Zahid Oruc prezidentliyə namizəd olmasından danışdı

“Heç kəs mənim namizədliyimi süngü ilə qarşılamasın”

Prezidentliyə namizədliyi rezonans doğuran Zahid Oruc Moderator.az-ın suallarını cavablandırıb. Onun sözlərinə görə, bu seçkilərə yalnız iqtidarla müxalifətin mübarizəsi kimi baxmaq doğru olmazdı: 

“Bu seçklərə müxalifətlə iqtidarın mübarizəsi kimi baxmayın. Mənim namizədliyimi irəli sürməyim Ulu Öndərin kursunu tanıyan, lakin müəyyən sosial dəyişiklikləri gözləyən, vətəndaş-məmur münasibətində yeniləşməni dəstəkləyənlərin mövqeyi üçün gərəklidir.Mən o qüvvələrin mövqeyini ifadə edəcəm ki, onlar həm Azərbaycanda stabil kursu gözləyir, həm də dəyişikliklər istəyirlər”. 

“Bəs bu qərarınız sizin də üzvü olduğunuz və İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edən Ana Vətən Partiyasında narazılıqla qarşılanmayacaqmı?” sualına isə Zahid Oruc aşağıdakı kimi cavab verdi:  

“Ana Vətən Partiyasının İlham Əliyevi dəstəkləməsi tamamən doğru addımdır. Amma mən müstəqil qaydada namizədliyimi vermişəm. Hətta məni bu addımıma görə  partiyadan xaric etsələr, bunu anlayışla qarşılayacam. Namizəd olaraq hazırkı idarəetmə qurluşuna qarşı rəqib görünürəm. Bununla belə unutmayaq ki, Azərbaycanda bu günə kimi baş verənləri müsbət qarşılayan, lakin daha ciddi dəyişiklik istəyən insanların böyük bir toplusu var. Mövqeyim dünənki dəsti-xəttimə heç bir formada xələl gətirmir. Məni tanıyanlar bilir ki, bütün məsələlərə obyektiv münasibət sərgiləmişəm. Heç bir halda Ulu Öndərin mövqeyinə bağlılığım inkar olunmur. Təəssüf ki bizdə belə bir şey var: adam əgər bir əqidəni tanıyırsa o, yaranan problemlərə göz yummalıdır. Demokratiyanın tərəfində olanlar mənim bu konstitusion haqqımı süngü ilə qarşılamamalıdır”. 

İmzatoplama işində problemlərlə qarşılaşmayacağını da bildirən millət vəkili bunun üçün bütün imkanlarını səfərbər edəcəyini söylədi:

“20 ildən artıqdır ki, fəal siyasi həyatın içindəyəm və 40 min imza toplamaq üçün bütün imkanlarımdan istifadə edəcəm. Mənim tələbəlik illərim, meydan işlərinin təşkili kimi böyük təcrübəm var”

Sonda atdığı addımın düzgün qəbul olunacağına inandığını bildirən Zahid Oruc vəyəndaşların problemlərini qabardacağını söylədi:

“Namizəd olsam sadə vətəndaşların düşüncələrini tribunadan demiş olacam. İlham Əliyevin mənim namizəd olmağıma münasibəti məncə mənfi olmayacaq. Azərbaycanın quruculuğu lider kimi ilham Əliyevin adı ilə bağlıdır. Elə düşünməyin ki, müxalifət nümayəndələri protest fikri dilə gətirdiklərinə görə çox qüvvətlidirlər. Ölkədə narazı insanlar belə bəzən onları müdafiə etmirlər.  Niyə? Çünki gələcək həyatlarını onların rəhbərliyi altında görə bilmirlər. Dövlət başçısı kimi İlham Əliyevi müdafiə edən, amma narazı olan insanlar öz mövqelərini dilə gətirmək istəyirlər. Barikadaya daxil olub, tərəflərdən birinə atəş açmaq o qədər də önəmli deyil. 90-cı illərdə bu kiməsə fayda verərdi, indiki gerçəklikdə isə yox”.

***

“Milli Dirçəliş Hərəkatı Partiyası”nın sədri Fərəc Quliyev və Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc prezident seçkisində iştirak etmək üçün MSK-ya müraciət ediblər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.

M. Pənahov qeyd edib ki, prezident seçkisində iştirak etmək istəyən 11 nəfərin namizədliyinin qeydə alınması ilə bağlı komissiyaya müraciətlər daxil olub. O bildirib ki, bütün müraciətlər baxılaraq, dəyərləndiriləcək.