Mən İsa Qəmbərin namizədliyini dəstəkləyirəm

İndiki soyuq savaş müstəvisində bu seçimin nəyi dəyişdiyini anlamaqda isə minlərlə adam çətinlik çəkir

Avtoritarizm öz-özünə yıxılmır. Onu yıxmaq lazım gəlir. Avtoritar rejimlərin yıxılması isə ağrısız başa gəlmir.

Avtoritarizm bir-iki ilin ərzində qurulmur. Bu cür rejimlər on illər ərzində cəmiyyətin çürüdülməsi hesabına qurulur. Cəmiyyətin bir qatı tamam-kamal çürüdülür, avtoritarizm bərqərar edilir. Bunu, sadəcə mexaniki şəkildə dərk etməyin. Avtoritar rejimlər on minlərlə, bəzən yüz minlərlə insanın məhv edilmiş ləyaqəti üzərində qurulur. Bu insanların ləyaqətini məhv etmək mümkün olmadığı halda, avtoritar rejim qurulmur, qurula bilmir.ÿAzərbaycanda avtoritar rejim qurulub. Deməli, bizim ölkəmizdə on minlərlə insanın ləyaqəti məhv edilib. Yoxsa, bu rejimi qurmaq mümkün olmazdı. Eyni zamanda, ölkədə cəmiyyətin bir qatının tamamilə çürüdüldüynə əmin olun.ÿ

Avtoritarizmdən xilas olmaq çox böyük bəlalar hesabına başa gəlir. Amma bu bəlaları yalnız o adamlar avtorizmdən qurtulmaq istəyənlərin ayağına yazmaq istəyir ki, həmin adamlar on minlərlə insanın ləyaqətinin sındırılmasında bu və ya digər şəkildə iştirak ediblər.ÿ

Avtoritar cəmiyyəti yalnız polis hesabına qurmurlar. Polis burada sonuncu, bəzi mənalarda hətta, ən urvatsız həlqədir. Avtoritar rejim cəmiyyətə sırınmış intellektualların hesabına qurulur.ÿ

Xüsusi ardıcıllıqla sadalamaq istəmirəm. Azərbaycanda avtoritarizm sovet hakimiyyətinin mirası olan “ziyalıların” hesabına quruldu. Amma ən qısa zaman ərzində bu prosesin davamı sovetizmə dəxli olmayan yeni nəsil “ziyalılar”ın çiyninə qoyuldu. Bu yeni nəslə dəxli olan böyük bir sürü isə bu yükü böyük məmnuniyyətlə öz çiyinlərinə aldı. Çünki örnək vardı. Bu şərəfsiz yükü daşımaqÿhavayı başa gəlmir, imtiyazlar tanınır, maddi nemətlər sel kimi də olmasa, damcı-damcı axıdılır, cəmiyyəti lənətləyən problemlərin heç biri astanada belə görünmür… Insan özünü böyük adam sayır… Ətrafındakıları isə… miskin. Bu, əlbəttə əlahiddə sosial-psixoloji məsələdir və mən indi bunun təfərrüatına varmaq istəmirəm. Avtoritar rejimə satılan insanların psixoloji durmunu dəyərləndirəcək psixoloqlarımız yoxdursa, Allah bizim hamımıza lənət eləsin.

17-ci əsrin ən pis hökuməti əvəzinə…

Biz böyük dəyişikliklər ərəfəsindəyik. Cəmiyyətin nəinki bütün siyasi qüvvələri, hətta böyük əksəriyyətlə sıradan nəfərləri də qəti olaraq bilirlər ki, Ilham Əliyev ötən əsrin adamı olaraq hakimiyyətdən getməlidir. Yalnız, ötən əsrinmi? Heydərizm ötən əsrin deyil, ötən əsrlərin idarə üsuludur və bu idarəetmənin daşıyıcıları 21-ci əsr azərbaycanlılarının zəhləsini tökməden getməlidirlər. Amma bu cür hökumətlər getməzlər. Onlar ölkə vətəndaşlarını rəiyyət sayarlar və onların rəyini bir qara qəpiyə dəyərləndirməzlər. Elə buna görədir ki, bütün seçkilər saxtalaşdırılır; həm də daxili ictimai rəy qarşısında məsuliyyətə görə yox, beynəlxalq ictimaiyyətə hesabat vermək üçün saxtalaşdırılır.

