Avqustun 12-i Demokratik Qüvvələrin Milli Şurası növbəti sessiyasını keçirib. Toplantıda müzakirələrin nəticəsi olaraq Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun sona qədər dəstəklənməsi qərara alınıb. Bundan başqa Milli Şuranın ilk kütləvi aksiyasının və növbəti sessiyasının vaxtı müəyyənləşdirilib. Aksiya avqustun 18-i saat 17.00-da, sessiya isə avqustun 19-na təyin edilib.
Avqustun 12-i eyni zamanda Milli Şuranın Təşəbbüs Qrpunun yaradılması və təşkilatın vahid namizədinin rəsmən irəli sürülməsiylə də yadda qalıb. Milli Şura üzvləri bundan başqa sessiyada Rüstəm İbrahimbəyovun onlara ünvanladığı son müraciəti də ətraflı müzakirə ediblər. Qərara alınıb ki, növbəti sessiyaya qədər Milli Şuraya daxil olan partiya sədrlərinin və təşkilatın komissiya sədrlərinin iştirakı ilə Rüstəm İbrahimbəyovun təklifləri əsasında məsləhətləşmələr aparılsın. Milli Şura üzvləri eyni zamanda ölkədəki mövcud ictimai-siyasi durum, son zamanlar demokratik düşərgəyə qarşı olan basqılar və yol verilən təxribatlarla bağlı münasibət bildirilməsini də vacib sayıblar:
– Milli Şura Nəsimi Rayon Məhkəməsinin Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində 15 sutka inzibati həbs qərarı verməsini pisləyir. Bundan başqa Tural Abbaslının təcridxanada əli qandallı saxlanılması, yeməkdən məhrum edilməsi kobud qanun pozuntusu kimi dəyərləndirilir. Milli Şura Tural Abbaslıya qarşı hakimiyyətin təzyiqlərinin onun siyasi mövqeyi ilə bağlı olduğunu bəyan edir və bu cür qanun pozuntularına son qoyulmasını, qanunu pozan şəxslərin cəzalandırılmasını tələb edir.
– Milli Şura bundan başqa avqustun 9-da naməlum şəxslərin AXCP sədri Əli Kərimlinin mənzilinə daxil olmasına da münasibət bildirib. Xüsusi xidmət orqanlarına bağlılığı şübhə doğurmayan şəxs və ya şəxslərin Əli Kərimlinin evinə girməsi oan qarşı baş vermiş növbəti təxribat, şəxsi həyata və siyasi fəaliyyətə açıq müdaxilə kimi qiymətləndirilir. Milli Şura bəyan edir ki, hakimiyyət uzun illərdir AXCP-yə və onun liderinə qarşı iyrənc kampaniya aparır. Milli Şura hesab edir ki, bu çirkin hadisənin arxasında Azərbaycanın siyasi hakimyyəti dayanır və Əli Kərimlinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədi güdür.
– Milli Şura eyni zamanda avqustun 6-da AXCP Ali Məclisinin üzvü, Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyeviin yaşadığı Muğamlı kəndində saxlanılaraq polis bölməsinə aparılmasını da pisləyib. Hakimiyyətinin Ağstafa rayonunda Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun iclasının keçirilməsi üçün müraciətinə cavab vermək əvəzinə təzyiqlərə başlaması hakimiyyətin seçkiylə bağlı saxtalaşdırmaq planlarını bir daha sübut edir. Sövdagar Mirsəquliyevin həbsi zamanı onun 7 yaşlı nəvəsinin də polis bölməsinə aparılması qanunların kobud şəkildə pozulması ilə yanaşı, siyasi mənəviyyatsızlıq kimi dəyərləndirilib.
– Milli Şura avqustun 13-də Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılmasını və “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasının təmin edilməməsini hakimiyyətin son zamanlar yürütdüyü repressiya siyasətinin tərkib hissəsi sayır. Milli Şura Azərbaycan hakimiyyətinin siyasi oponentlərinə və müstəqil mövqedə çıxış edən siyasi-ictimai xadimlərə qarşı yol verilən qanunsuzluqları pisləyir və siyasi motivlərlə həbsə atılanların dərhal həbsdən azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir. Milli Şura hesab edir ki, hər iki məhkəmə qərarı bir daha Azərbaycanda müstəqil məhkəmələrin olmadığını və məhkəmələrin siyasi sifarişlə hərəkət etdiyini göstərir.


