Azərbaycan yeni işğal ərəfəsində

Milli Şuranın prezidentliyə namizədi Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından rəsmən üzülüşməsi prosesinin bu qədər uzadılması bu ölkəyə yaxşı heç nə vəd etmir və mənə elə gəlir ki, bu gün hər bir Azərbaycan vətəndaşı, dövlətin başında duran şəxsdən müxalifət liderlərinə qədər hər kəs yaxşı-yaxşı düşünməlidi. Narahatlıq üçün çox ciddi əsas var. Təbii ki, söhbət bu vətəni, bu dövləti sevdiyini iddia edənlərdən gedir. Sevməyən, onsuz da sevmir. Istər şüurlu şəkildə sevməsin, istər şüursuz. Fərq etməz, onsuz da hər ikisinin arxasında şüursuzluq dayanır.

Məsələni ciddi edən nədir? Söhbət Ibrahimbəyovun simasında konkret bir şəxsin, bir azərbaycanlının vətəndaşlıqdan imtinasını bu qədər uzatmaqdan, ləngitməkdən getmir. Işin şəxsən Rusiya prezidentindən və məhz bu məqamda asılı olması prosesə çox önəmli əhəmiyyət qazandırır və ona hardasa tünd geosiyasi rəng qatır.

Əgər vətəndaşlıqdan imtina ərizəsi yazan hansısa Məmməd olsaydı, əlbət, Rusiya prezidenti heç bu məsələdən xəbər tutmaz, ona təqdim olunan sənədə gözüyumulu imza atardı. Lakin artıq bütün dünya bu imtina edən şəxsi bu dəfə artıq yeni keyfiyyətdə – Azərbaycanın gələcəyi üçün taleyüklü bir şəxs kimi tanıyır və indi Azərbaycanla azacıq siyasi-iqtisadi ilişgisi olan bütün dövlətlərin nəzərləri bu şəxsin – yəni Milli Şuranın vahid namizədinin addımlarına fokuslanıb. Təbii ki, Vladimir Putin də bunun fərqindədi, hətta bundan min dəfə artıq əlinə keçən kozrlarından necə istifadə edəcəyini düşünür. Situasiya Rusiya üçün çox parlaq perspektivlər açır. Hətta tarixi boyu azadlıqların, indiki çağda demokratiyanın jandarmı libasını sevə-sevə quruluşdan-quruluşa, hakimiyyətdən-hakimiyyətə ötürən Rusiya Şərqin qapısını təkrar ələ keçirmək üçün yaranmış növbəti fürsətdən tam gücüylə istifadə etməyə çalışır. Elə buna görə də Ibrahimbəyovun işi uzanır. Necə deyərlər, istintaq davam edir.

Azərbaycan öz müstəqilliyi tarixində ilk dəfə bu cür birliyə nail olub. Bütün çətinliklərə baxmayaraq, Milli Şura yaranıb, sədri seçilib və bütün umu-küsülər bir yana qoyularaq vahid namizəd ideyası gerçəkləşdirilib. Demək ki, yerli avtoritar rejim üçün ilk dəfə ən təhlükəli şərait yaranıb. Bu da Putinin əlinə işləyib, onun Azərbaycana təsir imkanlarını birə yüz artırıb. Artıq dünyanı saymayacaq qədər arxayınlaşmış heydərizm Putinin qarşısında diz çökmək həddinə enib. Ibrahimbəyovun sənədlərini gecikdirib onun namizədliyinin qəbul edilməsinə mane olmaqla Putin Əliyev qarşısında böyük jest etdiyini sərgiləyir. Üstəlik, qarşı günlərdə donanmayla-zadla ölkəmizə gəlməsi gözlənilir və onun öz həmkarından istəyəcəyi şeylər hardasa bu ölkənin yenidən işğalına bərabərdi. 

Məsələ ondadı ki, eyni anda, ama fərqli amplualarda həm Putin, həm Əliyev çox yanılır. Putin bu addımı ilə, yəni Ibrahimbəyovun işini uzadıb onu sıradan çıxarmaqla Azərbaycan xalqının şəksiz qənimi adını həm öz üstünə götürür, yəni xalqın hələ uzun illər bu bataqlıqda qalmasını təmin edir, həm də rus və Azərbaycan xalqının dostluğuna balta çalmış olur, bütün keçmiş işğalları bir də bu xalqın yaddaşında təzələyir, 20 Yanvar qırğınını, Xocalı faciəsini, 2003 ssenarisini hafizənin üst qatına keçirir, bununla da düşmənçiliyin bərpa olunmasına zəmin yaradır. Halbuki xalqların təbii qardaşlığı ideyası bütün dövləti maraqlardan üstündü və Putinin bu dəfə buna nail olmaq imkanı yaranmışdı. O isə, görünür, təkrar işğalı seçir. Nəticə nə olur-olsun. 

Əliyevin səhvi isə ölkəsinin maraqlarını öz merkantilizminə qurban verməsindədi. Söhbət vətənin taleyindən gedirsə, hər kəs öz maraqlarından geri çəkilməyi bacarmalıdı.

“Putinin gəlişi ilə bağlı yollar bağlanacaq” – saytlar xəbər verir. Bağ, bağ… bağlanan Azərbaycanın yoludu. Gələcəyə və Qarabağa gedən yolu…

Beləliklə, bu vətənə qıymayın, bəylər…