Bu da bir yerə qədərdir. Dünya 21-ci əsri yaşayır. Azərbaycanda da, ola bilsin, 21-ci əsrin heç də yaxşı olmayan bir hökuməti qurulsun, amma 17-ci əsr misallı çox pis bir hökumətlə vidalaşmağın zamanıdır. Hətta “zamanıdır” yox, zamanı keçib.

Milli Şuranı devirməyə tələsmək lazım deyil

Azərbaycanda bu missiya Milli Şuranın üzərindədir. (Mənə elə gəlir ki, bu siyasi birləşmənin adını nahaq yerə “Demokratik qüvvələrin Milli Şurası” adlandırırlar. Bu elə, Milli Şuradır). Milli Şura ölkənin hakimiyyətsizlikdən xilasını təmin etməli, 21-ci əsrin ruhuna uyğun hökumət qurmalı, bunu ənənəyə çevirərək estafeti sağlam siyasi rəqabət üzərində qurulan yeni qüvvələrə verməlidir. Bu, Azerbaycanda bu zamana qədər mümkün olan ən böyük siyasi birlikdir. Bu zamana qədər bütün spektrləri birləşdirərək irticaçı Heydərist rejimə qarşı xalqı səfərbər etmək iddiasında olan başqa siyasi birlik olmayıb. Məsələnin məğzi də budur.

Mən böyük məmnuniyyətlə Isa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyə bilərəm. Amma bu, Azerbaycana heç nə vəd etmir. Hörmətli Isa bəy özü üçün seçki qərargahı yaradanda Milli Şurada təmsil olunan böyük siyasi güclərin heç birini oraya cəlb edə bilmədi. Amma həm Milli Şura ideyasının özü Rüstəm Ibrahimbəyovun adı ətrafında gerçək layihəyə çevrildi, həm də Rüstəm Ibrahimbəyovun prezidentliyə namizədlik faktı bütün siyasi qüvvələri tərəddüdsüz olaraq cəlb etdi.

Deməli, Milli Şura da, onun prezidentliyə namizədi də indiki avantürist və qeyri-siyasi hakimiyyəti nahaqdan narahat etmir. Ölkədəki bütün siyasi qüvvələrin mümkün alyansı hakimiyyəti hər zaman narahat edib. Hətta Milli Şuranın elan edildiyi son saatlara qədər də hakimiyyətyönlü təbliğat vasitələri bu birliyin yaranmayacağını, yaranmasının mümkünsüzlüyünü bəyan edirdilər. Amma yarandı. Milli Şura elan edildi, tərkibi müəyyənləşdi, strukturları formalaşdı. Ölkədəki bütün əhəmiyyətli siyasi güclər bu platformada birləşdiklərini elan etdilər.

Bu zamana qədər heç bir partiya belə nəhəng birliyin ÿtəminatçısına çevrilə bilməmişdi. O cümlədən də, Müsavat Partiyası. Belə çıxır ki, Milli Şura yalnız siyasi qüvvələrin kompromissləri nəticəsində meydana gəlməyib, həm də böyük ictimai tələbatın nəticəsində yaranıb.

