Biz yaşaya bilirikmi?

Hər gün ölmədiyimizi görmək, yaşamağımız anlamına gəlmir

İlham Hüseyn

Yaşadığımız ölkənin və müşahidə etdiyimiz ölkələrin reallığında görürük ki, “yaşamaq” anlayışı müxtəlif cəmiyyətlərdə, müxtəlif cür qarşılanır. Ədalətsizliyin, hüquqsuzluğun, talançılığın, təhsilsizliyin hökm sürdüyü ölkələrdə “YAŞAMAQ” haqqında düşüncələrin yanlış olduğunu görürük. Əslində isə, yaşamağın tərifi, hər gün sağ qalmaq deyil.

İsraf olunmuş ömür

Bizim ölkədə insanlar gündə 3 dəfə yemək yeməyi, yaxınların xeyir-şər məclisində iştirak etməyi, ailə qurmağı və övlad dünyaya gətirməyi bilirlər. Bunlar vacib amillərdi. Ancaq bu sadaladıqlarımı yaşaya bilməyənlər də bacarır. Cəmiyyətdə nə qədər şərəfsiz, vicdanını pula satan, özünə xəyanət etmiş insanlar var. Ancaq onlar da ailə qurur, övlad sahibi olur, hər gün qidalanır. Deməli, yaşamaq hələ cəmiyyətdə ömür sürmək deyil. Insana xas olan yaşamaq, qeyri-insani həyatdan imtina etməklə müəyyənləşir. Yəni zülmə, köləliyə, ədalətsizliyə etiraz etmək, yaxşı təhsil almaq, mütaliə etmək, cəmiyyətə yararlı olmaq, təbiəti qorumaq və s. düşüncə daşıyıcıları insana xas olan yaşamı seçirlər.
Bütün həyatı evə ət almaqdan, qazandığı pulu yığmaqdan ibarət olan adamlar, yaşamağa vaxt tapmırlar. Hətta yaşamağın “resept”ini də tapmırlar. Beləliklə, bir dəfə verilmiş ömür israf olunaraq sona çatır. 

Səhvi anlamamaq bəlası

Insanlar 50, 60, 70 il yaşayırlar. Ancaq bu müddət ərzində səhvlə-düzü, yaxşıyla-pisi, yalanla-gerçəyi ayıra bilmirlər. Bəzən buna cəhd də etmirlər. Bu faciəli tendensiya bizim ölkəmizdə daha kütləvidir və artan xətlə gedir. “Ac qulağım, dinc qulağım” məntiqi bu ölkədə məğlubiyyətə uğrayıb. Çünki ac adamın dincliyi olmur. Bu aclıq insanı oğurluğa, quldurluğa, yaltaqlığa sürükləyir. Yəni cəmiyyət üçün, ölkə üçün etməli olduğumuz işlərdən kənarda qalmaq, həyatımızı qorumaq anlamına gəlmir. Hər kəs bilir ki, bu ölkədə əsl müxalifətçi olmaq, satılmamaq, hakimiyyəti sərt tənqid etmək təhlükəlidir. Adamı öldürə, tuta, döyə bilərlər. Ancaq bu ölkədə siyasətlə məşğul olmayanlar da, eyni faciələri yaşayır və daha pis reallıq ilə üz-üzə qalır. Hər gün onlarla insan avtomobil qəzasında dünyasını dəyişir, hər gün yeni əsgər ölümlərinə şahid oluruq, hər gün intihar, hər gün qətl xəbərləri eşidirik. Və bu ölümlər siyasi fəaliyyətin göstəricisi deyil. Biz, haqqımızı tələb etməyin təhlükəli olduğunu düşünürük, bütün həyatımız boyu təhlükə risqi altında yaşadığımızı isə düşünmürük. Bu gün həlak ölən əsgərin haqqını istəyiriksə, bunu hamı etməlidir. Çünki sabah sənin də, onun da övladı, ölüm konveyrinə çevrilmiş orduda xidmət edəcək. Yanlış düşüncəmiz, təkcə özümüzün deyil, övladlarımızın, nəvələrimizn, yaxınlarımızın həyatına da öz “diaqnoz”unu qoyur.
Bu ölkədə siyasətlə məşğul olmaq niyə vacibdir?
Söhbət hər kəsin peşəkar siyasətlə məşğul olmasından, siyasətçi karyerasına başlamasından getmir. Ölkədəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməkdən gedir.
Bu, iki baxımdan vacibdir.
Birinci, məsələyə mənəvi-əxlaqi tərəfdən yanaşmaq lazımdır. Haqsız yerə həbs olunmuş, ədalətli bir ölkədə yaşamaq istədiyi üçün məhrumiyyətlə üzləşmiş, korrupsiyaya etiraz etdiyi üçün zorakılığa məruz qalmış insanlara yardım etmək, həmdəm olmaq insana xas olan keyfiyyətdir. Vicdanı olan, nəfsinə qalib gələn insan bütün bu sadaladıqlarımın qarşısında sakit qala bilməz. Yəni mübarizənin önündə olmaq üçün özündə cəsarət tapmayan insan, həbs olunmuş şəxslərə kömək edə, onların ailələrinə yardım göstərə bilər. “Mən bu yolla xidmət göstərəcəm” fikrini özümüzə şüar etməliyik.  Hər kəs bacardığını etməlidir. Bu həm də əxlaq məsələsidir. Bəli, əxlaqlı insan yalana, yaltaqlığa, şər-böhtana etiraz etməyə məhkumdur.
Ikinci məsələ şəxsi firavanlıqla bağlıdır. Yəni ölkənin sərvətinin bir qrup tərəfindən yağmalanmağı siravi vətəndaşa heç bir perspektiv vəd etmir. Ünvanlı sosial yardım alan ailə, hər 6 ayın pulunu rüşvət verir, övladı tələbə adını qazanmış valideyn hər il 2000-3000 manat təhsil haqqı ödəyir. Özünə kiçik biznes qurmuş şəxs, onlarla ünvana “haqq” çatdırır. Sahibkarlıqla məşğul olanlar gömrükdə fantastik vergilərlə üzləşir. Bu siyahını uzatmaq da olar. Yəni haqqımızı tələb etmək bu kimi neqativ halların aradan qalxması üçün vacibdir.

