Polisin vicdanı varsa…

Vallah, bu ölkədə elə şeylər baş verir, hadisələr o qədər dəqiq ölçülüb-biçilmiş süjet və kompozisiya üzrə gedir, elə ümumiləşdirilmiş təsir bağışlayır ki, deyirsən, hazır romandı. Bəlkə elə buna görədi ki, bu gün öz dünyası olmayan, bəli, məhz öz dünyası olmayan Azərbaycan oxucusu ədəbiyyata maraqlı deyil, kitab oxumur. Öz dünyası olanlar üçün gerçəkdə baş verənlər bədii cəhətdən maraqsızdı, zövq vermir, düşündürmür, yaxşı halda kədərləndirir və uzaq başı acı statistikadan başqa bir şey deyil. Lakin öz dünyası olmayan, bədiyyata iktahla baxan oxucu həmişə hadisələrin bir başa içindədi – evini uçururlar, əmlakını əlindən alırlar, şərləyib tuturlar, rüşvətsiz heç bir işini aşıra bilmir və bunun üçün para tapa bilmir, bütün bunlara görə intihar və ya intihara cəhd eləyir, yəni qısaca desək, statik azərbaycanlı.

Onun üçün içində girinc-giriftar olduğu ümumi dünya var, o ümumi dünyada çəkdiyi əziyyətə görə daim nəsə xəbər intizarındadı və kitaba da qəzet kimi yanaşır, kitabdan yeni xəbər, yeni bilgi, yeni hadisə gözləyir. Ancaq xəbərin ən dramatiki, hadisənin ən konfliktlisi onun və onun kimi adamların həyatıdı. Əlbəttə, hadisələrin ədəbiyyatdan daha fantastik və operativ baş verdiyi ölkədə kitaba maraq olmayacaq. Indi sizə bir əhvalat danışım. Bir dostumuzun başına gəlib. Daha doğrusu, bacısı oğlunun. Indi, özünüz baxın görün, romandı, ya yox. Dostum rəvayət edir ki, bacısı oğlu ciddi çətinliklərə düşübmüş. Sosial problemlər onu o qədər gücürləyib ki, bıçaq sümüyə dirənib. Burda əlbəttə, Azərbaycan oxucusu üçün təzə heç nə yoxdu, çünki hamı o gündə yaşayır və əzmlə susur. Bir yandan kəllə-çarx faizləri olan kredit borcları, o biri yandan gündə-gündə qapını kəsdirən başqa borclu olduğu kəslər. Söz verir tapacam, gətirəcəm, borcunuzdan çıxacam, sələmini ödəyəcəm, yalançı çıxır. Axı hardan gətirsin? Bir haşiyə çıxım. Çox dəyərli həkim qohumumuz var, danışırlar ki, onun üstünə biri gecə yarısı borca qaçır, deyir, təcili, elə bu dəqiqə pul lazımdı, kişi kimi söz verirəm, sübh tezdən gətirib borcunu qaytaracam. Bu da onun borcları qaytarmamaq üzrə məşhur bir tanışıymış.

Həkim deyir ki, qardaş, sübh tezdən qaytaracaqsanmı? Deyir, quran gətir əl basım. Qayıdır ki, daha niyə özünü bu qədər zülmə salısan, sübhün açılmasına nə qalıb? Elə bir-iki saat da gözlə, quqqulu-qu, sabah açıldı, götür o mənə gətirəcəyin pulu, get, işini həll elə… Adam haqlı. Iki saat da səbir eləmək nədi ki? Lap o pul çatdıracağın adam üçün də qurana əl bas, tezdən də apar pulunu çatdır. Ancaq hardan? Hə, bizim o bacıoğlu da zaman qazana-qazana, iş dalana dirənib və bir gün başa düşüb ki, intihardan başqa yol yoxdu. Gedib bazardan qəşəng kəndir alıb. Arayıb-axtarıb, şər qarışanda bir yarımçıq tikinti tapıb, özünü verib içəri, oturub vida məktubunu yazıb, səbəbləri izah eləyib ki, niyə özümü asıram və s. Ilgəyi hazırlayıb, kəndiri boğazına keçirib, elə həyatı ayağının altından itələmək istəyirmiş ki, arxadan iki nəfər qollarından yapışıb və bağırmağa başlayıb: “Hə, axır ki, bu tikintinin armatur oğrusunu ələ keçirdik!”. Məlum olub ki, polislərdi. Təbii ki, bunun bütün and-amanına baxmayaraq, şöbəyə aparıblar, cibindəki məktuba vız atmayıblar və rəisə məruzə eləyiblər: “Tərəfimizdən….” Bu iş çox uzun çəkib. Iki ay sonra qohum-əqrəbanın yığdığı pulla bunu həbsdən qurtarıblar. Məncə, izaha gərək yoxdu.

Indi evini kirayə verən bir polis, xanım jurnalist yoldaşımızdan istədiyini ala bilməyəndə, evindən dərhal çıxmağı tələb edib və dörd gün qabaq, gələn ay üçün aldığı 300 manat kirayə haqqından bir qəpik də qaytarmadan onu azyaşlı övladı ilə küçəyə atıb. Xanıma deyirəm ki, polisə şikayət elə, haqqını al. Deyir, lazım deyil, ona elə sözlər dedim, vicdanı olsa, gedib özünü asacaq. Ay asdı a. Bilmir ki, özünü assa onu tutarlar?..