Alternativ barədə hər zaman düşünmək olar

Alternativ namizəd haqqında hər zaman danışmaq olar. Amma bir qədər nəcib davranaraq, bu qədər nəhəng ictimai-siyasi birliyin təminatçısı olan insanı “yıxıb-sürümədən”. Hətta müxalifətə yaxınlığı ilə fərqlənən və ya fərqləndiyini iddia edən mətbuat vasitələrinin belə, alternativ namizəd ideyasına böyük iştahası Rüstəm Ibrahimbəyovun imicinin əsassız və haqsız olaraq ləkələnməsi prosesi ilə həmahəng görünür. Bağışlayın, amma hətta Rüstəm Ibrahimbəyovun namizədliyi ilə bağlı problem olacaqsa belə, o, Milli Şuranın sədri olaraq qalacaq. Bu qədərÿdovtələblik nəyə lazımdır ki? Prezidentliyə namizədin kimliyindən asılı olmayaraq, seçki kampaniyasının ağırlığı Rüstəm Ibrahimbəyovun üzərində qurulacaq, axı.

Belə görünür ki, Rüstəm Ibrahimbəyovun prezidentliyə namizədliyi əvəzinə hansısa “alternativ namizədlik” axtaranlar bəri başdan elan etmiş sayılırlar ki, onlar Rüstəm bəyin mövcudluğu şərtində seçkinin gedişi zamanı müxalifətin seçki siyasətini sabotaj edəcəklər.

Amma axı, söhbət alternativdən gedirsə, nədən dərhal belə qənaət yaranmalı və ya yaradılmalıdır ki, bu “alternativ” hökmən “prezidentliyə alternativ namizədin tapılması” demək olmalıdır. Alternativ, həm də o deməkdir ki, Milli Şura öz namizədi ilə bu seçkilərə qatılmaq (Azərbaycanda siyasi hakimiyyəti bərqərar etmək) üçün hansı alternativ taktikaları müəyyən edə bilər.

O mətbəxdən heç nə götürmək lazım deyil

Milli Şura, gücdür. Gerçək siyasi güc. Bu gücü şantaj etmək yolu ilə onu geriyə çəkilməyə hakimiyyət məcbur edə bilmirsə, müxalifət daxilindən də buna cəhdlər olmamalıdır. Missiyası Azərbaycanda qanunsuz hakimiyyətə son qoyub legitim siyasi hakimiyyət yaratmaqdan ibarət olan bu güc şəxslərin deyil, cəmiyyətin iradəsinin ifadəçisidir. Elə buna görədir ki, hakimiyyət özünün bütün birbaşa və ya dolayı informasiya xidmətlərini bu gücün gözdən salınmasına səfərbər edib. Elə buna görədir ki, hətta YAP-ın lideri və prezidentÿIlham Əliyev də ölkəni oğrun xarici səfərlər faktı qarşısında qoyaraq özünə beynəlxalq təminatlar axtarmağa gedir.

Milli Şuranın Rusiya proyekti olmasıyla bağlı bütün mülahizələri isə demoqogiyadan (ən yaxşı halda) başqa heç nə adlandırmaq mümkün deyil. Ən pis halda isə, bu, iqtidar mətbəxində hazırlanan və dövriyyəyə buraxılan reseptdir. Axı, Milli Şuranın, guya Rusiya layihəsi olduğu haqqında mənasızÿtezis, bir neçə ay bundan əvvəl, məhz, orada hazırlanıb və hamının gözü qarşısında bu tezis iqtidarın təbliğat vasitələrində səsləndirilib.

Hikkə heç zaman doğru taktika müəyyən etmir

Nəhayət, bir daha alternativ namizəd haqqında. Mənə elə gəlir ki, alternativ axtarışında və ya iddiasında olan dostlarımız öz istək və iddialarının həyata keçməməsi üçün mümkün olan bütün variantlardan istifadə edirlər. Məsələn, bu şəkildə ki, müxalifət daxilində mümkün olan yeganə müttəfiqə qarşı savaş açmaqla. Bir qədər açıq danışsaq, nəzəri baxımdan (elə həm də praktik baxımdan) Isa Qəmbərin prezidentliyə namizədliyində israr edə biləcək yeganə siyasi lider AXCP sedri Əli Kərimli, bu namizədliyin ictimai rəydə təsdiqi üçün ciddi çaba göstərə biləcək ən nüfuzlu mətbuat vasitələrindən biri isə “Azadlıq” qəzetidir. Onsuz da, Isa Qəmbər müxalifət daxilində olduqca gərgin qarşılıqlı münasibətlərin müstəvisindədir. Etiraf etmək lazımdır ki, bu gün Milli Şurada təmsil olunan Rəsul Quliyev, Lalə Şövkət və başqa bir çox liderlərlə Isa Qəmbər arasında münasibətlər qibtə edilməyəcək səviyyədədir və bu münasibətlərin məhz, bu şəkildə formalaşmasında, Əli Kərimlinin heç bir günahı yoxdur. Əksinə, bu liderlər arasında qarşılıqlı münasibətlərin pisləşdiyi bütün mərhələlərdə Əli Kərimli ilə Isa Qəmbər arasında müttəfiqlik qorunub saxlanılıb, daha işgüzar xarakter alıb.