Bizi necə aldadırlar?

Mövcud hakimiyyət 20 ildir bu millətin beynində “məndən sonra gələn, məndən də pis olacaq” təfəkkürünü formalaşdırıb. Etiraf edək ki, buna nail də olub. Ancaq bu düşüncədə böyük bir “köləlik” yatır. Yəni “mən bu oğruya ona görə dözürəm ki, bundan sonra gələn də oğurlaya bilər” məntiqi, etiraf edək ki, sağlam düşüncənin məhsulu deyil. Təsəvvür edin ki, evinizə oğru girib və siz bu oğrunu görürsünüz. Və düşünürsünüz ki, özümü görməzliyə vurum, yığıb aparsın. Çünki sabah evə başqa bir oğru da girə bilər və evi tamam yığıb aparar.
Bu, sizə real görünürmü? Bizi hansı düşüncəyə köklədiklərinin fərqindəsinizmi?
Bizə təlqin edirlər ki, gələcəkdə ehtimal olunan oğurluğa görə, bu gün real olan oğurluğa dözün. Buna görədir ki, bu ölkədə bir çox adam Ilham Əliyevin villasını unudub, Əli Kərimlinin maşınından danışır. Milyardlar oğurlayanı mühakimə etməyib, manatla əlləşənlərin maliyyə mənbəyini axtarırıq. 
Biz bir şeyi unuduruq ki, hətta Əli Kərimlinin və digərlərinin pis olması, rejimin yaxşı olması demək deyil.  Fakt budur ki, ölkənin milyardlarını oğurlayan, insanların şəxsi mülkiyyətinə təcavüz edən, korrupsiyanı inkişaf etdirən müxalifət və onun liderləri deyil. Ölkəni indiki dönəmdə idarə edənlərdi. Yaxud müəllimin, həkimin, elmi işçinin, təqaüdçünün dilənçi maaşı alması müxalifətin günahı deyil. Siz, oğurlayanı görürsünüz, ancaq oğurlayanın işarə etdiyi adamı suçlayırsınız. Bizi bu qədər inandırıcı olmayan “nağıl”larla aldadıblar.
Bu ölkədə bütün vicdanlı insanları ermənipərəst, ünsür, vətən xaini adlandırırlar. 
Bəs, bu “müqəddəs”lər sizin üçün nə edib?
Müxalifəti yarıtmaz idarəçilikdə suçlayanlar, sizə muzeydən, parkdan, idman kompleksindən, müddəti başa çatmamış uçan yollardan başqa nə verib?
Bu rejim 20 illik zaman kəsiyində övladınıza mükəmməl təhsil, köçkünlərə itirilmiş torpaq, etibar edəcəyiniz səhiyyə, ev almaq üçün yüksək maaş verdimi?
Əvəzində isə rejim sizə, içində boğulduğunuz kredit faizlərini, marketlərdə adınıza olan nisyə dəftərlərini, kişilərinizin Rusiyanın çöllərində hədər gedən ömrünü və içinizdə boğulan arzuları verdi.

Yaşamağa tələsək

Bəli, aldadılmağı qəbul etmək, oğrulara əl çalmaq, yalanla birgə addımlamaq, yaşamağımıza mane olur. Özümüz də, övladlarımız da yaşamağın əsl tərifini öyrənməkdən məhrum oluruq. Qarşıda ölüm var. Bəlkə də ölüm həyatın bizə hədiyyəsidir. Bu hədiyyəni ŞƏRƏ bağışlamayaq.
Biz, yaranmışların ən alisiyik. Ölə-ölə yaşamaqdan imtina edək. Insan kimi yaşamağa tələsək. Əks halda 20 ildir oğurlamağa tələsənlər, ömrümüzü oğurlamağa davam edəcək.