“Açılar baharda gülü Təbrizin…”

Təbrizli Aşıq Qərib

Aşıq şeirimizin ustad söz sahiblərindən biri də Aşıq Qəribdir. Onun haqqında xalq arasında çox az məlumat var.  Aşığın həyat və yaradıcılığı barədə ən mötəbər mənbə “Aşıq Qərib” dastanıdır. Təbriz şəhərində doğulub boya-başa çatan Aşıq Qəribin əsl adı Rəsuldur. 

Aşıq Qəribin XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir.

Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o, təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəribdən evlənmək üçün külli miqdarda mal-dövlət istəyirlər. Qərib sevgilisinə çatmaq üçün uzun zaman qürbətdə yaşayır.

Aşıq Qəribin yaradıcılığı əsasən dastanlar, xalq rəvayətləri antologiyalarında yer almışdır.

“Aşıq Qərib” dastanında Aşıq Rəsul öz həyatı ilə bağlı olan bəzi hadisələri də dastana köçürməyə nail olmuşdur. Dastanda göstərilir ki, onun atasının adı Sövdəgər Saleh, anasının adı Zəhra, bacısının adı Nərgiz, qardaşının adı Heydər olmuşdur.

Aşıq Rəsul ömrünün çoxunu səyahətdə keçirmişdir. O, Yaxın Şərqin bir sıra ölkələrini və məşhur şəhərlərini (Hələb, Diyarbəkir, Ərzurum, Şirvan, Tiflis, Qazax, Qaradağ və s.) gəzmişdir.

Aşıq Rəsul əsatiri və mifik anlayışlara dərindən bələd olmuş, qədim nağılları, “Dədə Qorqud” boylarının qədim qaynaqlarını, oğuznamələri və rəvayətləri öyrənmiş, bu onu xalq yaradıcılığının bilicisi, ozan-aşıq və el şairi kimi şöhrətləndirmişdir. 

El şairi Rəsul “Aşıq Qərib” dastanında Təbrizin, Tiflisin, Ərzurumun, Hələbin və Qaradağın bəzi əlamətlərini xatırlatmaqla həqiqətən bu yerlərdə olduğunu təsdiq etmişdir. Qərib ailəsi ilə Tiflisə çatanda Tiflisin dağlarını belə təsvir edir: 

 

Tiflisin uca dağları, 

Görünərmi, görünməzmi? 

Şahsənəmin otaqları

Görünərmi, görünməzmi?

 

Aşığın buradan Tiflis şəhərinə əvvəlcədən bələd olduğu, Sənan rəvayətini bildiyi aydın görünür. Aşıq öz taleyi ilə bağlı yerləri adbaad təsvir edir, tarixi hadisələrin coğrafi məkanlarını düzgün əks etdirir. O, Hələbdən qayıdarkən anası ilə görüşündə qardaşı Heydəri soruşur. Anası isə cavabında deyir:

 

Aldılar atın çapardı,

Sınıq könüllər yapardı,

Heydəri Tona apardı,

Oğlum Qərib, haçan gəldin?

“Aşıq Qərib və Şahsənəm” dastanı 

Şeirdə Qəribin kiçik qardaşı Heydəri körpü təmiri zamanı Borçalı ərazisindən axan Tona çayının (Dona da deyirlər. Indiki adı Debed çayıdır. Kürün qolu olan Xramçaya tökülür) aparması təsvir olunur. 

Aşıq Qəribin yaradıcılığında Təbrizin iki dövrü təsvir edilmişdir. Gənclik çağında Təbrizin çiçəkləndiyi vaxtları şair böyük ilhamla belə rəsm edir:

 

Ay ağalar, gəlin sizə tərif eləyim, 

Açılar baharda gülü Təbrizin.

Toyda, bayramlarda atlas geyinər,

Kəsilməz yaşılı, alı Təbrizin.

 

 Qəlbi Vətən həsrəti ilə döyünən aşığın Təbrizlə sonuncu görüşü onu olduqca məyus edir. Müharibə Təbrizi tanınmaz dərəcədə dəyişdirmiş, xarabalığa çevirmişdi. Məclislərdə Təbrizin zəngin, dəbdəbəli həyatını qələmə alan aşıq indi böyük təəssüf hissi ilə deyir:

 

Dinləyin, ağalar, sizə söyləyim,

Yaman müşkül oldu işi Təbrizin. 

Elə gördüm, göydən yerə od yağır,

Birdən yandı dağı-daşı Təbrizin.