Indi Isa Qəmbərin alternativ namizədliyini əsaslandırmaq və onun qaçılmaz olduğunu elan edənlərin məhz, Əli Kərimlini hədəfə almaları anlaşılmazdır. Belə çıxır ki, bu hücumlar iki mümkün sebəbdən birinə hesablanıb: 1.Isa Qembərlə və Müsavat Partiyası ilə işgüzar müttəfiqlik münasibətləri olan Əli Kərimlini və AXCP-ni bu münasibətlərdən kənarlaşdırmaq; 2.Əli Kərimlini və AXCP-ni şantaj edərək Isa Qəmbərin namizədliyini dəstəkləməyə məcbur etmək.

Açığı, məndə belə bir qənaət var ki, bu məqsədlərin heç biri nəticə etibarı ilə ən doğru taktika deyil.

Söyüş cəsarət, yoxsa məsuliyyət tələb edir

Bundan əlavə, şəxsi inciklik, şəxsi antipatiya, şəxsi düşmənçilik zəminində siyasi liderlərə qarşı təhqiramiz ifadələrə yol verməyi özümə rəva görməzdim. Isa Qəmbərdən tutmuş,.. hər kəs daxil olmaqla. Ümumiyyətlə, mətbuatda istənilən şəxsi istənilən qədər tənqid etmək üçün arqumentlər tapmaq mümkündür. Amma heç bir isterika aşkar təhqir mənbəyinə çevrilməməlidir. Söyüş – küçə ifadəsidir və mən onu mətbuata gətirməyin əleyhinəyəm. Hətta ən sərt yazılarımda belə kiminsə ünvanına açıq söyüş işlətməkdən çəkinməyə çalışmışam.

Yaxşı yadımdadır, 1993-cü ilin iyun qiyamından sonrakı mərhələlərdə alternativ ictimai informasiya məkanı olaraq ən cəsarətli mövqeyi ilə meydanda olan “Azadlıq” qezeti haqqında Müsavatÿ Partiyasının mətbuat katibi Mehman Cavadoğlu belə bir ifadə işlətmişdi: “Yaxşı ki, bu ərəfədə ”Azadlıq” var və bu qəzet ictimai fikrin zorlanmasının qarşısını aldı”… Hətta həmin gərgin zamanlarda ki, bütün hökumət resursları müxalifətə və onun liderlərinə qarşı ən yaramaz ifadələrlə hücuma keçmişdilər, onda daÿbiz opponentlərə qarşı təhqir və söyüş işlətmədik, özümüzə rəva görmədik.

Öz müttəfiqlərimizlə isə bu üslubla polemikaya girməyi heç, ağlımıza gətirmərik. Söhbət cəsarətdən getmir, məsuliyyətdən gedir. Yoxsa Isa Qəmbəri, Rəsul Quliyevi, Lalə Şövkəti, Mirmahmud Mirəlioğlunu,.. onlarla başqa müxalifət simalarını təhqir etmək üçün hansısa cəsarət lazım deyil axı…

Bu son mülahizələrin kiməsə və ya nəyə görəsə reaksiya kimi qəbul edilməsini arzu etmirəm.

Qənimət Zahid