Mehman Əliyev: “Bir müddətdən sonra Milli Şuraya məxsus olan tanklar da tapacaqlar”
Virtualaz.org saytının yazdığına görə, MTN əməkdaşlarının həbs etdiyi sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev Milli Şuranın hərbi qanadının yaradılması ilə məşğul olurmuş.
Guya Milli Şura yaranandan sonra, o Azərbaycana qayıdıb və Eldar Namzovla sıx işləməyə başlayıb. Daha sonra məlumatda deyilir ki, bu iş üzrə istintaq başlayıb, Nicat Quliyevin bağ evindən 10 ədəd “Kalaşnikov” avtomatı, 6 döyüş qumbarası, hərbi sursat, xeyli sayda güllə aşkarlanıb.
Milli Şuranın İctimaiyytlə Əlaqələr komissiyasının rəhbəri Menman Əliyev “Azadıq”a açıqlamasında bildirdi ki, Hakimiyyətin Milli Şuraya münasibəti və bu birliyə qarşı apardığı qara piar göz qabağındadır: “Milli Şura yaranan gündən hakimiyyət qəzetləri, saytlar, telekanallar bütün gücü ilə əks-təbliğatla məşğuldu. Mən bu xəbərin yayılmasına da təəccüblənmirəm, normal qarşılayıram. Hakimiyyət hər zaman bu formada işləyir və bu kampaniya getdikcə güclənəcək. Bir azdan Milli Şuraya məxsus olan tanklar da tapacaqlar, dövlət çevrilişində ittiham edəcəklər. Ancaq istənilən ittihamın arxasında sübut, dəlil olmalıdır. Gözləyək, hüquq mühafizə orqanları araşdırma aparsınlar”.
Təcrübə onu göstərir ki, hakimiyyət hər zaman seçki ilində, çətin vəziyyətdə olanda rəqiblərinə “sürpriz” etməklə məşğul olur.
Milli Şura isə, iqtidarın kabuslu yuxusuna çevrilib. İndi bu yuxunun çin olmaması üçün bütün resurslarını işə salıblar.
Milli Şuranın özü yaranmamışdan qabaq, onun hərbi qanadını yaratmaq hakimiyyətin fantaziyasının genişliyindən xəbər verir.
İlham