 

Qərib səyahəti zamanı müxtəlif ölkələrdə neçə məclislərə düşmüş, tanımadığı aşıqlarla qarşılaşmış, bu görüşlərin hamısında o, kamil bir saz-söz ustadı kimi qalib çıxmış, hazırcavablığı və dərin zəkası ilə dillərdə əzbər olmuşdur. Buna görə də Qəribin şeirləri və səfəri, başına gələn əhvalatlar Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə geniş yayılmış və müxtəlif variantı olan onlarla dastanın yaranmasına səbəb olmuşdur. 

“Aşıq Qərib və Şahsənəm” dastanı da məhəbbət dastanlarımızın çoxvariantlı nümunələrindəndir. Tədqiqatlar göstərir ki, dastan Təbriz aşığı tərəfindən Təbriz və Tiflis mühitində  yaradılıb və buradan da qonşu və qohum xalqların məişətinə keçmişdir. Dastanın 1721-ci ildə yazıya alınmış şeir nümunələri də bu fikri doğruldur. Bu nümunələrdə də Qərib Tiflisin adını çəkir:

 

Bu qarşıdan gülə-gülə gəlirsən,

Divanə könlümü ələ alırsan,

Tiflisdən bərgüzar qumaş gətir sən,

Söylə, qumaşın bəhanə, dilbər.

“Aşıqlıq Adəmdən icad olubdu…”

Tənqidçi, ədəbiyyatşünas Qara Namazov “Ozan aşıq sənətinin tarixi” kitabında yazır: “Aşıq Qərib” dastanı və Aşıq Qəribin dastana düşməyən şeirləri XVII-XVIII əsrlərdə geniş yayılmış, cünglərə də daxil edilmişdir. Dastan XIX əsrdən başlayaraq ayrı-ayrı xalqların dilində çap olunmağa başlamışdır. “Aşıq Qərib” dastanı bir neçə aşıqdan yazıya alınıb çoxvariantlı nümunələri əldə edildikdən sonra ətraflı tədqiq olunmağa başlandı. Dastan haqqında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, I.Abbasov, S.Yaqubova, V.Vəliyev, P.Əfəndiyev, M.Həkimov və başqa folklorçular elmi tədqiqat əsərlərində, dərsliklərində və dərs vəsaitlərində bəhs etmişlər. H.Araslı “Aşıq Qərib-Şahsənəm” dastanı XVI əsrdə yaşamış Qərib təxəllüslü bir şair-aşığın şeirləri əsasında yaranmışdır” nəticəsinə gələrək yazır: “Bu şeirlər ağızlarda dolaşdığından çox dəyişdirilib, dastanın ümumi ahənginə uyğun bir şəkil almışdır”. 

Dastanın əsas qəhrəmanı Aşıq Qərib təbrizlidir. O, butası arxasınca Tiflisə gəlir, uzun müddət burada yaşayıb aşıqlıq edir. Hətta yeddi il Hələb şəhərində qaldıqdan sonra da Tiflisə qayıdıb Şahsənəmlə evlənir.  

Dastanın 1961-ci il çapında istifadə olunan şeirlərin bəziləri divani şəklində olub yazılı ədəbiyyat nümunələrinə bənzəyir. Məsələn: 

 

Ana:

Həsrət kar etdi canına oğlumun,

Firqət kar etdi canına oğlumun.

Necə olum giriftari-ələm mən,

Zillət kar etdi canına oğlumun.

 

Qara Namazov adıçəkilən kitabda yazır: “Dastanda Qərib aşıq sənətini, onun keçmişini dərindən bilən kamil bir ustad kimi təsvir olunur. O, Tiflisdə də, Hələbdə də məclislərdə oxuyarkən hamını heyran edir. Buna görə də yoxsul olsa da, sənətinə, biliyinə hər yerdə hörmət edirlər. Hələb paşası onu sarayında saxlamaq istəyir. Paşanın aşığı Qəribin bağlamasını aça bilməyəndə özünün açmasını xahiş edirlər. Bağlamanı Qərib belə açır:

 

Ay ustalar, alın, verim cavabı,

Aşıqlıq Adəmdən icad olubdu.

Dinləyin sözümü bir-biri həzarat

O, Adəmdi qəmdən azad olubdu.

 

Elmin başı budu: eyləmək səbir,

Qəndil daşı kəsən ol ismi Qəfur,

Öz başını kəsən göydə buluddur,

Cəbrayıl hər elmə ustad olubdu.

 

Ustad sənətkar üç bəndlik şeirdə tarixi təfəkkürlə mifik təfəkkürü birləşdirir, dünyanın abadlığını biliklə kamalın vəhdətində görür”. “Aşıq Qərib-Şahsənəm” dastanının süjeti əsasında M.Y.Lermontov hekayə yazmış, R.M.Qliyer “Şahsənəm”, S.Hacıbəyov isə “Aşıq Qərib” operettalarını bəstələmişlər.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir