Rusiya prezidenti Vladimr Putinin Bakı səfəri avqustun 13-ü axşam saatlarında başa çatıb. Onu Bakı aeroportundan baş nazirin birinci müavini Yaqub Eyyubov və başqa rəsmilər yola salıb.
Rəsmi danışıqlardan sonra səfərin, belə demək olarsa, qeyri-formal hissəsi də olub.
Əvvəlcə Putinlə Əliyev Bakıya “dostluq səfəri ilə gəlmiş” Rusiya Xəzər Donanmasının “Dağıstan” raket gəmisinə baxış keçiriblər. Onlar Bakı buxtasına eyni avtomobildə gediblər. Gəminin komandiri prezidentlərə gəmidəki silahlar, nun texniki-taktiki xüsusiyyətlərindən danışıb. Sonra dövlət başçıları burada yan almış Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin gəmisinə qalxaraq baxış keçiriblər. Prezidentlərə xatirə suvenirləri təqdim olunub. Rusiya gəmisinin komandiri dövlət başçılarına matros papağı, köynəyi və gəmidən həyata keçirilən ilk raket buraxılışının fotoşəkilini hədiyyə edib.
Sonra prezidentlər Dağüstü Parkda olub, İçərişəhərdə piyada və elekromobildə gəzib, burada kafelərin birində ənənəvi təndir çörəyindən dadıblar.
Sonda Vladimir Putinin şərəfinə Azərbaycan prezidenti adından rəsmi nahar verilib.
Rəsmi nahardan sonra İlham Əliyev Putini evinə qonaq dəvət edib. Onlar çay süfrəsi ətrafında ikitərəfli münasibətlərin aktual məsələlərinin müzakirəsini davam etdiriblər.


