Naxçıvanda mənəvi terror

Beynəlxalq səviyyədə tanınan ziyalı bu gün orda hansı durumdadır?

Naxçıvan Dövlət Universitetinin dosenti və doktorantı Qalibə Hacıyeva “Azadlıq”a müraciət edib. Uzun illər Naxçıvan dövlət televiziya və radiosunda elmi-publisistik verilişlərin, elmi-ədəbi yaradıcılıq əsərlərinin müəllifi olan Q.Hacıyeva hazırda yaşadığı durum barədə danışıb:
“Elmi-ictimai fəaliyyətimlə əlaqədar xarici ölkələrə dəvət edilir və beynəlxalq tədbirlərdə iştirak edirəm. Xarici ölkələrdə elmi məqalələrimin nəşrinin artması, universitetlərdə işləmək dəvəti və parlament seçkilərində millət vəkilliyinə namizədliyimin irəli sürülməsi, eləcə də 2005-ci ildə ”Procect Harmony” təşkilatının “Azərbaycan qadınlarının liderlik proqramı”nda ABŞ-a dəvətim nəticəsində elmi-ictimai və beynəlxalq nüfuzumun artdığını görən bəzi məmurlar mənə qarşı təzyiqlərə başladı. Analoqu olmayan siyasi şantaj və təzyiqlərin nəticəsində ailəm darmadağın edildi, hüquqlarım tapdandı, elmi fəaliyyətim iflic vəziyyətinə salındı. Mənə və ailəmə qarşı böhtan xarakterli  əməlləri Naxçıvan Şəhər Məhkəməsi “qanuniləşdirdi”. Nəticədə anam, 16 il böyütdüyüm bacım qızı, yaşadığım mənzil, əqli mülkiyyətimə dair çoxsaylı əsərlərim, şəxsi arxivim, əlyazmalarım zorla əlimdən alındı. Qorxusundan heç kim mənə kirayə ev vermədi, hazırda Naxçıvan şəhəri, Xiyabani 14-də, kommunal şəraiti olmayan, yaşayış üçün yararsız zirzəmidə məskunlaşmışam.
Qeyd edim ki, 2004-cü ildə Nizami 53 A/34 ünvanındakı mənzilə şəhər icra başçısının sədr müavini, baş memar, Naxçıvan MR Dövlət Memarlıq və Tikinti Komitəsinin sədr müavini və digər vəzifəli şəxslər gələrək ailəmizin yaşadığı ünvana dair Inzibati Xətalar Məcəlləsinin 194-cü (özbaşına tikinti işlərinin aparılması) maddəsilə qanunsuz akt tərtib etdilər. Bundan sonra xarici universitetdə işləmək dəvətimin qarşısı alındı, elmi məqalələrimin nəşri Azərbaycandan göstərilən təzyiqlərlə qadağan olundu. ABŞ-da olan tədbirə rəsmi dəvətimdən sonra mənə və ailəmə qarşı olan təzyiqlər artıq siyasi xarakter aldı. Bununla əlaqədar iş yerimdə, Naxçıvan Dövlət Universitetində süni problemlər yaradıldı və siyasi şantaclara başlanıldı. Öncə məni siyasi şantaj etmək üçün dedilər ki, guya mən müxalifətin 21 may 2005-ci ildə Bakıda keçirilən mitinqində iştirak etmişəm. Halbuki mən mitinqdən bir gün sonra, mayın 22-də təyyarəylə Naxçıvandan Bakıya getmişəm. “Qara piar”dan istifadə edənlər kampaniya xarakterli əməllərə başladılar. Amma bu böhtanların ictimai-elmi nüfuzuma təsiri zəif olduğundan təzyiqlərin davamı kimi ailəmə müdaxilə edildi. Naxçıvan Şəhər Məhkəməsi mənə və ailəmə qarşı qanunsuz qərarlar qəbul etdi. 16.06.2006-cı ildə A.Bağırovun imzasıyla ailə üzvlərim, Türkiyə vətəndaşı, orda ailə qurub yaşayan bacım Dürrü Topçu və anam Atlas Hacıyevanın adından, onların imzası ilə təsdiq olunmayan ərizələrlə Naxçıvan məhkəməsində mənə qarşı bir gündə iki iddia qaldırıldı. Sonra isə iddiaçının imzası olmayan, A.Bağırovun imzası və iştirakıyla anama qarşı iddia qaldırıldı. Məhkəməyə qədər mənim ailə üzvlərimlə heç bir münaqişə və mübahisəm olmayıb. Məhkəmə prosesi keçirilmədən qətnamələr çıxarıldı. Təhdid, siyasi şantaj və böhtanlar təkcə mətbuat səhifələrində deyil, şəxsi həyatımda da davam etdirildi. Bu barədə əlaqədar qurumlara etdiyim müraciətlər 9 ildir ki, nəticəsiz qalıb.
