“Kreml Türkiyə ilə vahid ordu ideyası barədə izahat tələb edəcək”
Avqustun 13-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri başlayıb. Rusiya prezidentinin rəsmi səhifəsinin məlumatına görə, səfər zamanı ilk növbədə ticari-iqtisadi əlaqələr, yanacaq-energetika ilə bağlı əməkdaşlıq müzakirə olunacaq. Danışıqlarda beynəlxalq və regional məsələlərlə yanaşı, Xəzər dənizinin hüququ statusu, həmçinin Dağlıq Qarabağ münaqişəsi də diqqətdə olacaq. Danışıqların yekununda bir neçə ikitərəfli sənədin imzalanması gözlənilir. Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər, müdafiə, energetika, fövqəladə hallar, nəqliyyat və iqtisadi inkişaf nazirləri, o cümlədən «Rosoboroneksport»un icraçı direktoru, Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, «Rosneft» və «Lukoil»un başçıları daxildir.
Səfərlə bağlı indiyədək maraqlı şərhlər yazılsa, müxtəlif ekspertlərin açıqlamaları olsa da, bu sıradan rəsmi Kremlə yaxınlığı şübhə doğurmayan siyasi icmalçı Leonid Qusevin «Vesti»yə dedikləri bəzi məqamları ilə seçilir. Politoloq Putinin səfəri ilə bağlı məqamları şərh edərkən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da nümayəndə heyətinin tərkibində yer almasına xüsusi toxunub. Qusev bildirib ki, Sergey Şoyqunun səfərdə prezidenti müşaiyət etməsi təsadüfi deyil. «Bir qədər əvvəl Kremlə olduqca ilginc bir xəbər daxil olub. Söhbət Azərbaycanın Türkiyə ilə birgə vahid ordu yaratmaq ideyasını müzakirə etməsindən gedir. Xəbərin ardı da maraqlıdır. Kremlə məlum olub ki, Gürcüstan da bu hərbi birliyə qoşulmaq barədə razılığını bildirib. Fikrimcə, Rusiya ilk növbədə bu məsələyə aydınlışq gətirmək üçün Azərbaycan tərəfindən izahat tələb edəcək. Türkiyə bir NATO dövlətidir. Əlbəttə, hələ ki vahid ordunun yaranmasından söhbət getmir. Amma Türkiyə ilə hərbi əməkdaşlıq getdikcə daha intensiv xarakter alarsa, Rusiya da fikirləşməlidir» – deyə politoloq bildirib.
“Cənubi Qafqazda Rusiyaya uyğun yeni strategiyaya keçid barədə danışmaq hələlik tezdir. Əgər Gürcüstanla vəziyyət qısamüddətli perspektiv üçün az və ya çox bəlli olsa da, Azərbaycan və Ermənistanla bağlı tam aydınlıq hələlik yoxdur”. Bunu isə “Şimal-Cənub” Siyasi Mərkəzinin (Moskva) icraçı direktoru Aleksey Vlasov “Vladimir Putinin Azərbaycana səfəri Moskvanın ölkəyə və ümumilikdə regiona qarşı yeni strategiyasının başlanğıcı deməkdirmi?” sualına cavabında bildirib.
“Kreml Avropa İttifaqı və Ermənistan arasında dərinləşdirilmiş və hərtərəfli azad ticarət zonası haqda saziş xətti ilə bağlı Yerevanın hərəkətlərindən qıcıqlanıb və bu qıcıqlanmanı” Bakıya “prioritet” səfərlə tarazlaşdırır. Lakin Azərbaycanla tam yaxınlaşma üçün fundamental zəmin yoxdur”, – ekspert vurğulayıb.
Vlasovun fikrincə, energetika və hərbi-texniki sahədə Bakı ilə tərəfdaşlığa doğru balansı ciddi irəlilətmək olar. Amma hələlik bu addımlar heç də əvvəlki prioritetlərə son qoyulması demək deyil. “Mənə belə gəlir ki, Putin bu suala özü cavab tapmaq qərarına gəlib – Who is mister Aliev?” – deyə Vlasov yekunlaşdırıb.



