Dünən Milli Şuranın sessiyasında mitinq qərarı verildikdən dərhal sonra sosial şəbəkələrdə, xüsusilə də “Facebook”da mitinqin təbliğatı başlanılıb. Dünən gecə saatlarında “Facebook”da “Milli Şura” səhifəsilə “Milli Şuranın “Azad gələcək naminə” mitinqi” adlı tədbir yaradılıb. Qısa müddət ərzində onminlərlə sosial şəbəkə istifadəçisi tədbirə dəvət olunub.
Mitinqin məqsədləri haqqında isə belə bir mətn yazılıb : “Əziz Həmvətənlər!
Demokratik Qüvvələrin Milli Şurası 18 avqust 2013-cü il tarixində saat 17:00-da Səbayılda 20-ci sahədə sürücülük məktəbinin həyətində
– azad və ədalətli seçkilər
– siyasi məhbuslara azadlıq
tələbləri ilə mitinq keçirəcək.
Evi sökülənlər, rüşvətə yox deyənlər, atəşkəs dövründə övladı şəhid olanlar, banklara kredit borcu olub ödəyə bilməyənlər, evsiz olub ev ala bilməyənlər, bir sözlə, özünün bu günü, övladının gələcəyi hakimiyyət tərəfindən əlindən alınanlar, bu, bizim birgə aksiyamızdır.
Hər kəsi bu mitinqdə fəal iştiraka çağırırıq!
Azad gələcəyimizi qurmaq öz əlimizdədir!”
Mitinqin zamanı 18 avqust saat 17:00-da , yeri isə 20-ci sahədəki sürücülük məktəbinin həyəti göstərilib.