Qeyd edim ki, bacım Dürrü Hacıyeva 1995-ci ildə Türkiyəyə gedib və 1997-ci ildə Ismayıl Topçu adlı türklə rəsmi nikaha girərək Topçu soyadı götürüb. Bacım özünün razılıq ərizəsiylə yaşadığımız mənzildən qeydiyyatdan çıxaraq daimi yaşamaq üçün Türkiyəyə gedib. 2005-ci ildə Naxçıvana qayıdan Dürrü Topçu məndən gizli şəkildə Əcəmi 22/10 ünvanına qeydiyyata düşərək yenidən Azərbaycan vətəndaşlığını təsdiq edən pasport əldə edib. O, həm Türkiyə, həm də Azərbaycanda daimi yaşayış yeri və qeydiyyatını məhkəmədən gizli saxlayıb və Naxçıvanda olmamağımdan istifadə edərək yaşadığım mənzildə yaşayış hüququnun tanınması üçün iddia qaldırıb. Məhkəmə 25 iyul 2005-ci il tarixli qətnaməylə onun iddiasını təmin edib. Lakin yuxarı instansiya məhkəmələrinin ləğv etdiyi Naxçıvan Şəhər Məhkəməsinin bu qərarı qanunsuz şəkildə icra olunub. Dürrünü məhkəmə icraçıları yaşadığım mənzilə köçürərək daimi pasport qeydiyyatına alıb və bacım orada yaşamağa başlayıb. Nəticədə bu gün mən evdən çıxarılaraq həmin evdə yaşamaq hüququndan məhrum edilmişəm.
Bu gün hüquqlarımın bərpası əvəzinə, müxtəlif formada mənəvi-psixoloji təzyiqlərlə üzləşirəm. Pozulmuş hüquqlarımın bərpası üçün prezident I.Əliyevə və bütün rəsmi qurumlara, nüfuzlu QHT və beynəlxalq təşkilatlara  müraciətlər etmişəm. Hüquqlarımın bərpası əvəzinə, yenə də həbs, hətta ruhi dispanserə atılmaqla təhdid olunuram. Evimdən zorla çıxarılandan sonra təkcə mənə deyil, ailə üzvlərimə də müxtəlif formada təzyiqlər göstərilib. Anamın müəmmalı ölümü məndən gizlədilib, onunla görüşməyimə icazə verilməyib, böyütdüyüm bacım qızı məmur və polislərin təzyiqi altında saxlanaraq mənimlə görüşməyi qadağan edilib. Gecə saatlarında mülki geyimli polislər dəfələrlə sığındığım zirzəmiyə gəlib, evdə olmayanda isə özünü dövlət adamı kimi təqdim edən şəxslər qonşuları mənimlə bağlı sorğu-suala tutub narahat edir. Mən 9 ildir ki, öz evimdən qaçqın düşüb adi yaşayış və şəxsi əmlakım üzərində istifadə hüququndan məhrum olmuşam. Elmi fəaliyyətim ifdic vəziyyətə salınıb, mənə külli miqdarda, bərpaedilməz ziyan vurulub. Ailəm darmadağın edilib, işgüzar beynəlxalq nüfuzuma xələl gətirilib. Siyasi şantajların nəticəsi olaraq məmurların hüquqlarımı kobudcasına tapdamasının qurbanı olmuşam.  Hüquqlarımı dövlət səviyyəsində qorumaq üçün vəkil tuta bilmirəm, çünki vəkillər bundan imtina edir. Dövlət başçısına etdiyim müraciətlərin əlaqədar orqanlara göndərilmiş rəsmi sənədlərinə cavab verilmir, Ali Məhkəmənin qərarlarının icrasından imtina edilir, əvəzində məmurların marağına xidmət edən ləğv olunmuş qərarlar qüvvədə saxlanılır. Vətəndaş hüquqlarımın Avropa Konvensiyası və Azərbaycan Konstitusiyası müstəvisində qorunması və bərpası artıq mümkün deyil. Başqa çıxış yolum qalmadığı üçün xarici ölkələrdən siyasi sığınacaq almaq, ya da intihar etmək məcburiyyətindəyəm. Yaşadığım problem yalnız mülki, mənzil məsələsi deyil. Mənim üçün maddi dəyərdən daha çox əhəmiyyət daşıyan, elmimiz üçün zəruri olan elmi tədqiqatlarıma aid materiallar, publisistik, əlyazma şəklində nəşrə hazır elmi-tarixi monoqrafiyalarım, doktorluq dissertasiyamın ilk variantı, zəngin kitabxanam, şəxsi arxivim, tədris vəsaitlərim, əqli müokiyyətimə aid bütün əmlakım əlimdən alınıb. Hətta vəziyyətimdən istifadə edən bəzi şəxslər illər öncə xaricdə nəşr olunan yazılarımı beynəlxalq konfranslarda öz tədqiqatları kimi təqdim etməkdən çəkinmir. Yazılarımı bu şəkildə mənimsəmək mənə qarşı mənəvi terrorun göstəricisidir. Bir ziyalı olaraq vəziyyətim müraciət etdiyim orqanları narahat etmir. Bəzi məmurların dəstəyilə  mənə qarşı yönəldilən bu mənəvi terrora son verilməsini, Azərbaycan vətəndaşı kimi Konstitusiya huquqlarımın qorunmasını, mənzilimin, şəxsi əmlakımın, əqli mülkiyyətimə dair əsərlərimin hüquqi müstəvidə geri qaytarılmasını, mövcud qanunların mənə də şamil olunmasında köməyinizi gözləyirəm”.

Sosial şöbə