Milli Şura ətrafında yaranan vəziyyəti bilməmiş olmazsınız. Qurumun prezident seçkilərindəki namizədi Rüstəm Ibrahimbəyov hələ də Bakıya gələ bilməyib, üstəlik, onun seçkidə iştirakı ilə bağlı sənədləri qaydaya düşməyib. Kimlərsə papaq atıb sevinir, kimlərsə kədərlənir.
Mən hakimiyyətə aşkar əl çalanları, onun hətta müxalifət sıralarına qədər yayılmış gizli əlaltılarını demirəm. Vəziyyəti ağırlaşdırmaq və daha ağır təqdim etmək onların ödənişli vəzifəsidir. Amma son günlər Milli Şura ideyasına səmimi olaraq dəstəkləyənlər arasında da tam bədbin olanlar var – onlar düşünür ki, bu layihə də uğursuzluqla bitə bilər…
Yəni vəziyyət bu qədərmi ağırdır? Buna qərar verməmişdən öncə gəlin yada salaq ki, vəziyyət əvvəldən də yüngül deyildi. Biz elə onu yüngülləşdirmək istəyirdik. Ağırlığın əsas səbəbi Milli Şurada və tutaq ki, bəzilərinin dediyi kimi, onun dalana girməsində deyil. Bütünlükdə Azərbaycan özü illərdir dalana girib. Təbii ki, Milli Şuradan kənarda olan qüvvələr də eyni ağırlıqla üz-üzədir. O cümlədən aparıcı partiyalar özlərinin seçkilərdə iştirakı ilə nəsə edəcəyinə tam əmin olsaydılar, Milli Şuraya yaxın gəlməz, əvvəldən heç kimin çağırışını vecinə almayıb seçkiyə gedərdilər. Obyektiv çətinlikləri danmaq mümkün deyil…
Namizədi ölkə içində azadlıqda olan da, türmədə olan da, ölkəyə gələ bilməyən də o qədər fərqli durumda deyil. Hakimiyyət heç kimə şans tanımır, heç kimə hərəkət üçün imkan vermir. Üstəlik, cəmiyyət bizim istəyimiz qədər dirilməyib, seçkinin özünə də inam illərdir çox zəifdir və s. Bax, belə bir durumda birlik çarə kimi düşünülüb. Başqa bir yol da bunun alternativi deyil. O həm gücləri toparlayır, həm də xalqda dəyişikliyə ümidi artıra bilir. Belə durumda birlik az qüvvə ilə böyük yükü qaldıran lingə bənzəyən siyasi alət kimi qəbul edilir.
Milli Şura da ona görə yaranıb – arzulanan birliyin mümkün olan ən yaxşı formasıdır. Indi burada problemlər varsa, bu yolun düzgün olmadığını kimsə iddia edə bilməz. Bütün başqa yollar onsuz da uğura aparmır. Nə də ölkədə böyük əksəriyyəti arxasınca aparan bir qüvvə yoxdur ki, böyük birliyə ehtiyac qalmasın. Bu halda bizim çətin, amma çıxış yolu vəd edən birlik yoluna baş vurmağımız nəinki gümanımız, hətta vəzifəmiz idi.
Bəs dalana girmiş Azərbaycana çıxış yolu axtarmaq istəyən Milli Şura özü niyə dalana girdi? Çünki tam birlik yarada bilmədi. Model olaraq idealdır, ən yaxşısıdır. Amma gerçəkdə isə ilk gündən fərqli fikirlər, fərqli qərarlar, fərqli maraqlar, fərqli namizədlər tam yox olmadı. Rüstəm Ibrahimbəyovun ölkəyə gəlişi ilə yox olmalı idi, amma hələ bu da reallaşmayıb…
Həqiqi birlik qurulsa, Rüstəm Ibrahimbəyovun seçkidə iştirak edə bilməməsi də problem olmaz, birlikdə çıxış yolu tapılar. Qəbul edərsiniz ki, vahid namizədin sənədləri yerində olsa, bu halda da namizədliyi qeydə alınmaya bilər. Üstəlik, bu cür problemlər hər kəslə yarana bilər. Bu hallarda vəziyyətdən çıxış yolu birlikdə adekvat qərarlar qəbul etməkdir. 2003-cü ildə Heydər Əliyev hakimiyyəti Heydər Əliyevin yoxluğu ilə seçkiyə getdi, amma məhz birliyi saxlamaq hesabına, heç kimin inanmadığı halda onun oğlu padşahlığa gətirildi, hakimiyyət də saxlanıldı. Hətta 21-ci əsrdə monarxiya qurmaqdan belə çəkinmədilər, bir oldular, tərəddüd etmədilər, yenə də Azərbaycana bəla olmaqda davam edirlər.
Birliyə bizim daha çox ehtiyacımız var. Milli Şura da yaranmış durumdan yalnız birlik modeli ilə (kimliyindən asılı olmayaraq vahid namizədlə) çıxa bilər. Bunun əksi heç bir uğur vəd etmir. Baxmayaraq çoxumuz bu yolun gücünə tam inanmırıq, çünki hələ həqiqi birliyi görməmişik.