Lənkərana getmək istəyən müsavatçılar saxlanıldı

Bu gün Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər Masallıda yerli müsavatçılar üçün seminar keçiriblər. Bu barədə Gunxeber.com-a Müsavat partiyasının başqanının müşaviri Mustafa Hacıbəyli məlumat verib. Onun sözlərinə görə, seminar imza toplamaq üçün müəyyənləşdirilən şəxslər üçün təşkil olunub. M.Hacıbəyli bildirib ki, tədbirin keçirildiyi yer seminar boyunca demək olar ki, polisin və hakimiyyət nümayəndələrinin, öyrədilmiş adamların mühasirəsində olub: “İndi seminarı başa vuraraq Lənkərana həbsdə olan Yadigar Sadıqovun ailəsinə baş çəkməyə getmək istəyirik. Hər tərəfimiz polislə doludu. Bizi izləyirlər və Lənkərana buraxmaq istəmirlər. Burda vəziyyət çox pisdi polis mühasirəsindəyik”.

M.Hacıbəylinin Gunxeber.com-a verdiyi son məlumata görə, artıq müsavatçılardan 4 nəfəri saxlanılıb. Bunlar M.Hacıbəyli, Elman Fəttah, Valeh Hümbətoğlu və Xasay Səfəroğludu. Onlar Lənkəran polisinə aparılırlar.