi, onu oxuculara çatdırıram: “Salam Yadigar bəy! Nə zəhmət çəkmisiniz, qardaş! Minnətdaram diqqətinizə görə. Demək, dəyər yaşamağa, mübarizə aparmağa. Allah sizi var eləsin. Çox sağ olun. Mən o qədər sevindim, o qədər ruh verdiniz ki, mənə bundan sonra dəfələrlə tutulmaq olar… Bütün azadlıqsevərlərə məndən atəşin salamlar!!!”.
Belə. Bütün ölkə türməyə çevrilib. Məhkəmə-hüquq sistemi, türmələr PUL konveyeri rolunu oynamaqdadır. Gizli nəsə yoxdur, hamısı açıqdır, hər şey açıq-açığına baş verir. Azərbaycan hər yüz adama düşən dustaq sayına görə 47 ölkə arasında 3-cü yeri tutur. Bəlli olduğu kimi, bir çox gizlətmələrdən, statistika yalanlarından sonra. Əliyevlər Azərbaycanında türmələr yalnız dustaqları deyil, dustaq yaxınlarını da əzməklə dövlətdən, dövlətçilikdən iyrəndirmək üçündür.
Alınıb-satılmaz dostumuzla görüşün dəyəri 100-150 manat. Adamları alver-qazanc obyektinə çevirən bir rejim. Dövlətsə də, qanunsa da artıq yetər olsun!..
… Televiziyada hökumətin haralardasa iftar süfrəsi açmasından danışılır, bunu milli-mənəvi dəyərlərimizə bağlılıq görsənişi olaraq sırıyırdılar. Qanunsuzluq axarında xalqı türmələrə doldurub soymaqla milyonlar qazanmaq nədir, iftar süfrəsi açıb milli-mənəvi dəyərlərə bağlılıq sərgiləmək nə?! Görəsən, bu nədir: suçlarını yumaq istəyi, yoxsa seçkiqabağı kampaniya?!
06.08.2013
Xaliq Bahadır