Sakinlər susuzluqdan məhv olan təsərrüfatları üçün bələdiyyə qarşısında etiraz ediblər
Rayonun 7 kəndi ermənilərin verdiyi suya möhtac qalıb
Tərtərin Seyidimli, Xoruzlu,Kəngərli, Qaravənd, Bala Kəngərli, Böyük Kəngərli, Kolanı kəndlərinin sakinləri susuzluqdan əziyyət çəkirlər. 12 avqustda Seyidimli kəndinin bir qrup sakini bələdiyyə qarşısında etiraz aksiyası keçiriblər. Onlar kəndə artezian quyularının çəkilməsini tələb ediblər.
Seyidimli kənd sakini Nəsib Vəliyev “Azadlıq” a deyib ki, ermənilər Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarından gün ərzində 2 saat su verirlər. Su yalnız məişətdə istifadə olunmağa kifayət edir. Təsərrüfatçının 40 hektar meyvə bağı susuzluqdan yanıb. “7-8 ildir bu vəziyyətdəyik. Şəhərdən kəndə içmək üçün su gətiririk. 3 tonluq çəni doldurmaq üçün 10 manat pul veririk. Hər dəfə 10-20 nəfər İcra Hakimiyyətinə gedib, təzə artezian çəkilməsini istəyirik, amma “hə” deyib, heç nəyi həll eləmirlər”.
Təsərrüfat sahibi deyib ki, bu il təsərrüfatına 50 min ziyan dəyib. O, 70 nəfər işçisinin əmək haqqını verə bilməyəcəyini deyir. “ Gərək evimi satıb işçilərimin pulunu verim. Mən 70 ailəni dolandırıram. Onların məvacibi işlədikləri müddətə görə 1200-2000 manat edir. Bizim işimiz Allaha qalıb”.
Seyidimli bələdiyyəsinin vergi müfəttişi Tünzalə Məmmədova “Azadlıq” a deyib ki, 6 minlik əhalisi olan kəndin 3 artezian quyusu var. Bu quyular da sakinlərin suya olan tələbatını qarşılamır. “Mən də burada yaşayıram və çiyələk təsərrüfatım var. Susuzluqdan təsərrüfatım məhv olur. Hər gün ermənilərin Sərsəngdən göndərdikləri suyu içirik. O su da sapsarı rəngdədir, durultmaq üçün qoyanda üstü köpüklənir. Bura da camaat şikayətə gəlir ki, təsərrüfatımız məhv olur. Keçən dəfə bir sakin gəlmişdi ki, 20 hektar sahəyə 10-20 min pul xərcləmişəm, əkdiyim meyvə ağacları susuzluqdan quruyur”.
Bələdiyyə işçisi deyib ki, Sərsəng su anbarından gələn suyu içən bir ailə qotur xəstəliyinə tutulub. “Hər gün sakinlər etiraz edib, yolu kəsirlər. Bələdiyyə sədri də Bakıdadır. İcra başçısı da deyir ki, yaxın vaxtlarda bir artezianın çəkilişi planlaşdırılır. Bu gün də camaat bələdiyyə qarşısında aksiya keçirdi. Onları daha sakitləşdirmək olmur”.
Bələdiyyənin nümayəndəsi deyib ki, kəndlərdə suyu pulla alırlar. Bir çəni doldurmaq 25-30 manata başa gəlir. Bu da bir gün ərzində bəs edir. “Bir dənə artezianımız var, onun da için zir-zibillə doldurublar. Əgər onun içi təmizlənsə, o sudan 200-300 ailə istifadə edə bilər. Bu da yalnız içməli su üçündür, təsərrüfata da su lazımdır”.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun köməkçisi Camal Orucov “Azadlıq” a deyib ki, kəndlərdə su problemi mövcuddur. “Ermənilər gün ərzində su vermirlər. Ən yaxşı halda gündə 1-2 saat su göndərirlər. Susuzluqdan kənd təsərrüfatına çox ziyan dəyib. Bəzi kəndlərdə artezian quyuları qazılıb. Yaxın vaxtlarda digər kəndlərə də su vurulacaq”.
İcra başçısının kənd təsərrüfatı üzrə müavini Xatirə Məmmədova qəzetimizə deyib ki, kəndlərə artezian quyularının vurulmasına Nazirlər Kabineti, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti baxır. “Biz həmin qurumlara artezian quyularına ehtiyacımızın olması ilə bağlı təkliflər veririk. İndi artezian quyularının ümidinə qalmışıq. Ehtiyac çox böyükdür. Bir-iki aya sərhəd rayonlarında ( Qazıyan, Dəmirçilər, Təzə kənd, Borsunlu X.M.) 4 artezian quyusu hazır olacaq. Bu artezianlar ancaq içməli suyu qarşılayacaq. Digər kəndlər də növbə ilə su ilə təmin olunacaqlar. Bu il 27 rayonda artezian quyuları qazılıb ki, onlardan 7-si Tərtərə düşür”.
Qeyd edək ki, Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Su anbarı Respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Sevinc Vaqifqızı


